“Tfu da deyə bilmirsən, tüpürcəyinə heyfin gəlir” - - Yazıçılar Birliyi

tfu-da-deye-bilmirsen-tupurceyine-heyfin-gelir-
Oxunma sayı: 2693


“Namuslu və ləyaqətli jurnalist Nəcəf Nəcəfovun təsis etdiyi “Azadlıq” qəzetinin hər nömrəsində son dərəcə bəsit, səviyyəsiz,çox vaxt ədəbsiz yazılar yerləşdirən bir əhli-qələm uzun müddət özünü öz xoşuyla haqlı olaraq Murdar adlandırırdı. Murdarlığını yetərincə hamıya isbat edəndən sonra daha bu sayaq səmimi etirafına ehtiyac qalmadı, sifətini dönə-dönə dəyişdiyi kimi adını və ünvanını da növbəti dəfə dəyişdi. Çalışdığı qəzetdə hər müəllifin öz mövzusu olsa da, bu Murdar adlanan şəxs nədən yazır yazsın, mütləq yazıçılarımız haqqında,özəlliklədə də Yazıçılar Birliyinin ünvanına bir ağız... donquldanmalıdı. Karvanın keçib getməsi haqqında müdrik xalq deyimini xatırlayaraq bu zingildəmələrin çoxuna cavab vermirdik. Başa düşürdük ki, bu yazığın da çörəyi bundan çıxır, bu bədbəxti məhz yazıçılara böhtan atmaq üçün qapılarında saxlayıblar. Amma görünür bu cavabsızlıqdan cuşə gəlib son vaxtlar Birliyimizin ünvanına yenə hərzə-hədyan yağdırmağa başlayıb. Görünür, şotverənləri (yeni arağının hesabını verənlər) hansı səbəbdənsə bu buyruq qulunun ipini çəkmişdilər və bir müddət Birliyə, yazıçılara dəyib-dolaşmırdı. Yəqin moratori vaxtı bitib və Murdarı yenidən üstümüzə qısqırdıblar. “Azadlıq” qəzetinin dalbadal üç nömrəsində mırtıldanmadığı vaxtın əvəzinə ünvanımıza bir-birindən iyrənc atmacalar atır. Demə, Murdarın ən böyük dərdi millət dərdi, anlamaq dərdi, ədalət dərdi yox “Anar dərdi, Zəlimxan dərdiymiş”. Bu dərdi daşnaklar da çox çəkib, odur ki, Murdarın “dərd ortaqları” az deyil. Anar da, Zəlimxan da bacardıqları və imkanları daxilində xalqımızın, ədəbiyyatımızın, dilimizin dərdini çəkiblər, çox vaxt murdarlar mühitində anlanılmamaq dərdinə mübtəla olublar. Bəs Murdarın dərdi nədir? Yazılarından bəlli olduğu kimi ən böyük dərdi tamarzı olduğu və umsuq olduğu şeylərdir...

Murdar və o qəbildən olan məxluqlar üçün dünyada ən böyük səadət hansısa fəxri adları, mükafatları almaqdır. Əgər belə olmasaydı, hər yazısında bu qədər həsrətlə və həsədlə bunları alanlara qısqanclığını bildirməzdilər. Bunları israrla təkrar edirsə, necə deyərlər “xoruzun quyruğu burda görünür”. Bu məxluqun ağlına belə gəlmir ki, dünyada fəxri adlardan, mükafatlardan başqa və daha üstün dəyərlər də var, kiminçünsə əlçatmaz görünən, kimlərçünsə ən adi bir həyat tərzi olan naz-nemətlər də insanı xoşbəxt etmir, namuslu ziyalının xətt hərəkətini, düşünmə tərzini də təyin etmir. Hamını öz arşınıyla ölçməsin. Daima yazıçılara irad tutan bu adamın hər hansı yazıçıdan min pay artıq naz-nemət içində yaşayanlar barəsində güldən ağır söz deməyə cürəti çatarmı? Əlbəttə yox, axı yazıçılar onun cibinə pul basmayacaqlar, içdiyi araqların şotunu verməyəcəklər. Olsa-olsa yazıyla cavab verəcəklər. Belə cavablardan isə ancaq mazoxistcəsinə zövq alacaq. Ayrı vasitəylə tanına bilmirsə, heç olmasa tanınmışlara sataşmaqla, çirkab atmaqla, ancaq və ancaq bu yolla ad çıxarmağa çalışacaq. Özü etiraf etdiyi kimi yalnız kiməsə böhtan atan zaman qəlbi rahatlanır. Uzun illərdir kövrək qəlbinin ən böyük qubarı,ömrünün ən böyük dərdi odur ki,neçin yaşlı yazıçılar hələ də həyatdadırlar. At öləndə kimin bayram etdiyini hamı bilir. Yəni doğrudanmı Murdar elə düşünür ki, yaşlı yazıçılar dünyadan gedəndə onun öz “istedadı” fontan vuracaq, yaradıcılıq imkanları dağ zirvəsinə yüksələcək, dünyanın ən nüfuzlu mükafatlarını alacaq. Ay hay! Yazıq ki, bu xam xəyallarla ömrünü çürüdür. Yaşlı yazıçılar olsa da, olmasa da, Allahın ona əta etdiyi bədii imkanlardan bir qarış da o yana addım ata bilməyəcək. İntəhası onda da gücsüz hiddətini,nifrətini,kinini başqa ünvanlara – öz yaşıdlarına, ya da özündən daha cavanlara, bir sözlə az-çox uğur qazanmış hər kəsə qarşı yönəldəcək.

Ad çəkməsə də, Yazıçılar Birliyinin rəhbərliynə ünvanlanladığı yazıda (“Azadlıq” qəzeti, 22 avqust) təəssüflənir ki, nəyə görə Birliyin rəhbərləri Fadeyev sayağı intihar etmirlər. Birliyin rəhbərliyinin Fadeyev kimi hansı günahları var ki, vicdan əzabı çəksinlər? Vicdan əzabını (əgər vicdanlarından əsər-əlamət qalıbsa) o kəslər çəkməlidir ki, bütün cızma-qaralarını Azərbaycanın ən layiqli insanlarına çirkab atmağa həsr edirlər.

Murdarın Yazıçılar Birliyinə nifrəti və kini onun həmin qəzetdəki digər köşə yazısında da ifadə olunub. Bu səfər hiddətinin səbəbi odur ki, Birliyimiz yazıçıların məişət problemələrini həll etmək üçün, o cümlədən ev-mənzil məsələlərinin yaxşılaşdırılması üçün müəyyən təşəbbüslərdə bulunur. Görünür bu sarıdan Murdarın bir qayğısı yoxdur ki, neçə-neçə yazıçının məişət,ev-mənzil problemlərinə belə tox, yekəxana münasibət bəsləyir. Amma axı yazıçıların şotverənləri yoxdur ki, onların bütün problemlərini həll etsin, çoxlarının yeganə ümid və pənah yeri Yazıçılar Birliyidir və Birlik də imkanları daxilində hər cür kömək göstərməyi öz borcu hesab edir. Buna görə dövlət orqanlarına müraciət etməyimiz təbiidir, hər halda dövlətdən maddi yardım alan qəzetdə bu barədə yazmaq etikaya uyğun deyil. İddia edir ki, Yazıçılar Birliyi yalnız məişət məsələləriylə məşğul olur. Gərək qulağını tıxayıb, gözlərini yumasan ki, Yazıçılar Biriyinin ədəbi həyatda fəal işlərini və iştirakını inkar edəsən. Bunları bir-bir sadalamağa ehtiyac yoxdur. Heç mənası da yoxdur, çünki ona və onun kimilərə heç bir dəlil-sübut kar eləmir. Bu buyruq qulları yalnız aldığı sifarişi yerinə yetirmək üçün canfəşanlıq edir, ağa qara, qaraya ağ deyirlər. Sonra da yekə-yekə vicdandan danışırlar.

Sual edilə bilər, əhəmiyyətsiz bir cızmaqaraçının sifarişlə yazılmış düşük yazılarına belə geniş cavab verməyə dəyərdimi? Yəqin ki, dəyərdi. Murdara “həddini bil” demək üçün, “cızığından çıxma” demək üçün. Bir də tərbiyəsizlik nümunəsi olan yazısındakı bu sözləri üçün. Yazır ki, Yazıçılar Birliyinə “Tfu da deyə bilmirsən, tüpürcəyinə heyfin gəlir”.

Bu xuliqan ifadəsinin cavabı budur ki, Murdar, bu qədər əziz bildiyi tüpürcəyinə heyfi gəlmirsə, getsin dursun güzgünün qarşısında və öz nifrətdən, xiffətdən eybəcərləşmiş sifətinə doyunca tüpürsün” .