“Yaylığı başına bağla ki, səni ərəb bilsinlər...” - - Qahirədən reportaj

yayligi-basina-bagla-ki-seni-ereb-bilsinler-
Oxunma sayı: 4226

 

Misirin Şarm əl-Şeyx istirahət mərkəzini Fərhad və Ceyhunun istəyi ilə seçmişdim. Ehramlarla və Misir Fironları ilə maraqlandıqları üçün ora getməyə qərar verdim. Necə deyərlər, həm istirahət, həm də səyahət. Çoxları mənə dedi ki, indi ora getmə, qorxuludur? filandır... Qorxuludur sözü isə, sizi bilmirəm, məni özünə çəkir. Sadəcə uşaqlara ordakı durumu anlatdım, maşallah onlar da mənim kimi macəra axtarırmışlar.

Şharm əl-Şeyx aeroportuna ayaq basan kimi ilk qarşılaşdığımız rəsmi şəxsdən anladım ki, burda işbazlar çoxdur.  Adi bir sənədə ingilis dilində ad və soyadı yazmaq üçün səndən 10 dollar istəyirlər. Mən də 10 dolları verməyib anketimi özüm doldurdum. Nə isə... turist firmasının dediyi kimi qarşılanma oldu və hotelə yerləşdik. Hotelə çatan kimi Ceyhunun (6 yaş) mənə dediyi ilk söz bu oldu: “Ana, bunlar piramidaları söküb otel tikiblər?”. Sən demə uşağın təsəvvüründə elə imiş ki, Misirin hər yerində piramida var. Planım belə idi ki, vaxt itirmədən Qahirəyə gedək, muzey və ehramlara baş çəkək. Yol uçun bilet axtarışına çıxsaq da tapmaq müşkülə çevrilmişdi. Mursinin hakimiyyətdən devrilməsinin bir ili tamam olduğu üçün bir az  paytaxt yolları və özü təhlükəli idi. Amma sağ olsun Anar Hüseyn və xanımı Aynurə Xudiyeva. Səfərimizin 3-cü günü bizə bir taksi çağırdılar. Mən və iki uşaq gecə saat 3-də Qahirəyə doğru yola çıxdıq. Deyilənə görə 5 saata çatmalı idik. Səhra, qumluq, səhrada ilan kimi qıvrılan yollardan keçdik. Sürətlə şütüyən maşınlar və turist çoxluğundan pul qazanmaq istəyən ərəblər... Hər addımbaşı maşınları  və  pasportları yoxlayırdılar. Bəzən məni yuxu apardığı üçün hansı postda nə qədər dayandığımızı unudurdum. Sürücünün oxutdurduğu Quran ayələri isə adama bu yolda lap laylay deyirdi. Dan yeri söküləndə sürücü yarı rus yarı ərəb dilində mənə dedi ki, boynuna atdığın yaylığı başına bağla ki, səni ərəb bilsinlər. Amma çi fayda... maşını yoxlayanlar italyan olub-olmadığımı soruşurdu. Əvvəlcədən ərəbləri tanıdığım üçün (yaxın adamlarımdan biri onlarla işləyir) onlarla o qədər də ünsiyyətə girmirdim. Amma uzun yolda susmaq da  olmur. 

Sürücü mənə danışdı ki, 3 uşağı var, 2 qız, bir oğlan. Yoldaşı niqabda gəzir. Misirdə bir ailənin orta aylıq əmək haqqı 130 dollardı. Ayda 500 dollar qazanan şah kimi yaşayir. Mursini çox pislədi. Dedi, o bizi amerikanlara satdı. Mübarəkin atasına rəhmət oxuyurdu.  

Yol uzun, isti külək, iki uşaq və mən. Yolumuz daha çox Süveyş kanalı boyunca getdi. Gah kanalın altına girdik, gah üstünə çıxdıq. Yolları bərbad deyildi, amma əla da deyildi. Mənə elə gəldi ki, onlar sürətə baxmadan sürürdülər. Qayda-qanun zəif  idi.  Düz 10 saatdan sonra Qahirəyə çatdıq. İlahi Kitablardan oxuduğumuz bu şəhər elə kənardan toz dumanın içində idi. Şəhərə girər-girməz səni fərqli iy vurur. Tıxaclar, köhnə maşınlar. Ayaqyalın kasıb əhali....   Təsəvvür edin, yolun duz ortasında bazar qurublar. Kim nə istəyir onu da yolun qırağındaca alıb-satır. Şəhərin içinə doğru irəlilədikcə binalara baxıram. Bu şəhərin bir rəngi var idi: boz... Boz rəng həqiqətən də ürəyi sıxır. 10 saatlıq yolu məni incitmədən gələn uşaqlar da burda dilləndilər, “ana, burdan tez qayıdaq” dedilər.

 Təhrir meydanında əvvəlcədən Anar Hüseynin tapdığı  bələdçi bizi gözləyirdi. Sürücümüz də şəhərə nabələd olduğu ucun bizi Qahirədə xeyli fırlatdı. Nəhayət, Təhrir meydanında Mürvət xanımla görüşdük. İşini sevən bu xanım bizə şəhər haqqında və Qahirə Tarix muzeyi  barədə danışdı. Misirin tarixi sərvəti burda toplanıb. Fironların mumiyaları, sarkofaqları, geyimləri, məzarlarından çıxan sərvət hamısı burda saxlanılır. Mən iyrənən insan deyiləm. Amma mumiyalanmış fironlar mənə qəribə təsir elədi. Onlarin bəzisinin əli, dırnağı mumiyalanmış bintlərdən çıxmışdı. Bax bu anda düşündüm ki, insan elə torpağa qayıtmaq üçün yaradılıb. Qalıb bu günə düşməkdənsə torpağa qarışmaq daha gözəldir. Muzey, maşallah, gəzməklə bitmir. Tutanxamunun tacı, Nifertitinin heykəli, Xeopsun sarkofaqı.... hamısı əzəmətli idi.  Muzeydən çıxar-çıxmaz  turisti səbirsizliklə gözləyən və çörək pulu qazanmaq istəyən ərəblər qarşılayır. Min dil töküb səni inandırmağa çalışırlar ki, onun məhsulunu alasan. Muzeyin qarşısında satilan yenə də maraqlı idi... Kitab, firona aid heykəllər və s. Burda bir kitab aldiq....

Nil çayının sahilindən keçib Gizaya doğru gedirik. Ac olsaq da daha təmiz olan bir yerdə oturmaq istəyirik. Amma haradan tapaq?! Biz de nabələd, sürücü də... Anar Hüseyn mənə demişdi, Nil çayının üzərində bir restoran var, orda oturun. Amma bələdçimiz  israr etdi ki, onun dediyi yerə gedək. Sən demə burda bələdçilər də bizi kimi nabələd turistləri tanışlarının restoranına aparmaqla pul qazanırlar.

Budur,  Ehramlara yaxınlaşırıq.  Dünyanın 7 möcüzəsindən birincisi olan bu canlı əfsanələr çirkab içində saxlanılır. Ehrama aparan yol üfunət və pintiliklə doludur. Sağa baxırsan zibil təbəqəsi, sola baxırsan zibil təbəqəsi... Sənin yerli adam olmadığını görən üstüyalın ərəblər isə  sənə  doğru qaçır, nəsə təklif edir. 10 dollar deyib qışqırır. Almadığını görəndə isə nəhayətdə bir dolların üzərində dayanır. Anar Hüseynin yoldaşı Aynurə mənə dönə-dönə tapşırmışdı sənə yaxınlaşanlardan heç nə alma, çünki aldadacaqlar. Kitabdan başqa dünyanın heç bir nemətidiqqətimi cəlb edə bilməz. Amma onların satmaq üçün yalvarışına da dözmək çətin idi. Açığı, deyirəm əgər pulum çox olsaydı satdıqlarının hamısını alıb onları sevindirərdim.  Ehramlara yaxınlaşıb bilet alıb əzəmətli tikili ilə yaxından maraqlanırıq. Ay Allah, bu istidə bu ərəblər bir dollar qazanmaq üçün ehramın başında dövrə vurular. Sənə nəsə, hətta addım atmaqda kömək etməyə çalışır, ünsiyyət qurmağa can atırlar. Çətini kiçik bir gülümsəməni görənədək, sonra bir dollar deyib dururlar. Bələdçim, Mürvət xanim da mənə bərk-bərk tapşırır ki, üz vermə. Amma ətəyindən tutub yalvaran insana necə baxmayasan?! Nə isə... burdakı 3 ehramın göründüyü zirvəyə çıxırıq.  Hamı kimi dəvələrdə şəkil  çəkdirib dönmək üçün. 2 uşaq və bir özümün dəvəyə minib şəkil çəkdirməyimizə 7 dollar istəyir. Əvvəl uşaqlari mindirib, sonda özüm dəvəyə minirəm. Çoxbilmiş ərəb indi məni düşürtmək istəmir, dəvəni yerə oturtmaq üçün əlavə dollarlar istəyir. Bunu da yoluna qoyub Sfinksə doğru gedirik.  Eyni mənzərə burda da var. Amma burda ətəyimdən yapışan ərəbə mənim yox balaca Ceyhunun rəhmi gəldi. “Ana, mən 5 dollarımı ona verirəm” deyib özünə  məxsus 10 dolların yarısını verib bir ovuc  dəmir yığını aldı ( indi də deyir ki, mən anama çoxlu hədiyyə aldım). Sonra Nil çayına baş çəkirəm. Kürün sahilində böyüdüyüm üçün Nil barədə məlumatlı idim. Çünki uşaq vaxtı Kürü tez-tez digər çaylarla müqayisə edirdik. O zamanlar bizdə də Kür çirkli saxlanılırdı. İnsanlar zibili Kürə atırdılar. Şükür, indi Azərbaycanda elə deyil. Amma Nil isə, indi sanki zibil daşımaq ucun yaradılıb. Ərəblər  torpaqlarını  bərəkətli edib onlara ildə 3 dəfə məhsul verən bu çayın qədrini heç bilmirlər. Nil Kürdən bir az enli olar. Amma gur sulu idi. Hələ Nil şükürlü idi, Qahirədə hər yer zibildir. Özü də qalaq-qalaq. Sən demə insanlar burda zibillərini elə pəncərəni acib atırlar. İstidə qalaqlanan zibillər isə  şəhərə üfunət iyi verirdi.

Bu mənzərəni görəndə Bakının təmizliyinə baxanlara, Hacibala Abutalıbova ürəkdən dua elədim. Elə xalqımıza da. Lakin, vaxtilə Misirdə yaşayan bir tanışımın dediyinə görə əvvəllər Misir bu qədər də natəmiz deyilmiş. Bir günümü Qahirədə keçirdim.  Gəldiyim qənaət isə bu oldu: Misirlilər çox səmimidirlər, gülərüzlüdürlər. Amma eyni zamanda  fırıldaqçıdırlar. Səni hər an aldada bilərlər. Əlbəttə ki, bunu bütün xalqa aid etmək doğru olmazdı, amma bu xüsusiyyət misirlilərin çoxunda aydın nəzərə çarpır. Geri dönüşün vaxtı çatdı.  Sürücü mənə dedi ki, Şarma tez çatmaq istəyirsənsə maşında qabaqda otur, başını bağla və uşağın birini qucağına al. Ərəb qadınına bənzə. Mən də elə etdim. Yolda heç bir postda məni yoxlamadılar. 10 saata getdiyimiz yolu 5 saata döndük. Uşaqlar Qahirədəki restoranda  papaqlarını qoymuşdular. Yolda da bunu sürücümüz eşitmişdi. İki gün sonra  hotelin restoranında  qəflətən bizi aparan sürücü mənə yaxınlaşdı. O qədər turistin içində axtarib məni tapıb. Madam bunlar sizindir dedi. Bax bu da ərəb idi...

Qənirə Ataşova, Qahirədən xüsusi olaraq “Qafqazinfo” üçün