“Vətəni sevmədən bu qurumun əməkdaşı olmaq mümkün deyil” - Video

“Vətəni sevmədən bu qurumun əməkdaşı olmaq mümkün deyil”
Oxunma sayı: 6578

Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümü tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.

Artıq 25 ildir ölkəmizin təhlükəsizlik orqanlarının əməkdaşları 28 martı peşə bayramı günü kimi qeyd edirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycanın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur.

“Qafqazinfo” əlamətdar günlə bağlı uzun müddət milli təhlükəsizlik orqanlarında çalışmış Milli Məclisin deputatı, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyevlə həmsöhbət olub.

Deputat qurumun tarixi, AXC, sovet və müstəqillik illərində fəaliyyəti, apardığı əməliyyatlar barədə danışıb: 

“Milli Təhlükəsizlik Nazirliyi sistemi, eyni zamanda Dövlət Təhlükəsizlik Komitəsi və yaxud təhlükəsizlik sistemindən danışarkən mütləq şəkildə ulu öndərin adı birmənalı şəkildə ən yüksək tribunalardan çəkilməlidir. Təsəvvür edin 1944-cü ildən başlayaraq əməliyyat müvəkkili vəzifəsindən 1969-cu ilə qədər Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə qədər bütün mərhələləri keçmiş, bütün prosesləri yüksək səviyyədə həyata keçirmiş bir əməkdaşdan, bir rəhbərdən, bir generaldan söhbət gedir. Dövlət Təhlükəsizliyi Komitəsi sistemində ulu öndərin atdığı ən böyük addımlardan biri məhz həmin orqanın milliləşməsi idi”.

Müstəqillik illərində xüsusi xidmət orqanlarının fəaliyyəti

O, xatırladıb ki, Azərbaycanda müstəqillik illəri 1991-ci ilin noyabr ayına təsadüf edir: “1988-ci ildə erməni təxribatı, erməni təcavüzü başlayanda, Qarabağ məsələsi gündəmə gətiriləndən sonra xüsusi xidmət orqanlarının işi həddən artıq çox idi. 1988-ci ildən 1990-cı illərin ortalarına qədər bizim əməkdaşlarımız bir əsgər, bir zabit kimi əllərində silah ermənilərin təcavüzə məruz qoyduğu kəndlərin dinc əhalisinin qorunması ilə məşğul idi və paralel olaraq həm də kəşfiyyat, əks-kəşfiyyat fəaliyyətini həyata keçirirdilər. O vaxt xüsusi təyinatlı dəstə də var idi. Həmin xüsusi dəstəyə bütün əməliyyat sistemi də cəlb olunmuşdu və bu gün Dövlət Təhlükəsizlik Xidməti rəhbərliyində təmsil olunan şəxslərin çoxu o məktəbi keçmiş zabitlərdir, generallardır. 1991-ci ildən sonra istər dövlət çevrilişlərinin qarşısının alınmasında, ölkəmizdə törədilən terror aktlarının üstlərinin açılmasında və hazırlanan terror aktlarının qarşısının alınmasında istiqaməti çox idi”.

Xəbəri rus dilində oxuyun: Супруга Полада Гашимова получила должность

Стало известно место захоронения Аяза Муталибова

2016-cı ildən sonrakı dövr

Arzu Nağıyev qeyd edib ki, 2016-cı ildən başlayaraq kəşfiyyat və əks-kəşfiyyat demək olar ki, ayrıldı: Dövlət Təhlükəsizlik Xidməti və Kəşfiyyat işləri ilə məşğul olan Xarici Kəşfiyyat İdarəsi yaradıldı: “Hər iki qurum paralel olaraq yenə də dövlət, dövlətçilik və Ali Baş Komandanın müvafiq tapşırıqlarını həyata keçirmək üçün addımlar atır. Korrupsiya və rüşvətxorluğa qarşı da çox ciddi addımlar atıldı. Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi islahatların bariz davamı olaraq Dövlət Təhlükəsizlik Xidməti öz əməliyyatlarını həyata keçirdi. Bura həm anti-terror əməliyyatları, həm korrupsiyaya qarşı mübarizə, həm kəşfiyyat və əks-kəşfiyyat əməliyyatlarının alınıb, ortaya qoyulması, hansısa dövlətlərin ölkəmizə qarşı atılacaq addımlarının qarşısının alınmasına dair məsələlər daxildir.

Yəni, birmənalı şəkildə Azərbaycan vətəndaşı hiss etdi ki, Azərbaycan dövlətinin suverenliyində, eyni zamanda təhlükəsizliyinə təhdidin qarşısının alınmasında və hər bir vətəndaşın rifahının daha da yüksəldilməsi istiqamətində DTX öz dəsti-xətti ilə, əməli və fəaliyyəti ilə gündəmdir. 44 günlük Vətən müharibəsində Azərbaycan xüsusi xidmət orqanları, Dövlət Təhlükəsizlik Xidməti, Kəşfiyyat Xidməti bütün proseslərdən üzüağ çıxdı. Post-münaqişə dövründə separatçıların həmin ərazidə qalması məsələsi gündəmdə idi və biz gördük ki, anti-terror əməliyyatı nəticəsində Azərbaycan ərazisində terror həyata keçirmək istəyən erməni terrorçuları həbs edildi”.

Deputat qurumun gələcək əməkdaşlarına arzularını da çatdırıb: “Vətəni, torpağı, xalqını, el-obasını sevmədən, bu vətənə bağlı olmadan bu qurumun əməkdaşı olmaq qeyri-mümkündür. Bütün məlumatların alınması, təhlili və onun gələcəkdə cinayət olub-olmamasını ortaya qoyaraq məsələni həll etmək - Bu, ciddi təfəkkür, ağıl, zəhmət tələb edir. Bilirsiniz onlar çox vaxt ailələrindən kənar olurlar, çox vaxt öz bildiklərini kiməsə danışa bilmirlər. Bütün bu proseslər çox çətin və şərəfli məsələlərdir. Mən gələcək əməkdaşlarımıza vətəni sevməyi, vətən üçün işləməyi, öz işinin şərəfini duymağı arzulayıram. Bugünkü bayram ərəfəsində mən milli təhlükəsizlik sisteminin – istər Dövlət Təhlükəsizlik Xidməti, istərsə də Kəşfiyyat Xidmətinin bütün əməkdaşlarını təbrik edirəm. Dünyasını dəyişmiş veteranlarımızın sağ qalan bütün ailə üzvlərini təbrik edirəm. Biz doğrudan da çiyin-çiyinə, şərəflə addımladıq. Bir məsələni də qeyd etmək istəyirəm ki, biz birlikdə güclüyük”. 

Eldar Tanrıverdi

Video: Pərvin Zeynal