Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edildi

tullanti-sulari-uzre-3-yeni-dovlet-standarti-qebul-edildi
Oxunma sayı: 419

Dövlət Su Ehtiyatları Agentliyi nəzdində fəaliyyət göstərən “Su ehtiyatları və meliorasiya sahəsi”nin Standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 48)  konsensus qərarı ilə tullantı suları üzrə 3 yeni dövlət standartı hazırlanıb, Azərbaycan Respublikasının Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsdiq edilib.

“Qafqazinfo” xəbər verir ki, qəbul edilən dövlət standartları aşağıdakılardır:

* AZS 983:2025– “Təmizlənmiş tullantı sularının təkrar istifadəsi üzrə tələblər”;
* AZS 984:2025– “Tullantı sularının su və su təsərrüfatı obyektlərinə axıdılması üzrə tələblər”;
* AZS 985:2025– “Sənaye müəssisələri, ictimai iaşə obyektləri və fərdi xidmət sahələrinin istehlakçıları tərəfindən mərkəzləşdirilmiş kanalizasiya sisteminə axıdılan tullantı sularında zərərli və çirkləndirici maddələrin miqdarına və tərkibinə nəzarət”.

Yeni dövlət standartlarının tətbiqi su ehtiyatlarının təhlükəsiz və səmərəli idarə olunmasına, tullantı sularının təkrar istifadəsinin tənzimlənməsinə, su obyektlərinə axıdılan tullantı sularının ekoloji və sanitar-gigiyenik təhlükəsizliyinin təmin edilməsinə, eləcə də mərkəzləşdirilmiş kanalizasiya sisteminə daxil olan tullantı sularının tərkibinə nəzarətin gücləndirilməsinə xidmət edəcək.

Qeyd edək ki, təsdiq edilmiş dövlət standartları Azərbaycan Respublikasının Standartlaşdırma İnstitutu tərəfindən Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.