İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampa sərt mesaj ünvanlayıb.
“Qafqazinfo”nun məlumatına görə, SEPAH-ın Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının komandanı Əli Abdullahi ona qarşı cavab addımları atacaqlarını bildirib.
“Tramp indiyə qədər bir çox “sürprizlər” elan edib, indi isə bizim sürprizlərimizi gözləməlidir”.
O, ABŞ-nin İrana qarşı siyasətini tənqid edərək, Vaşinqtonun uğursuzluğa düçar olduğunu iddia edib. Abdullahi İranın yüksəkvəzifəli şəxsləri – o cümlədən, Əli Laricani və “Bəsic” komandiri Qulamrza Süleymaninin öldürülməsindən sonra qisas alınacağını bildirib.
O qeyd edib ki, İran silahlı qüvvələrinin cavabı daha sərt olacaq:
“Silahlı qüvvələrimizin cavabı düşmənin hərəkətlərindən daha dağıdıcı olacaq və bu proses düşmən təslim olana qədər davam edəcək”.
Komandan əlavə edib ki, hazırda təşəbbüs ABŞ-nin “supergüc” statusuna meydan oxuyan İranın və onun silahlı qüvvələrinin əlindədir.
İran rəsmisi həmçinin region ölkələrinə müraciət edərək, onları ABŞ-yə güvənməməyə çağırıb. Onun sözlərinə görə, Yaxın Şərqdə baş verənlər ABŞ-nin onilliklər boyu qurduğu təsir imkanlarını zəiflədir.
“Regional ölkələr təhlükəsizliklərini qlobal güclərə deyil, öz aralarındakı əməkdaşlığa əsaslandırmalıdır”, – deyə Abdullahi bildirib.
Son xəbərlər
Son Xəbərlər