“STAR NEZ-də 4,5 milyon ton xam neft emal edilib”

star-nez-de-45-milyon-ton-xam-neft-emal-edilib
Oxunma sayı: 882

"İlk satışını 2019-cu ilin yanvarında “Petkim”ə nafta tədarük etməklə həyata keçirən STAR NEZ 2019-cu ilin sentyabr ayından etibarən tam gücü ilə işləməyə başlayıb"

"Qafqazinfo" xəbər verir ki, bunu bu gün İzmirdə azərbaycanlı jurnalistlər üçün keçirilən mətbuat konfransında STAR Neft Emalı Zavodunun Baş direktoru Məsut İlter bildirib. O bildirib ki, cari ilin əvvəlindən ümumilikdə 4,5 milyon ton məhsul istehsal edən STAR zavodu daxili bazarı tələbatını ödəməklə yanaşı məhsullarını Aralıq dənizi və Şimalı Avropa ölkələrinə də ixrac edir:

" STAR NEZ-in uzunmüddətli hədəfi məhsullarını tam həcmdə daxili bazarda reallaşdırmaqdır. Neft məhsulları sahəsində Türkiyənin xaricdən asılılığını aradan qaldırmağı və cari kəsirini azaltmağı hədəfləyən STAR NEZ məhsul çeşidləndirilməsini də bu məqsədlə həyata keçirir. Zavod ildə 4,8 milyon ton dizel istehsalı ilə Türkiyənin dizel idxalından asılılığını əhəmiyyətli şəkildə azaldacaq. NEZ-in məhsul çeşidləri arasında benzin yoxdur".

M.İltər qeyd edib ki, STAR NEZ bu il sentyabrın sonlarından etibarən tam gücü ilə işləməyə başlayıb və indiyə qədər zavodda 4,5 milyon ton xam neft emal edilib, ilin sonuna kimi bu rəqəmin 8 milyon tona yüksəlməsi nəzərdə tutulur:

" Bazara eyni zamanda dizel, təyyarə yanacağı, LPG, neft koksu kimi məhsullar çıxarılır. Ötən aylarda “SOCAR Aviation” İstanbul aeroportunun illik 700 000 tonluq təyyarə yanacağı üçün elan etdiyi tenderi uddu. STAR NEZ-də istehsal olunan təyyarə yanacağının mühüm bir hissəsi İstanbul aeroportuna tədarük olunacaq. STAR-ın müştəriləri arasında digər hava limanlarının da yer alacağı gözlənilir".

Onun sözlərinə görə, Türkiyədə təyyarə yanacağına illik tələbat 5 milyon ton civarındadır: "Turizm sektorunun genişlənməsi və İstanbul Hava Limanı kimi böyük bir istehlakçının meydana çıxması ilə bu tələbatın 6-6,5 milyon tona yüksəlməsi gözlənilir. Lakin bazara STAR NEZ-in 1,6 milyon tonluq istehsalı daxil olması sayəsində 7-8 ildən sonra Türkiyədə təyyarə yanacağı idxalına ehtiyac qalmayacağı ehtimal edilir".

Günel Türksoy