“Turistlərin müsbət fikirlərlə geri dönməsinə yardımçı olmalıyıq” - Yenilənib

turistlerin-musbet-fikirlerle-geri-donmesine-yardimci-olmaliyiq
Oxunma sayı: 3362

“Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkədə turizmin inkişafı üçün geniş imkanlar açır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” forumunda Assosiasiyanın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov deyib.

O bildirib ki, Azərbaycanda müstəqilliyin bərpasından sonra ulu öndər Heydər Əliyevin sayəsində turizm yeni bir dövrə qədəm qoyub: “Həm xarici ölkələrdən gələn turistlərin sayı artıb, həm də vətəndaşların xaricə səfərləri asanlaşıb. Hazırda Azərbaycan dünya dövlətləri ilə əlaqələrini genişləndirməyə nail olub. Azərbaycan COP29 kimi mötəbər tədbirə ev sahibliyi edir. Bu, Azərbaycanı dünya miqyasında region lideri kimi tanıdır. Bu miqyasda tədbirlərin keçirilməsi daha təhlükəsiz dövlətlərə həvalə edilir. Biz Turizm Assosiasiyası olaraq bu tədbirə hazır olmalıyıq. Gələn turistlərin Azərbaycanla bağlı müsbət fikirlərlə geri dönməsinə yardımçı olmalıyıq”.

***

Azərbaycan Turizm Hotel Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov: “Bu il ölkəmiz COP29 sammitinə ev sahibliyi edəcək. Bu tədbirlə 2024-cü ildə ölkəmizdə turizm və qonaqpərvərlik sənayesinin yeni dövrü qədəm qoyacaq”.

Onun sözlərinə görə, beynəlxalq tədbirlə ölkəmizin unikal turizm destinasiyası kimi tanıdılması davam edəcək.

E.Əlimuradov qeyd edib ki, 2022-ci il üzrə ölkədə mehmanxana və mehmanxana tipli obyektlərin sayı 757, nömrələrin sayı 27 312, çarpayı yerlərinin sayı 56 562 olub: “Bu il bir neçə yeni brendlərin də bu siyahıya qatılacağını və nömrə fondunun daha da artacağını gözləyirik. Təbii ki bütün bunlar məqsədyönlü siyasətin, uğurlu diplomatik əlaqələrin nəticəsidir”.

Pandemiya dövründə hotelçilik institutunun ən böyük zərbə alan sahələrdən olduğunu xatırladan Assosiasiya sədri qeyd edib ki, onlardan bəziləri karantin müəssisəsi kimi vətəndaşlar və səhiyyə işçilərinə verilmişdi: “Bu dövrdə 30 hotelin ödənişsiz ulduz təsnifatı keçirilməsi bərpa turunda onlar üçün vacib idi”.

“Tezliklə Qarabağda beynəlxalq investorlar tərəfindən hotel şəbəkələrinin olacağına inanırıq. Artıq işğaldan azad olunan torpaqlarımızda turizm infrastrukturu yaradılır. Şuşa, Suqovuşan və digər ərazilərə turist səfərləri təşkil edilir”, - o daha sonra əlavə edib.

E.Əlimuradov qeyd edib ki, Azərbaycanda Vergi Məcəlləsinə edilən son dəyişikliyə görə, regionlarda hotel və sanatoriyalarda daşınmaz əmlak vergisi 3 il ərzində 75 faiz azaldılıb. Bu da turizmin inkişafına təkan verəcək: “2003-19-cu illər ərzində Azərbaycana səfər edən əcnəbilərin sayı 3 dəfədən çox artıb. Mehmanxanalarda gecələyənlərin sayı 7 dəfən çox artıb”.

***

Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının baş katibi Tural Musayev: “Azərbaycanda bələdçilərin sayı 9 dəfə artıb. Lakin təkcə kəmiyyət deyil, keyfiyyətdə də böyük nailiyyətlərə nail olmuşuq”.

Onun sözlərinə görə, əvvəllər ölkəmizə gələn qonaqlar Azərbaycan haqqında məlumatlı deyildilər və bələdçilərimizin sayı da məhdud idi: “Xidmət isə yalnız ingilis və rus dillərində idi. Hazırda 27 dildə fəaliyyət göstərən bələdçilərimiz var və onlar beynəlxalq standartlara uyğun hazırlanır. Bu gün bələdçilərimiz Şuşa, Ağdam və ətraf ərazilərdə turist səfərlərində iştirak edirlər.

Cari ildə Azərbaycan COP29 beynəlxalq tədbirinə ev sahibliyi edəcək. Deyərdim ki, bu, indiyə qədər ölkəmizdə keçirilən tədbirlərdən ən böyüyü olacaq. 50-80 minə yaxın iştirakçı olacaq. Bu fürsətdən istifadə edib bələdçilərimiz işlərini daha da yaxşılaşdırmalıdırlar. Çünki onlar ölkənin imicinin formalaşmasında rol oynayırlar”.

***

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədrinin müşaviri Müzəffər Ağa Kərimov: “Azərbaycanda 2000-ci illərin əvvəlinə qədər 5-10 turizm şirkəti, 250-yə yaxın hotel fəaliyyət göstərirdi. Son 20 ildə isə hotellərin sayı 800-ə çatıb”.

Onun sözlərinə görə, pandemiyadan əvvəl 4000-ə qədər turizm şirkəti var idisə, indi onların sayı 2500-ə qədərdir. Hazırda bütün Azərbaycanda, Bakı və regionlarda dünyanın bütün brend hotelləri fəaliyyət göstərir: “1994-cü ildə “Əsrin müqaviləsi” imzalanandan sonra turistlər Azərbaycanın cəlbedici ölkə olduğunu anladılar. Həmin brend hotellər 2000-ci illərdən sonra fəaliyyətə başladılar. Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür, bu da vacib məqamdır.

Azərbaycanda turizm elə möhkəmdir ki, pandemiya ona ziyan vursa da, yıxa bilmədi. Hesab edirəm ki, Azərbaycan yaxın gələcəkdə turizm sahəsi üzrə Qafqazda birinci olacaq”.

***

Forumun yekununda turizm sənayesində ixtisaslaşmış assosiasiyalar birgə bəyanat yayıblar.

Gülnar Əliyeva