Uşaqlıqdan nifrətlə baxdığım adamın nə qədər xarizmatik olduğunun fərqinə vardım...

usaqliqdan-nifretle-baxdigim-adamin-ne-qeder-xarizmatik-oldugunun-ferqine-vardim
Oxunma sayı: 10968

Ayaz Mütəllibov öldü.  Bu ad bizim nəslin uşaqlarının travmalarından biridir; yupili dodaqlarla deməyə çalışdığımız, mənasını bilmədiyimiz, ancaq qulaqlarımızı “mezol” edən onlarla sözdən biri. 

“Yenidənqurma”, "mokrişok", "bosketka", "bubliqum", "səadət sarayı", "Rasputin araqları", "amonlar", "topxana meşəsi", "talon”, Əbdürrəhman Vəzirov, Ayaz Nütəllibov və s. və i.a.

O sözlər sadalamaqla bitməz, o sözlər bizim nəslin uşaqlarını Məlikməmməd misalı yatmağa qoymayan, daim sızladan, oyaq saxlayan yaralardır. Milorad Paviç deyir, hər açılmış xəncər yarası yeni bir gözdür, bədən yaralandıqca bəşəriyyətə daha çox yerdən baxır.
İki ay qabaq da Azərbaycana rəhbərlik etmiş digər bir şəxs, Əbdürəhman Vəzirov dünyasını dəyişmişdi. Vikipediada Əbdürrəhman Vəzirovun Mərkəzi Komitənin birinci katibi vəzifəsindən çıxdığı tarixin 18 yanvar 1990-cı il olduğu göstərilir. Eyni mənbədə Ayaz Mütəllibovun bu vəzifəyə gəldiyi tarix kimi 1990-cı ilin 25 yanvarı qeyd olunub. 

Xəbəri rus dilində oxuyun: Аяз Муталлибов предан земле - Фото+Обновлено

Президент на открытии Центра приема граждан - Фото

Bəli, heç kəs o böyük yaranı – “20 Yanvar”ı üzərinə götürmək istəmir. “20 Yanvar” boyda yarayla dünyaya baxmaq cəsarəti hər igiddə olmur, bunu qoyaq bir taxcaya...

Ayaz Mütəllibov öldü və bu ad gələndə əksər kənd qadınları kimi anam da qarğış tökərdi. 

Böyüdükcə, qulaqlarım qələbəliyin, qaraqışqırığın içindən hündürə qalxdıqca Ayaz Mütəllibovun obrazı gözümdə durulmağa başladı. Uşaqlıqdan nifrətlə baxdığım o adamın nə qədər xarizmatik olduğunun fərqinə vardım.

Bəllidir, Mütəllibov Azərbaycana ən çətin dönəmlərdə rəhbərlik edib. Bu çətinlik təkcə sosializmin yerini kapitalizmə verməsi, SSRİ-nin yıxılıb yerində müstəqil dövlətlərin yaranması müstəvisində bitmir. Ayaz həm də şəhər elitasının nümayəndəsi idi, o  SSRİ ilə, Rusiya ilə cığal-cığal sağollaşa, ardınca söyüş söyə bilmirdi. 

Yeni Azərbaycan isə gənc dövlət idi. Gənclikdən irəli gələrək ağıla yox, emosiyaya önəm verirdi. Düşünən beyinlərdənsə, çırpınınan ürəklərə ehtiyac yaranmışdı. 

Əlli iki yaşlı Ayaz Mütəllibovun elitar nəzakəti 1990-cı illər Azərbaycanının hay-küyünə dözəcək mətanətini üstələdi. Bir may səhəri, sonradan haqqında deyiləcək ağır ittihamlar, ona qoşulan lətifələrə səbəb olacaq addımı atdı, onu sevməyən, qəbul etməyən çoxluğun istəyilə postundan və ölkədən getdi.

Bütün faciələr, haqqındakı iddialar, ittihamlarla yanaşı məhz Ayaz Mütəllibovun rəhbərliyi ərəfəsində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitənin birinci katibi postu ləğv edildi, Azərbaycan Respublikasının Prezidenti postu yaradıldı. Məhz o, Azərbaycan Respublikasının ilk prezidenti oldu. Ən əsası, məhz o, Azərbaycanın müstəqillik aktına imza atdı. Bu müddəlar o deməkdir ki, Ayaz Mütəllibov Azərbaycan tarixində qalacaq. 

İllər sonra bircə onu demişdi ki, mən zəif oldum. Yerdə qalan hadisələr niyə belə oldu, niyə bacarmadı, özü də bilmədi. Olur, cənab Mütəllibov, bu həyatda xeyli qəribə hadisələr olur, lap elə mayın 12-də doğulan uşağa Ayaz adı qoyulması qədər.

Sərdar Amin