Yeni vergi güzəştləri şəhid ailələrinin və qazilərimizin sosial təminatını gücləndirəcək

Yeni vergi güzəştləri şəhid ailələrinin və qazilərimizin sosial təminatını gücləndirəcək
Oxunma sayı: 1438

Xəbər verdiyimiz kimi, Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin ötəngünkü iclasında Vergi Məcəlləsinə bununla bağlı bir sıra dəyişikliklər edilib. 

Layihəyə əsasən, Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 20 000 manatadək olan hissəsinin gəlir vergisindən azad olunması nəzərdə tutulur. Eyni zamanda Vətən müharibəsi şəhidləri ilə bərabər, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir gəlir vergisindən azad edilib. 

Mütəxəssislər hesab edirlər ki, əslində işğaldan azad etdiyi torpaqları heç bir xarici dəstək almadan öz hesabına bərpa edən bir ölkə üçün büdcəyə qənaət mühüm amil olsa da, dövlət üçün qəhrəman oğulların və onların ailələrinin rifahı hər zaman ön plandadır. Vergi güzəştləri həm də bu günə kimi qazi və şəhid ailələrinə göstərilən dəstəyin bariz nümunəsi hesab oluna bilər. Vergi güzəştlərinin və dövlətin sosial siyasətinin həssas qrupların maddi ehtiyaclarını nəzərdə tutmaqla yanaşı, eyni zamanda böyük mənəvi əhəmiyyəti var. Bu həm də dövlətin qəhrəman oğullarına ehtiramın göstəricisidir. 

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Milli Məclisdə aparılan müzakirələrdən sonra təklif edilən vergidən azad olunan məbləğin 2 dəfə artırılması qərara alınıb. Bu da əslində, Milli Məclis ilə hökumət arasında bu istiqamətdə də müzakirələrin səmərəli həyata keçirildilyindən xəbər verir:

“Milli Məclisdə təsdiq olunan digər güzəşt Vətən müharibəsi iştirakçılarının və Vətən müharibəsində, habelə Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları və hərbi təxribatlar nəticəsində şəhid ailəsi statusu almış və əlilliyi müəyyən edilmiş şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlirin vergidən azad olunmasıdır. Bu hal da vergiyə cəlb olunma baxımdan müzakirə edilən məsələlərdən idi. Yeni dəyişikliklər ilə bu halda məbləğ limiti olmadan vergi güzəşti tətbiq olunacaq”.

V. Bayramov qeyd edib ki, Vergi Məcəlləsində nəzərdə tutulan hər iki güzəşt şəhid ailələrinin və qazilərimizin sosial təminatının gücləndirilməsi baxımdan vacibdir:

“Belə ki, bu belə ödənişlər həyata keçirilən və ya gəlirlər yaranan zaman şəhid ailələri və qazilərimizin vergi ödəməkdən azad olunmasına imkan verəcək”.

Qeyd edək ki, Vergi Məcəlləsinə dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra gələn aydan qüvvəyə minəcək.