Xaçmazda şagird müəllimləri tərəfindən döyülüb? - Rəsmi açıqlama+Yenilənib

xacmazda-sagird-muellimleri-terefinden-doyulub
Oxunma sayı: 4130

Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə təhsil alan şagirdin müəllimləri tərəfindən döyüldüyü deyilir. 

Bu barədə “Qafqazinfo”ya müraciət daxil olub. İddiada qeyd edilib ki, dərs vaxtı Fiziki Tərbiyə müəllimi Azər Bəşirov və Gənclərin çağırışaqədərki hərbi hazırlığı müəllimi Həsənbala Xasməmmədov dərsi buraxaraq şahmat oynayıblar. Nəticədə şagirdlər nəzarətsiz qaldıqları üçün sinif otağında səs-küy salıblar. İddiaya əsasən, həmin müəllimlər sinfə gələrək 11-ci sinif şagirdi B.Ü.-nü ölümcül halda döyüblər. 

Məsələ ilə bağlı Xaçmaz şəhər Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: 

“Hadisədən bir saat sonra Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məktəbin fiziki tərbiyə müəllimi Bəşirov Azər Musayib oğlu polis şöbəsinə çağırılıb və orada ona şagirdi döydüyü üçün dəvət olunduğu qeyd edilib. Lakin Xaçmaz Rayon Polis Şöbəsi döyülmə hadisəsinin olduğunu təsdiq etməyib. Hazırda valideynlərin heç bir şikayəti yoxdur və şikayətçi olmadıqlarını yazılı bildiriblər”.

***

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis baş leytenantı Xəyal Talıbov sorğumuza cavab olaraq bildirib ki, məktəbdə mübahisə olması ilə bağlı polisə məlumat daxil olub. Hazırda araşdırma aparılır.

***

Quba-Xaçmaz regional təhsil idarəsi də məsələ ilə bağlı açıqlama yayıb:

“Ümumi təhsil müəssisələrində uşaqların təlim-tərbiyəsi və tədris prosesi ilə yanaşı, daxili nizam-intizam qaydalarına əməl edilməsi də bizim üçün vacib şərtlərdəndir. Bu məsələ ilə bağlı şagirdlər və valideynlərlə mütəmadi söhbətlər aparılır. Daxili nizam-intizam qaydalarına əməl edilməsinin vacibliyi tərəflərin diqqətinə çatdırılır. Hansısa xoşagəlməz hal aşkar edildikdə məsələ araşdırılır və müvafiq tədbirlər görülür. Bildiririk ki, Xaçmaz rayonu C.Cabbarlı adına 6 nömrəli məktəbin 11-ci sinif şagirdinin fiziki tərbiyə müəllimi tərəfindən ölümcül döyülməsi ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. Aidiyyəti dövlət qurumunun açıqlamasında da bu məsələ öz əksini tapıb”.

Bildirilib ki, 11-ci sinif şagirdi əməliyyat edilən digər şagirdə topu zərblə atdığı üçün müəllim tərəfindən tənbeh edilib:

“Hadisədən sonra həm regional təhsil idarəsi, həm də məktəb rəhbərliyi tərəfindən valideynlər və müəllimlərlə söhbət aparılıb, mövcud vəziyyət tərəflərə izah edilib. Məsələ nəzarətdə saxlanılır. Qeyd edirik ki, dərs saatında sinifdə olmadığı üçün Gənclərin çağırışaqədərki hərbi hazırlıq müəlliminə, eyni zamanda fiziki tərbiyə müəlliminə töhmət verilib”.

Lamiyə Məmmədova