ABŞ-də milyarder Ceffri Epşteynlə bağlı yeni sənədlərin dərcindən sonra istintaq altındakı keçmiş Norveç baş naziri Torbyorn Yaqlandın evində axtarış aparılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Norveçin VG qəzetinin məlumatında deyilir.
Bildirilib ki, Norveçdə iqtisadi cinayətlərlə mübarizə aparan qurum olan Okokrim Yaqlandla əlaqəli bir neçə yaşayış yerində axtarış həyata keçirib.
“Okokrim hazırda Torbyorn Yaqlandın evində və tətil mülklərində axtarış aparır. Bu, gözlənilən və normal bir prosedurdur”, - Yaqlandın vəkili Anders Brosvit qeyd edib.
Vəkil əlavə edib ki, axtarış nəticəsində Yaqland artıq rəsmi olaraq şübhəli statusuna malikdir və növbəti addım Okokrimdə ifadə verməsi olacaq:
“Yaqland işin hərtərəfli araşdırılmasına töhfə vermək istəyir”.
Axtarış zamanı Yaqlandın evindən çıxan rəsmilər müsadirə olunan əşyalar üçün qutular daşıyarkən görüntülənib.
Okokrim Epşteyn sənədlərində adı çəkilən diplomatlar haqqında istintaq başladığını açıqlamışdı. Hadisədən sonra Avropa Şurasının Nazirlər Komitəsi Yaqlandın toxunulmazlığının ləğv olunduğunu bildirib.
Son xəbərlər
Son Xəbərlər