Suraxanıda Mirzəağa Əliyevin 140 illik yubileyi qeyd olundu - Fotolar

suraxanida-mirzeaga-eliyevin-140-illik-yubileyi-qeyd-olundu
Oxunma sayı: 1704

“Heydər Əliyev İli” çərçivəsində Mirzəağa Əliyev adına Hövsan qəsəbə Mədəniyyət evində Azərbaycan teatr və kino aktyoru, 2 dəfə SSRİ xalq artisti adına layiq görülmüş Mirzəağa Əliyevin anadan olmasının 140 illik yubileyi münasibətilə xatirə gecəsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavinləri, Rayon Ağsaqqallar şurasının sədri və müavinləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mirzəağa Əliyev adına Mədəniyyət Evinin direktoru Cavid Məmmədov qonaqları salamlayaraq tədbirin təşkil edilməsində məqsədin sənətkarın adının əbədi yaşadılması və gələcək nəsillərə tanıdılması olduğunu bildirib.

Mirzəağa Əliyevin həyat və yaradıcılığından bəhs edən video-çarx nümayiş olunub və aktyorun 1945-ci ildə rol aldığı “Arşın Mal Alan” filmindəki Məşədi İbad, eləcə də Hacı Qara filmində canlandırdığı Hacı Qara obrazından monoloq şəklində səhnəciklər canlandırılıb.

Hövsan qəsəbə sakini, şərqşünas Elnur Kazımov çıxış edərək Mirzəağa Əliyevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov dahi sənətkarla bağlı fikirlərini bölüşüb.

Sonda Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək mədəniyyətimizin dəyərli aktyoru Mirzəağa Əliyevin illər keçsə də özünəməxsus ustalığı ilə yaratdığı obrazlarla hər zaman yad ediləcəyini və daim xalqımızın, onu sevənlərin ürəyində yaşayacağını vurğulayıb.