Xaçatryana 15 il cəza istənildi - Yenilənir

xacatryana-15-il-ceza-istenildi
Oxunma sayı: 3086

Azərbaycanlılara qarşı soyqırımı törətməkdə ittiham olunan Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda prokurorun ittiham nitqi ilə çıxış edəcəyi gözlənilir.

***

Prokuror V.Xaçatryanın sülh və insanlıq əleyhinə cinayətlər törətməkdə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. 

Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın bir hissəsini həbsxanada, digər hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

***

Vaqif Xaçatryanın vəkili çıxışında müvəkkilinin özünü təqsirli bilmədiyini və səhhətində problemlər olduğuna görə bəraət hökmü çıxarılmasını xahiş edib.

Prokuror replika hüququndan istifadə edərək deyib ki, təqsirləndirilən şəxsə qarşı konkret sübutlarla ittiham verilib.

V.Xaçatryan son sözündə günahsız olduğunu deyib. O kəskin ürək xəstəliyindən əziyyət çəkdiyini də məhkəmənin diqqətinə çatdırıb. Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə gedib.

Qeyd edək ki, Xaçatryan Vaqif Çerkezoviç 1992-ci ilin dekabrında erməni milliyyətindən olan digər şəxslərlə birgə Xocalı rayonunun Meşəli kəndində yaşamış dinc azərbaycanlıların soyqırımında və digər ağır cinayətlərdə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 116.0.1, 116.0. 6., 116.0.11 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə ittiham irəli sürülüb.

Sail Ağasəlim