Şirkətlər üçün daxili nəzarət sistemi – Təhlil

sirketler-ucun-daxili-nezaret-sistemi-tehlil
Oxunma sayı: 6844

2008-ci il dünya maliyyə böhranının nəticələri bütün biznes qurumlarında, o cümlədən maliyyə sektorunda da risklərin idarə edilməsi məsələsinə yeni bir yanaşmanı labüd edib.

Maliyyə institutları korporativ idarəetmənin təkmilləşdirilməsinə və eyni zamanda özlərinin maliyyə, likvidlik, kredit, əməliyyat, bazar, strateji, reputasiya və digər risklərin idarə edilməsi istiqamətində investisiyaların həcmini dəfələrlə artırmağa başlayıb.

İstənilən biznesdə strateji hədəflərə çatmaq üçün əsas sayılan amillərdən biri kimi daxili nəzarət sisteminin beynəlxalq aləmdə qəbul olunmuş standartlara uyğun yaradılması və bu sahədə uğur qazanmış aparıcı dövlətlərin təcrübəsindən istifadə olunması vacibdir. Qeyd etmək lazımdır ki, Azərbaycan sığorta bazarında da ildən-ilə artan rəqabət muhiti şirkətlər tərəfindən təqdim olunan məhsulların çeşidinin və xidmət keyfiyyətinin artırılması ilə yanaşı, şirkətlərin daxilində güclü korporativ strukturun və daxili nəzarət sisteminin formalaşmasını da tələb edir. Xüsusilə qeyd etmək lazımdır ki, “Risklərin qiymətləndirilməsi və idarə olunması prosesi” daxili nəzarət sisteminin əsas 5 tərkib hissəsindən biri hesab olunur ki, bunlara da nəzarət mühiti və şirkətin korporativ mədəniyyəti, risklərin qiymətləndirilməsi və idarə olunması prosesi, informasiya və kommunikasiya sistemləri, nəzarət proseduraları və monitorinq sistemi daxildir.

Daxili Nəzarət sistemi şirkətdə davamlı şəkildə aparılan bir prosesdir ki, bu da özündə həm nəzarət obyektlərini, həm də nəzarət subyektlərini birləşdirir. Beynəlxalq təcrübə göstərir ki, daxili nəzarət sisteminin effektiv fəaliyyəti üçün onun əsas iştirakçılarının, o cümlədən menecmentin, funksional nəzarətin, daxili auditin və risklərin idarə olunması bölməsinin parallel olaraq öz funksiya və səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməsi vacib hesab olunur.

Onu da qeyd etmək lazımdır ki, şirkətlərdə hətta daxili nəzarət sisteminin əsas iştirakçılarından hesab olunan daxili audit bölməsinin fəaliyyətinin son illərdə daha çox risk yönümlü audit istiqamətində aparılması beynəlxalq maliyyə institutları tərəfindən tələb kimi qoyulub. Eyni zamanda, korporativ idarəetmədə daha bir prinsipə əməl olunması da vacib hesab olunur ki, bu da ilkin olaraq risklərin idarə olunması bölməsi tərəfindən müxtəlif xarakterli risklərin müəyyən olunması və onların tənzimlənməsi üzrə nəzarət mexanizmlərinin yaradılmasına təkan verməsi, sonrakı mərhələdə isə daxili nəzarət sisteminin digər əsas iştirakçısı sayılan daxili audit tərəfindən yaradılmış nəzarət mexanizmlərinin adekvatlığının qiymətləndirilməsidir.

Ümumiyyətlə, dünya iqtisadiyyatının qloballaşması fonunda “Risklərin İdarə Olunması” bölməsi korporativ idarəetmənin tərkib hissəsi kimi nəinki təkcə maliyyə sektorunda, hətta iqtisadiyyatın digər sektorlarında da yaranmaqda davam edir. Hazırda dünyada baş verən bütün iqtisadi proseslər onu göstərir ki, böyük biznes qurumları rəqabətli biznes mühitində davamlı fəaliyyət göstərmək, biznesi inkişaf etdirmək və ya şirkətin maliyyə stabilliyini qoruyub saxlamaq üçün müxtəlif sayda kompleks tədbirlər proqramı işləyib hazırlayırlar. O cümlədən, biznes qurumları tərəfindən bütün daxili və xarici amillərin təsirindən doğan risklərin vaxtında aşkar edilməsi və həmin risklərin rasional idarə olunması məqsədilə daxili nəzarət mexanizmlərinin yaradılmasına hər il milyonlarla vəsait sərf olunur.

Şirkətlərdə mövcud güclü daxili nəzarət sisteminin vacibliyi ilə bağlı bir araşdırma faktını qeyd etmək yerinə düşər. Belə ki, tədqiqatçı şirkətlərin biri tərəfindən aparılan araşdırmada 17 ölkədə 20 müxtəlif sahələrdə fəaliyyət göstərən 140 böyük həcmli şirkətlər sorğuya cəlb olunub və respondentlər əsasən şirkətin daxili nəzarət sisteminin əsas iştirakçılarından ibarət olub (daxili audit rəhbərləri, risklərin idarə olunması bölməsinin rəhbərləri, maliyyə nəzarətçiləri və s.).Nəticəyə uyğun olaraq, respondentlərin 75%-i daxili nəzarət sisteminin gücləndirilməsi üçün investisiyaların artırılmasınınplanlaşdırıldığını qeyd ediblər.

Bir sıra aparıcı ölkələr tərəfindən 1990-2005-ci illər ərzində daxili nəzarət sisteminin rolunu gücləndirən və səlahiyyətlərini genişləndirən müxtəlif normativ sənədlər qəbul edilib. Buna misal olaraq, ABŞ-da “Sarbanes-Oxley Akt” (2002), Böyük Britaniyada “Cadbury Report” (1991), “Greenbury Code” (1995), “Combined Code” (1998-2003), “Turnbull Report” (1999) kimi sənədlər qəbul edilib. Bu sənədlər bu gün də öz aktuallığını saxlayır və beynəlxalq aləmdə nümunəvi sənədlər kimi tanınmaqdadır.

Azərbaycanda 2007-ci ildə qəbul edilmiş “Sığorta fəaliyyəti haqqında” qanunda sığorta şirkətlərində korporativ idarəetməyə qarşı olan tələbləri daha da sərtləşdirilib, eyni zamanda şirkətlərdə daxili nəzarət orqanlarının (Təftiş komissiyası, Daxili audit) yaradılması tələbi də qeyd olunub. Qanunda nəzərdə tutulan müvafiq tələblərsığorta şirkətləri tərəfindən bu gün də uğurla tətbiq olunmaqdadır.
Hazırda Azərbaycanın maliyyə bazarının ildən-ilə inkişaf etdiyini, qlobal dünya iqtisadiyyatına uğurlu inteqrasiyasını nəzərə alsaq, qeyd edə bilər olar ki, Azərbaycan bank sistemi digər iqtisadi institutlardan fərqli olaraq göstərilən sahədə, o cümlədən korporativ idarəetmənin tətbiqində və daxili nəzarət sisteminin təkmilləşməsində daha proqresivdir. Göstərilən tələblərin yerinə yetirilməsi istiqamətində Mərkəz Bank tərəfindən hazırlanmış və tətbiq olunan normativ sənədləri təqdirəlayiq hesab etmək olar.

Ümid edirik ki, yaxın gələcəkdə sığorta şirkətləri də qabaqcıl təcrübələrin tətbiq olunması, ciddi instisuonal dəyişikliklərin aparılması, o cümlədən mükəmməl korporativ idarəetmə sisteminin yaradılması üçün bütün mövcud resurslardan səmərəli istifadə edəcək.

Pərviz Quliyev
Azərbaycan Bank Tədris Mərkəzinin eksperti
Beynəlxalq Daxili Auditorlar İnstitutunun üzvü