Türkiyədə odlu silah əldəetmə məhdudlaşdırılacaq

turkiyede-odlu-silah-eldeetme-mehdudlasdirilacaq
Oxunma sayı: 181

“Odlu silahlarla bağlı cəzalar sərtləşdiriləcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında bildirib.

Prezident odlu silahlarla bağlı qanunvericiliyin daha da sərtləşdiriləcəyini açıqlayıb.

Ərdoğan qeyd edib ki, hökumət artıq bir müddətdir bu istiqamətdə ciddi addımlar atır və görülən tədbirlər daha da genişləndiriləcək.

Onun sözlərinə görə, xüsusilə silahın uşaqların əlinə keçməsi hallarında məsuliyyət daşıyan şəxslərə qarşı cəzalar artırılacaq.

“Diqqət və qayğı öhdəliklərini yerinə yetirməyən odlu silah sahiblərinə qarşı daha sərt tədbirlər tətbiq olunacaq. Eyni zamanda, silah sahibliyinin məhdudlaşdırılması üçün əlavə hüquqi mexanizmlər hazırlanır”, - deyə o vurğulayıb.

Dövlət başçısı əlavə edib ki, bu sahədə kompleks siyasət sənədi və fəaliyyət planı hazırlanaraq icra olunacaq.

Qeyd edək ki, bu açıqlama ötən həftə ölkə məktəblərində baş vermiş iki atışma hadisəsindən sonra verilib. Belə ki, aprelin 15-də Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində məktəbdə baş verən hadisə nəticəsində 9 nəfər həyatını itirib, 21 nəfər yaralanıb. Bir gün əvvəl, yəni aprelin 14-də isə eyni bölgədə yerləşən Şanlıurfa vilayətindəki məktəbdə 19 nəfər xəsarət alıb.