“Yaxın müddətdə manatın aktivliyi bərpa olunacaq” - Prezidentin köməkçisi

yaxin-muddetde-manatin-aktivliyi-berpa-olunacaq
Oxunma sayı: 5689

“2014-cü ilin sonundan başlayaraq neftin qiymətində kəskin enmə, 2015-ci ildə dünyada mövcud olan geosiyasi vəziyyət və bundan irəli gələn iqtisadi problemlər təbii ki, hökumətləri qeyri-neft sektorunun inkişafına daha çox diqqət yetirməyə sövq edib”.

“Qafqazinfo”nun AzərTAC-a istinadən verdiyi məlumata görə, bunu Prezident İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov AzTV-yə müsahibəsində deyib.

“Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi öyrənilməklə belə bir mexanizm müəyyənləşdirildi ki, biz maliyyə bazarlarının iştirakçıları arasında tənzimləmə, nəzarət və icra mexanizmlərini bir-birindən ayıraq. Mən bir neçə gündür ki, mətbuatda gedən yazılara fikir verirəm. Bu islahatlardan məqsəd heç də hansısa səlahiyyətin hansısa qurumdan alınıb digərinə vermək deyil. Əsas məqsəd şəffaf nəzarətin, söhbət heç də sovet ideologiyasından qalan nəzarət-yoxlama metodologiyasından getmir, maliyyə bazarını qoruyacaq bir nəzarət mexanizminin yaradılmasıdır. Yəni, Maliyyə Bazarlarına Nəzarət Palatasının da məqsədi bu bazarın iştirakçılarının həm sağlam rəqabətini, həm də likvidliyini qorumaq və bunun üçün nəzərdə tutulan tədbirləri həyata keçirməkdir”, - deyə N. Əmirov söyləyib.

Natiq Əmirov bildirib ki, Palatanın fəaliyyətinin təşkili, bununla bağlı hüquqi aktların hazırlanması üçün Prezidentin fərmanı ilə işçi qrupu yaradılıb:

“İşçi qrupu həm Palatanın nizamnaməsini, eyni zamanda, onun fəaliyyətini tənzimləyəcək qanunvericilik aktlarını hazırlayır. Palata öz fəaliyyətində həm sığorta, həm bank, həm də qiymətli kağızlar bazarlarını, eyni zamanda, maliyyə monitorinqi, çirkli pulların yuyulması sahələrində fəaliyyətə nəzarəti həyata keçirəcək. Həmçinin işçi qrup Mərkəzi Bank ilə Palata arasında funksiyaların dəqiq sərhədlərini müəyyənləşdirməklə bölgü həyata keçirən normativ aktlar da hazırlayacaq. Çünki Mərkəzi Bank maliyyə bazarında əsas iştirakçıdır, eyni zamanda, monetar siyasəti həyata keçirən qurumdur. Bankların maliyyə bazarının, inflyasiyanın, qiymətlərin müəyyənləşdirilməsində Mərkəzi Bankın rolu, əhəmiyyəti olduğu kimi qalır”.

Prezidentin köməkçisi qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi qüvvəyə minən gündən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv olunacaq:

“Amma yeni dövlət orqanı yaradılmır. Fərmandan göründüyü kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası dövlət orqanı deyil. Bu, publik hüquqi şəxsdir. Bu, özü-özünü maliyyələşdirən bir qurumdur. Yəni, bu qurumun fəaliyyəti üçün dövlətdən vəsaitin ayrılması nəzərdə tutulmur. Bu Palata əsasən üzvlərinin, onun nəzarət sahəsinə aid olan qurumların üzvlük haqları və eyni zamanda, hazırlanan hüquqi sənədlərə görə ödənişlər hesabına maliyyələşdiriləcək. Palata kollegial orqandır, onun direktorlar şurası olacaq. Bu orqan həm maliyyə bazarlarında nəzarəti həyata keçirəcək, bu bazarın iştirakçılarına, o cümlədən banklara lisenziyalar verəcək və yaxud onların lisenziyalarını ləğv edəcək.  Yəni, demək istəyirəm ki, “dövlət qurumları birləşdirilir” ifadəsi düzgün deyil. Yaradılan yeni qurum dövlət orqanı deyil, dövlətdən maliyyələşdirilməyəcək və bu da çox önəmli bir amildir”.

Azərbaycanda sahibkarlığın inkişafı, bu sahəyə nəzarətin gücləndirilməsi, iş adamlarının hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün Prezidentin fərmanları ilə Apellyasiya Şuralarının yaradıldığını bildirən Natiq Əmirov deyib ki, bu qurumlar dövlət-sahibkar münasibətlərinin qurulmasında çox mühüm amil olacaq:

“Bizim inzibati icraat haqqında Qanunumuz var. Apellyasiya Şuralarının yaradılması həmin Qanun çərçivəsində sahibkarların şikayətlərini ümumi şikayətlərdən ayıraraq fərdi qaydada baxılmasını təmin edəcək. Yəni, həm yerli, həm də mərkəzi icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları həmin orqanların qəbul etdikləri qərarlardan, hərəkət və yaxud hərəkətsizliyindən narazı qalan sahibkarların bu orqanlara müraciət qaydasını müəyyənləşdirir. Həmin qaydaya əsasən oradakı Apellyasiya Şurası sahibkarın müraciətinə baxmalı və 3 gün ərzində ona yazılı qərar verməlidir ki, onun şikayəti təmin olunur, yoxsa təmin olunmur. Sahibkar bu qərarı aldıqdan sonra narazı qalarsa, o, cənab Prezidentin yanında yaradılmış Apellyasiya Şurasına müraciət edə bilər. Bu Şura aşağı apellyasiya şuralarının verdiyi qərarları dəyişə, ləğv edə, yeni qərar çıxara və yaxud zəruri hallarda cənab Prezidentə müraciət etməklə müvafiq icra qurumlarına konkret göstərişlər, tapşırıqlar verə bilər”.

Natiq Əmirov qeyd edib ki, Prezidentin aydın və dərin düşünülmüş iqtisadi islahat konsepsiyası var:

“Hazırda biz həmin konsepsiyanın icrası ilə məşğuluq. Bu konsepsiya dörd əsas istiqaməti əhatə edir.

Birinci istiqamət maliyyə bazarlarında sabitlik, manatın likvidliyinin bərpa olunması, eyni zamanda, bu sahədə maliyyə intizamının möhkəmləndirilməsidir. Azərbaycan 38 milyard dollara yaxın valyuta ehtiyatlarına malikdir. Bu, ümumi daxili məhsulun həcmindən daha böyük rəqəmdir. Belə bir strateji ehtiyatlara malik olan dövlət təbii ki, heç bir maliyyə çətinliyi çəkə bilməz. Mart ayından etibarən Mərkəzi Bank, eyni zamanda, Palata və digər aidiyyəti qurumlar ölkədə manatın likvidliyinin artırılması istiqamətində çox ciddi qərarlar qəbul edəcək. Çox yaxın müddətdə ölkədə manatın aktivliyi tamamilə bərpa olunacaq.

İkinci əsas istiqamət ixracın stimullaşdırılmasıdır. İxracın təşviqi ilə əlaqədar İqtisadiyyat Nazirliyinin nəzdində AZPROMO fəaliyyət göstərir. Eyni zamanda, ixracı təşviq etmək üçün ayrı-ayrı qurumların təklifləri əsasında qanunlara dəyişikliklər edilib, müxtəlif normativ hüquqi aktlar hazırlanıb və həyata keçirilib. Beynəlxalq ekspertlər cəlb edilməklə bunun yekunlaşdırılması işləri görülür. Bu qurum həmin konsepsiyanın tələblərinə uyğun olaraq, ilk növbədə, qonşu ölkələrin iqtisadiyyatının tərkibini, strukturunu araşdıracaq, həmçinin Azərbaycanın qonşu ölkələrin bazarlarına hansı məhsulları ixrac edə biləcəyini müəyyənləşdirəcək. Məhz bundan sonra biz daxildə həmin istehsalı təşviq edəcək siyasəti həyata keçirəcəyik. Bütün bunlardan məqsəd ölkəmizi inkişaf etdirmək, “Made in Azerbaijan” brendinin tanıdılmasına nail olmaqdır.

Üçüncü əsas istiqamət daxili bazarın formalaşdırılması və idxaldan asılılığa son qoyulmasıdır. Bu, çox mühüm istiqamətdir. Artıq yanvar ayından etibarən Azərbaycanın idxal prosesləri, gömrük orqanları tərəfindən idxal mallarının rəsmiləşdirilməsində şəffaflıq və bu istiqamətdə digər müvafiq orqanlarda atılan addımlar sahibkarlıq mühiti üçün çox əlverişli bir şərait yaradıb. Ancaq idxal mallarının kütləvi şəkildə Azərbaycana daxil olması artıq bizim yerli istehsalçıları narahat etməyə başlayıb. Bu gün çoxlu sayda yerli istehsalçı müraciət edir və onların idxal malları ilə rəqabətini tənzimləyəcək qaydaların yaradılmasını xahiş edir.

Prezidentin islahat konsepsiyasının çox önəmli istiqamətlərindən biri də dövlət satınalmaları yolu ilə sahibkarları, xüsusilə kənd təsərrüfatı məhsulu istehsalçılarını stimullaşdırmaqdır. Prezidentin tapşırığı ilə indi elə bir yeni sistem hazırlanır ki, kənd təsərrüfatı məhsulu istehsalçılarına hətta bir il əvvəldən dövlət öz sifarişlərini verəcək.

Bunun çox böyük üstünlükləri var. Çünki sahibkar biləcək ki, yetişdirdiyi məhsulu bazarda tam sata bilmədikdə qalan hissəni dövlət ondan alacaq. Yəni, dövlət – büdcə təşkilatları və digər təşkilatlar alıcı qismində çıxış edəcək. Hazırda bu mexanizm üzərində iş gedir. Düşünürəm ki, yaxın qısa müddət ərzində bu layihə də başa çatacaq, müvafiq qanunvericilik aktları hazırlanacaq. Yəni, ilk növbədə, kənd təsərrüfatı məhsulu istehsalçılarımız, gələcəkdə isə digər yerli istehsalçılarımız ən azı dövlətin ehtiyacları qədər sifarişləri almaq imkanına malik olacaqlar. Bu proses çox şəffaf, internet üzərindən olacaq. İnsanlarımız, sahibkarlarımız, eyni zamanda, ictimai nəzarəti təmin etmək üçün digər qurumlarımız bu prosesi şəffaf şəkildə izləyə biləcəklər. Göründüyü kimi, dördüncü əsas istiqamət sahibkarlığın inkişafına dövlət dəstəyinin prioritet istiqamət olduğunu təsdiq edir. Dövlət bütün bürokratik əngəlləri aradan qaldırır, sahibkarlara hər cür kömək göstərir”.