“Terrorçuları qoruyan güclərin zehniyyəti lənətlənməlidir”

terrorculari-qoruyan-guclerin-zehniyyeti-lenetlenmelidir
Oxunma sayı: 3142

Rusiyanın Moskva şəhərindəki “Crocus City Hall”da baş vermiş dəhşətli terror aktı xəbəri hər kəs kimi məni də dərindən sarsıdıb.

Bu terror aktını şiddətlə qınayır, həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına səbir, yaralananlara isə tezliklə şəfa diləyirəm.

Terrorun harada, hansı ölkədə baş verməsindən asılı olmayaraq bu qanlı faciə lənətlənməli, günahsız insanların həyatına son qoyan bütün təqsirkarlar ən layiqli cəzalarını almalıdır.

Terrorçunun milliyəti, dini, irqi yoxdur. Əlbəttə, terrorçular elə-belə yetişmir, onları hazırlayan, zərərli ideologiya ilə yoldan çıxaran və qanlı cinayətlərə yönləndirən müxtəlif güc və qruplar vardır və həmin sifarişçilər öz maraqları naminə öz çirkin planlarını icra edirlər.

Azərbaycan da terrordan ən çox əziyyət çəkən ölkələrdən biri olub, 30 ildən artıq erməni terrorizminin qurbanı olmuş yüzlərlə soydaşlarımızın ağır faciəsini unutmamışıq.

Cənab Ali Baş Komandan İlham Əliyev və cəsur ordumuz ötən ilin sentyabr ayında birgünlük antiterror əməliyyatı ilə Qarabağdakı terror yuvalarını bütünlüklə darmadağın etdi, hay terrorizminin Azərbaycandakı varlığına son qoydu.

Erməni terrorunun arxasında dayanmış Araik, Vardanyan, Quqasyan, Saakyan həbs olunaraq öz “layiqli həyatlarını” yaşayırlar.

Ancaq erməni terrorizmi hələ bitməyib, Ermənistanda, Livanda, Suriyada, Kaliforniyada, müxtəlif ölkələrdə hələ də terror təşkilatları dinc insanları qətlə yetirmək, zərər vermək üçün ayaqdadır.

ABŞ-də, Fransada, Belçikada, Niderlandda, Livanda Azərbaycan Səfirliyinə, diplomatik korpuslarına erməni terroçularının hücumlarının, eləcə də Azərbaycan və Türkiyə vətəndaşlarına qarşı şiddətlərinin şahidiyik.

Təəssüf ki, hay terror ideologiyasını idarə edənlərin arxasında müxtəlif güclər, klanlar, siyasi qruplar dayanır və ən acınacaqlısı budur ki, Avropada dərinləşən islamofobiya radikal erməniləri faciələr törətməyə təhrik edə bilər.

Yeri gəlmişkən, cənab Putin də bir müddət əvvəl dünyada islamofobiya, antisemitizm və rusofobiya meyillərinin artmasından narahatlığını ifadə edərək bu zərərli təzahürlərin insanların həyatı üçün təhlükə törətdiyini vurğulamışdı. Son hadisə də bu narahatlığın əbəs yerə olmadığını göstərdi.

Fransada cansız abidəyə - Natəvanın heykəlinə terror aktı törədənlərin dinc türklərə, müsəlmanlara qarşı hansısa basqılar etməyəcəyinə heç kim təminat verə bilməz.

Ona görə də sülpərvər dünya ictimaiyyəti terrorçuları qoruyan müxtəlif güclərin və dövlətlərin çirkin siyasi maraqlarına xidmət edən bu ideologiyanı, zehniyyəti lənətləməlidir.

Bu gün dünyada Azərbaycanın sahibi olduğu tolerantlıq, multikulturalizm örnəyi vardır, bütün sülhpərvər dünya bu nəcib ideyalar ətrafında sıx birləşməlidir.

Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev