“Sökülən evin əvəzinə 50 faiz daha böyük mənzil və iki qaraj veriləcək”

sokulen-evin-evezine-50-faiz-daha-boyuk-menzil-ve-iki-qaraj-verilecek
Oxunma sayı: 10583

“Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsi 24  ünvanında yerləşən yaşayış binası Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında qəzalı sayıldığı üçün binanın sökülərək yerində yeni bina inşa edilməsi nəzərdə tutulub”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Sabunçu Rayon İcra Hakimiyyətindən qanunsuz söküntü iddiaları ilə bağlı məsələyə münasibət bildirilərkən deyilib.

Qeyd olunub ki, yeni binanın inşası “Əfəndilər” MTK-ya həvalə edilib:

“Qeyd olunan ünvandakı 52 mənzilin 49-nun sahibləri ilə razılığa gəlinib, onların əksəriyyəti mənzilin sahələrinə uyğun hər kv.m üçün 1800 manat kompensasiya alıblar. 10-12  mənzilin sahibi isə yeni inşa ediləcək binada yaşadıqları mənzilin sahəsindən 45-50% (30-32 kv.m) artıq olan mənzillə təmin olunmaları üçün müraciət ediblər.

Səməd bəy Mehmandarov küçəsi 24, mənzil 10 ünvanında yaşayan və qeydiyyatda olan vətəndaş Ələkbərov Əlican Dövrüş oğlu isə qeyd edilən şərtlərlə razılığa gəlməyib və binaya bitişik yerdə qanunsuz inşa etdiyi qaraj və təsərrüfat tikintisinin əvəzinə ona əlavə mənzil verilməsini tələb edir. Həmin tikililərin hər hansı hüquq müəyyənedici sənədi olmadığına baxmayaraq, “Əfəndilər” MTK tərəfindən vətəndaşa ümumi sahəsi 56 kv.m olan iki ədəd qaraj təklif edilib”.

Vurğulanıb ki, Sabunçu Rayon  İcra Hakimiyyəti tərəfindən vətəndaş Ə.Ələkbərova dəfələrlə yazılı və şifahi formada xəbərdarlıq edilib:

“Sabunçu RİH-nin göstərişi ilə matrın 29-da rayon  MKTB tərəfindən həmin özbaşına tikili sökülüb və ərazi təmizlənib. 

Əlavə olaraq bildiririk ki, vətəndaş Ə.Ələkbərova “Əfəndilər”  MTK  tərəfindən yaşadığı üçotaqlı ümumi sahəsi 63 kv.m olan mənzil sahəsinə görə əlavə 45-50% (30-32 kv.m) artıq olmaqla sahəsi 90-92 kv.m olan mənzil və ümumi sahəsi 56 kv.m olan 2 qaraj veriləcək.

Onu  da  nəzərinizə çatdırırıq ki,  yeni inşa ediləcək bina təhvil verilənədək vətəndaşa aylıq 400 manat kirayə haqqı ödəniləcək”.

Həmçinin oxuyun: “Qanunsuz tikilən ev sökülməli idi, mən də sökdürdüm” - İcra başçısı