“Qafqazinfo” bu münasibətlə Səyyad Aranın “Yük” romanından bir hissəni təqdim edir.
Yük
Rayon polis şöbəsində sobanın ətrafında bir dəstə polis və iki-üç nəfər mülki adam toplaşmışdı. Əllərini sobaya uzadıb ovuşdurur, bir-birinə sürtür, az qala qıpqırmızı dəmirə yapışdırmaq istəyirdilər. Guya ki, istilik barmaqları vasitəsilə bütün canlarına yayılacaqdı. Mülki adamlar Qürbət kimi müxtəlif kəndlərdən silah dalınca gələnlər idi. “Gözləyin” əmri gəlmişdi. Onlar da gözləyirdilər, amma “gözləyin” çox uzanırdı. Soltanlıdan Əlisahib müəllimin səbri dözmədi. Rəis Rəşid Məmmədov uzaq sərhəd bölgələrindən birindəydi. Yaxın macallarda gələnə oxşamırdı. Çarə rəis müavini Vaqif Məhərrəmova qalmışdı. Onun ağzını aramağı məsləhət bildi. Ayağa qalxdı, əlini qapının dəstəyinə aparanda qapı nağıllardakı kimi öz-özünə açıldı. Kandarda rəis müavini idi. Həyəcanlı və əsəbiydi. Özünü tox tutmağa çalışırdı, amma bacarmadı, səsi titrədi. ― Uşaqlar, məlumat gəlib ki, Zamzurdakı milis postuna basqın olub. Ermənilər böyük qüvvə ilə hücuma keçiblər. Tərpənin, təcili gedirik.
Bir anda Əlyar, Nurəddin, Şikar, Vəliyəddin, Nadir, Əli, Elşən, Tofiq, Zabit və polisə yenicə daxil olmuş bir neçə gənc bayıra atıldılar. Hamı həyətdə onları gözləyən avtobusa cumdu. Minhamındə naşı və köntöy davranışlarına görə Məhərrəmov yeni qulluğa başlayanları dəstədən ayırdı:
- Siz gözləyin. Hələ sizinçün tezdir.
Cavanlar etiraz etdilər.
Rəis müavini üzünü bozartdı.
- Əmrə tabe olun!
Elə bil indi ayıldılar.
- Baş üstə! ―deyib könülsüz də olsa şöbəyə qayıtdılar.
Qürbət ehtiyatla Məhərrəmova yaxınlaşdı.
- Rəis, icazə verin mən də gedim.
- Kimsən, a bala?
- Mən Sirikdənəm, topçu Qürbət deyillər adıma.
- Hə, Mürvətin dəstəsindən?
- Bəli.
- Silahın var?
- Yox, elə ondan ötrü gəlmişdim Nazim komandir dedi, get mənim adımdam Məhərrəmovdan istə.
Rəis müavininin üzü turşudu.
- A bala, mənim dədəmin anbarı yoxdu, silah da qarpız deyil, hər gələnə bir-bir paylayım. Biz də yuxarıdan gözləyirik: həm əmr, həm də silah...
- Vaqif əmi, qadan alım, məni naümid qaytarma. Yoxsa kənddə nə komandirimin, nə də dostlarımın gözünə görünə bilmərəm. Deyərlər, nə yarıtmaz adamsan. Həm də bir sınayın məni. Mən...
Cavan uşağın belə ürəkdən israrı Məhərrəmovu yumşaltdı. Haqqında eşitmişdi, özü demişkən, sınamaq vaxtıydı. Yanında dayanıb onları yola salmağa hazırlaşan təchizat idarəsinin müdirinə göstəriş verdi.
- Get, bu oğlanın adına ermənilərdən qənimət götürdüyümüz qrantomyotu oformit elə.
- Qürbətə döndü - Bax, bəri başdan deyirəm, özünü əsl igid kimi göstərsən səni o silahla kəndinizə göndərəcəm. Yox...
Qürbət özünü saxlaya bilməyib rəis müavininin boynunu qucaqladı:
- Sağ ol, Vaqif əmi, görərsən...
Məhərrəmovun üzü döndü – Farağat! Bu nə hərəkətdir. Özünü harda hiss edirsən?
Qürbət mil durdu. Gözləri dolmuş halda polis mayoruna baxdı.
“Vay, işləri korladım. Sözünü dəyişməsə yaxşıdı” xoşbəxtlikdən rəis müavini fikrini dəyişməmiş təchizat rəisi iki mərmi və qrantomyotla gəldi.
- Təhvil veremmi, rəis?
- İmza elətdir, götürsün.
Qürbət çömbəldi, qeydiyyat kitabını dizinin üstünə qoyub qol çəkdi. Bir gözü Məhərrəmovda silahlı bağrına basdı:
- Avtobusa!
- Qürbət götürüldü.
Avtobusdakılar uğundular.
Göz-gözü görmürdü. Uzaqdan Zamzurun təkəm-seyrək işıqları görünürdü. Heç lazım olsa da daim səksəkədə yaşayan İrəvan qaçqınları lampa yandırmırdılar. Kəndin elektrik təchizatı çoxdan dayandırılmışdı. Əhali tanımadıqları yerdə məskunlaşdıqlarından olduqca çarəsiz və məchul bir şəraitdə yaşayırdılar. Erməni yaraqlıları burunlarının ucundaydılar. Əkin, biçin, yer belləmək, ağac əkmək... ağla gəlmirdi. Çünki daimi yaşamağa heç bir zəmanət yoxuydu. Avtobus istiqaməti tutub yavaş-yavaş irəliləyirdi. İçəridəkilər döyüş vəziyyətindəydilər. Hamısının barmaqları tətikdəydi. Hər saniyə təhlükə gözlənilirdi. Əgər onları müşahidə etmişdilərsə hər an atəş açıla bilərdi. O zaman yalnız avtobusun qapısından yox, arxa və yan pəncərələrindən də özlərini çölə atıb döyüşə atılmalıydılar. Dəstə çox belə əməliyyatlar görmüşdü. Məhərrəmov öz dəstəsinə yaxşı bələdiydi. Nigarançılığı bircə Qürbətdəniydi. “Neynək. Adına söz etdirib. Biz də sınayaq”. Yenə oğlanın sözü yadına düşdü. Bu saat ən münasib toxtaqlıq bu söz idi-sınamaq.
Milis postuna bir neçə km qalmış nə düşündüsə avtobusu saxlatdırdı. ―Uşaqlar, enin. Burdan o yana piyada gedəcəyik.
- Niyə, rəis?
Həmyerlilik, kəndçilik, bəzən ərkyana suallar, danışıqlar mövcud şəraitdə qəbul olunurdu. Baxmayaraq ki, hərbi qanunlara zidd idi. El-obanın birliyi, ümumi düşmənə qarşı vahid rəydə olmağı, böyük-kiçik münasibətinin ciddi gözlənilməsi bəzən sərt hərbi əmrlərdən daha çox xeyir verirdi. Həm də belə şəraitdə verilən suallar qarşıdakı döyüşdə mövqe və taktika baxımından zəruri idi. Rəis müavini izah etdi.
- Postumuzun işığı yansa da şərti işarə yoxdur. Bunu yalnız rəis, mən, bir də postdakılar bilir
Vaqifin içi qəhərlərndi, son sözləri ağzından ləngərlə çıxdı – deyəsən bədbəxtlik baş verib, uşaqlar tələf olublar.
Hamının içindən gizilti keçdi. Nadirin iniltili hıçqırığı isə polisləri yerdən yerə vurdu: böyük qardaşı postda növbədə idi.
Üç dəstəyə bölünürük. Ortada, qabaqda mən gedirəm. Mənimlə birgə Əlyar, Nadir, bir də Qürbət gedir. Şikar, sən öz dəstənlə solda, sən də Vəliyəddin sağda. Əvvəlcə mən irəli gedirəm – on metr. Sonra Əlyar, Nadir, Qürbət. Qalan dəstələr də bu qayda ilə. Yollar minalanmış ola bilər. Ona görə də həm baş yolla getmirik, həm də sağ tərəfdəki torpaq yola girmirik. Cığırları tutub gedirik. Cəbrayıl tərəfdən gedəndə yolun qırağında tək armud ağacı var haa... – yoldaşları başlarıyla təsdiqlədilər – orda görüşürük. Noçnoy binoklla həm kəndə, həm də postumuza baxıb dəqiq plan cızıb hamınıza xəbər verəcəm. Əvvəl görək kənddəkilərdən nə xəbər var.
Ermənilərdən boşaldılmış Zamzur kəndinə Ermənistandan qovulan azərbaycanlılar yerləşdirilmişdi. Heç birinin silahı yoxuydu. Adam göndərib bir neçə dəfə istəmişdilərsə də, təmin etmək mümkün olmamışdı. Özünümüdafiə batalyonlarında 2 nəfərə bir sınıq-salxaq silah düşürdü, haradan tapıb verəcəkdilər. Son vaxtlar Ovanes Simonyanın quldur dəstəsi bu tərəflərdə əməlli-başlı at oynadırdı. Bir dənə BTR-lə gəlib dayanırdı dik qayanın qaşında. Camaatı vahiməyə salmaq üçün bu sınanmış üsul idi. Adamlar elə bilirdilər ki, beş-altısı da onun arxasındadır. Xaricdən gətirilmiş muzdlular yerli erməni qarasaqqallılarıyla kəndlərə girib evləri soyur, dağıdır, mal-qaranı qabaqlarına qatıb aparırdılar. Etiraz edəni ya güllələyir, ya da avtomatın qundağı ilə baş-gözünü yarırdılar. Ovanesin dəstəsi böyük qüvvə ilə posta hücum etmişdi. İki saatlıq döyüşdə dörd nəfər azərbaycanlı polisi qətlə yetirmişdilər. Sonra da meyitləri təhqir etmişdilər. Kiçik bir dəstə isə əl-ayaqlarını tərpətməsinlər deyə kəndə soxulub xəbərdarlıq etmişdilər ki, kim evdən çıxsa güllələyəcəklər. Arvad-uşağa xətər toxunmasın deyə onları ermənidən qalma evlərin içində küfüllərə doldurub kişilər əllərinə keçən dəmir-dümürü, yabanı, beli götürüb qapılarının arxasında namuslarının keşiyində dayanmışdılar. “Ancaq bizim meyidimizin üstündən keçib...” Silahsızlıq igid-igid oğulları müssər eləmişdi, arvad-uşaq yanında gözükölgəli olmuşdular. Təkbaşına on erməniyə can verməyən oğullar əl boyda silahın qabağında dirənirdilər, irəli atıla bilmirdilər, hirsləri qumbara kimi içlərində partlayırdı. Bayırdakı atışmanın azərbaycanlı polislərin postunun ətrafında getdiyini unamışdılar, amma konkret vəziyyətdən xəbərləri yox idi, evdən çıxmaq ölümlə oynamaqdı. O gün Həmidin keçisi darvazadan çıxanda ermənilər elə bilmişdilər adamdı, keçini də, darvazanı da, həmin evi də güllələrlə deşik-deşik etmişdilər. Bu qədər amansız və qansız idilər.
Ermənilər Cəbrayıl polisinin köməyə gələcəyini bilirdilər. İlk gündən bu hadisələrdə iştirak edən, saç ağardan Vaqif Məhərrəmov dəqiq hiss eləmişdi. Armud ağacının sağ tərəfindən Zamzura sallanan yol minalanmışdı. Maşınla bir az da getsəydilər külləri göyə sovrulacaqdı.
Armud ağacına bir xeyli qalmış qəfil işıq yanıb söndü. Bu bir an çəkdi. Erməni yaraqlılarından kim isə siqaret alışdırırdı. Kimsə dalbadal söyüş yağdırdı, ardından şappıltı səsi gəldi, deyəsən başçıları siqaret yandıranı şapalaqlayırdı.
- Ay it uşağı! Gör nə pusqu qurublar? Bizi postda yox, xeyli irəlidə, kəndin girəcəyində gözləyirlər.
- Plan dəyişdi. ― Mayor göstəriş verdi.
- Nadir, sən qayıt geri. Uşaqlara de armud ağacına yaxınlaşmasınlar, pusqu qurublar. Mənim işarəmi gözləsinlər.
- Nadir maili təpədən dalıqatlı üzüaşağı sürüşdü. Sonra Məhərrəmov Qürbəti yanına çağırdı.
-İşıq gələn yer yadında qaldı?
Qaldı, Vaqif əmi – Vaqif əminin üz-gözü turşudu. Qürbət görmədi, amma hiss etdi. Pauza çox oldu, ona görə. - Həmin o gördüyün yerə bomba kimi bir bomba tutuzdursan, özüm ölüm qayıdan kimi səni bu qrantomyotla kəndinizə göndərəcəm. Get, kef elə.
Sənə qurban olum, Vaqif əmi! Arxayın ol, indi görərsən. - Mayor bu dəfə də “Vaqif əmi yox, komandir” deyib düzəliş vermək istədisə də, fikrindən vaz keçdi – Şikar, mən iki, üç deyən kimi üçümüz də eyni zamanda atəş açırıq. –Şikar əlini qaldırıb gözünün üstünə qoydu, pulemyotunun ayaqlarını möhkəmləndirdi. Qürbət ortadaydı, o da qrantomyotunu çiynində rahladı, Məhərrəmov avtomatını bağrına basdı, dodaqlarını soyuq dəmirə yapışdırdı, öpdü.
Ermənilər bu qəfil atəşi gözləmirdilər. Qürbətin mərmisi düz hədəfə dəymişdi. Bağırtı, zarıltı, qışqırtı sanki yanlarında idi.
Ay sənin gözünə dönüm, ayə apardın e, qrantomyotu kəndə.
Erməni yaraqlıları özlərinə gəlib toparlandılar. Onlar tərəfə üç istiqamətdən güllə yağış kimi yağmağa başladı. Başlarını qaldıra bilmədilər. –İt uşağı nə çoxmuşlar?
Yol tərəfdən heç bir atəş gəlmirdi. Əks tərəfdən - yamaclardan güllə axını çox idi. Yolun minalanması tam dəqiqləşdi. İrəli getməyin mənası və xeyri yoxuydu. Düşmən sayca hiss olunurdu ki, çoxdu. Atəş səsləri daha yaxından eşidilirdi. Geri çəkilmək lazımdı. Məhərrəmov yenə göstəriş verdi.
Torpaq yolun üstündəki qayanın altına enirik. Gəldiyimiz yolla geri qayıtsaq bizi görüb vuracaqlar. Bir dəfə atəş açdığınız yerdən dərhal yayının, yerinizi hədəfləyib vurarlar. Tez-tez atəş nöqtələrinizi dəyişin. Şikar, məni qoru. İstiqaməti tutum, siz də ardımca gəlin. Mən də başınızın üstündən atəş açıb sizi qoruyaram. Çox dikəlməyin.
Məhərrəmov ehtiyatla aşağı sürüşürdü. Şikarın pulemyotu şaqqıldayırdı. Ermənilərin səsi bir az da yaxından eşidilirdi. Məhərrəmov mövqe tutub səslədi: - Şikar, Qürbət, gəlin – avtomatı uzandığı yerdə havaya qaldırıb darağı boşaltdı.
Hər üçü qayanın altından keçən dağ çayının xırnavazasına endilər. Su buz kimiydi, amma hələ hiss etmirdilər, hamı canının hayındaydı, təki burada gizləndiklərini duymasınlar, əsas duruş gətirməkdir, donmaq-filan boş şeydir. Qayalığın üstündə ermənilər gəzişirdilər. Onları görmürdülər. Qayalığın aşağısına enmək risk idi. Tək-tək düşmək olardı, onu da kimsə istəməzdi. Azərbaycanlılar orda gizləniblərsə, qanları getdi. Enən kimi vurulacaqlar. Yox, orda deyillərsə, aşağı baxmağın nə mənası. Qoy cəhənnəm olsunlar. Ermənilərin hamısının ürəyindən bu fikirlər keçirdi. Heç kim dilinə gətirmədi. Kim təşəbbüs irəli sürsəydi: - Onda sən en, bax, -deyəcəkdilər ki, bu da həmin şəxsə əlbəttə sərf eləməzdi.
- Donsanız da tərpənməyin. Suyun şappıltısından yerimizi bilərlər.
“Görəsən Nadirgil, Vəliyəddingil neyləyir?”. Uzaqlardan atış səsləri eşidilirdi. Şübhəsiz döyüş gedirdi. Hansı istiqamətdə? Bunu anışdırmaq mümkün deyildi. Hər iki dəstədən uzaq düşmüşdülər.
Əvvəlcə ayaq barmaqları gizildədi, sonra bir-bir buza döndülər. Çiyinlərini qısıb qayalığın nəm divarlarına söykəndiklərindən qoşa qoltuq ağacına söykənib donan adamlara oxşayırdılar. Ermənilər nəsə xosunlaşırdılar, “axı hara gedə bilərlər?” Yeganə yer onların gizləndikləri çökək idi, amma sürüşkən yamacdan enməyə heç kəsin ürəyi gəlmirdi, deyinə-deyinə canavar sürüsü kimi boğuşur, didişir, bir-birlərini yamanlayırdılar. Gizlənmək üçün çayın xırnavazasına düşəndə sürüşüb dərənin dibində şil-şikəst bihal olaraq qaraquşa yem olmaq yüz faiz idi, ancaq Vaqifgil bunu hesablamamışdılar. Ələ düşmək, erməni gülləsinə qurban getmək qorxusu onların riskini uğurlu etmişdi. Normal halda dik, sərt və sürüşkən yamacdan heç kim ora enə bilməzdi. Sırf bəxt, risk məsələsiydi və əlbətt, Allahın rizasıydı.
Ermənilər bir az da o yan-bu yana baxıb uzaqlaşdılar. Səs-səmir kəsildi...
Hava yavaş-yavaş ağarırdı. Vaqif dönüb Əlyarla Qürbətə baxdı. Əlyar nisbətən toxtaq idi. Bərkə-boşa çox düşmüşdü. Vaqiflə çox yollar yormuşdular. Mərd-mətin dayanmışdı. Qürbətin yanağında iki damla göz yaşı donub qalmışdı. Ağlamamışdı. Soyuqdan gözləri yaşarmışdı. Gülümsəyə-gülümsəyə Məhərrəmova baxırdı. Endirmirdi özünü. Vaqif əlini qoynuna soxub yastı, köhnə kişilərin işlətdiyi siqaret qutusuna oxşayan gümüşü rəngli bir şey çıxartdı, asta-asta qapağını burdu, sonra yana açdı. Qürbət heç nə anlamayıb Əlyara baxdı. İndi astadan yüngülcə çiyni atıla-atıla Əlyar gülürdü: - Sudu? – Qürbət soruşdu – Bu soyuqda su içəllər?
Əlyar hər ehtimala qarşı ağzını tutdu. “Ə, bu lap körpəymiş ki”. Komandirinin şakərini yaxşı bilirdi, bu 200 qramlıq viski qabı həmişə tut arağı ilə komandirinin üstündə olurdu. Soyuq havalarda kəşfiyyata, döyüşə gedəndə həmişə dolu vəziyyətdə Məhərrəmovun cibindən əskik olmazdı. Həmişə də lazım olurdu, yerinə düşürdü. –İç, canın qızsın – Qürbətə uzatdı.
Qürbət almaq istəmədi. Bəlkə də ədəb gözləyirdi. “Böyüklər başlasın”. Vaqif təkid etdi: -Ə, iç deyirəm, sənə. Birinci Əlyarın əlinə düşsə bir damcı qalmayacaq, sən də donub öləcəksən. Sən Allah, xatanı məndən uzaq elə. Tez elə görüm.
Aldı. İlk qurtum boğazını yandırdı, ağzını çəkdi. – Donub ölmək istəyirsən? Kefdən içmirik ey, donmaqdan qorxuruq. Tez elə. Gələ bu konfeti də, sümürərsən, o saat yemə haa...
O biri qurtum içini əməlli-başlı qızdırdı. Canında xoş bir hərarət duydu. Daha bir neçə qurtum da ötürdü. “Ayə, nə yaman istiləndim”. Konfeti yarı soyulmuş, yarı kağızlı ağzına təpdi. Əlyar konfetdən imtina elədi: - Gül kimi neməti zay eliyə bilmərəm. − Sonuncu qurtumları komandir hortdatdı. Əlyara verəcəyi konfeti ağzına atdı. Azca toxtadılar.
Artıq səmti tutmaq olurdu. Harda olduqlarını dəqiq müəyyənləşdirdilər. Ehtiyatla xıznavazdan çıxdılar. Atəş səsləri getdikcə artırdı, çoxalırdı. Ermənilər qaçırdılar. Rayondan əlavə qüvvəlr gəlmişdi polislərə. Amma çox həmlə edə bilmirdilər. Bir BRDM polislərə atəş aça-aça geriləyirdi, saqqallıları qoruyurdu. Erməni yaraqlıları əslində Vaqifgilin gözünün önündən müvazi olaraq keçirdilər. Bir az yaxınlaşıb atəş açmaq olardı, amma ermənilər yenə də sayca çox idilər, üstlərinə gəlsəydilər qeyri-bərabər mübarizəyə girəcəkdilər, bir tərəfdən də BRDM. Əlini Qürbətin çiyninə qoydu.
- Hə, gözünə dönüm, gör neynirsən?
- Məsafə uzaqdır, Vaqif əmi. Bir az yaxınlaşmaq lazımdır.
- Onda getdik.
Vaqifgili o biri dəstədəkilər, rayondan köməyə gələn OMON-çular görmüşdülər. Saqqallıları hürkütsəydilər üzlərini çevirib qaçanda onları qarşılarında görəcəkdilər və yəqin ki, heç birini sağ buraxmazdılar. Bircə bu tank olmasaydı... Onların ermənilərə yaxınlaşmasını görəndə təəccübləndilər. “Bunlar neynəmək istəyirlər? Ermənilər duyuq düşsə...”
- Ə, o kimdir, dizi üstə çömbələn qrantomyotçik?
- Topçu Qürbətdi. Füzuli cəbhəsində vuruşurdu. Şirikdəndir.
- Nədi, tankı vurmaq istəyir? Birdən dəyməsə...
Hamı susdu. OMON komandiri əlini dodaqlarının üstünə qoydu. Döyüşçülər tutduqları mövqelərdə nəfəslərini içinə çəkib gözləməyə başladılar. Həmin anda Qürbət də nəfəsini tənzimləyib qrantomyotu çiynində tarazlayıb barmağı tətikdə əlverişli anı gözləyirdi. Qəribə səssizlikdən və hərəkətsizlikdən ermənilər də şübhələndilər. Sağa-sola döyükməyə başladılar. Və birdən BRDM-ə tuşlanan qrantomyotu gördülər. Çığırışmağa başlamışdılar ki, mərmi uçdu. Tankı alov bürüdü. Məhərrəmov Qürbətin üstünə atılıb onu yerə yıxdı. Güllələr başları üstdən yağış kimi axdı. Bu heç bir dəqiqə çəkmədi. Azərbaycan polisləri və köməyə gələnlər əllərində silah erməni yaraqlılarının üstünə şığıdılar. Ermənilər üç nəfərin üstünə yeriyib onları öldürməkdənsə, qaçmağı üstün tutdular. BRDM-in vurulması ermənilərin şahpərini qırmışdı.
Armud ağacının altında gecədən beş meyit qalmışdı. Qaçaqaçda ətrafda da bir neçəsi güllələnib gəbərmişdi. Hamını təəccübləndirən bir zənci cəsədi oldu. Şikar: -Nayomnikdir – dedi, -kopoyoğlu.
Zəncinin ayağında təzəliyi gennən çağıran topuğa qədər qalın dabanlı, ucu dəmirli əsgər çəkməsi vardı. Şikar irəli yeridi: -Ə, bu nə yaxşı şeydi, nato əsgərlərinin geydiklərindəndir. Bunu götürrəm, -deyib ayaqqabıları çıxartdı, geydi, bağlarını düyünlədi, bir o yana getdi, bir bu yana, atılıb düşdü: -Ə, nə rahatdı.
- Sən çaldın – kimsə atmaca atdı.
Cavab vermək istəyirdi ki, Nadirin naləsi eşidildi: -Can, başına dönüm qardaş, anama nə deyəcəm, məni qanlı tutacaq – kiçik olmasına baxmayaraq qardaşını polisdə işləməyə Nadir gətirmişdi.
Məhərrəmov komanda verdi: -Cənazələri omonçular gələn maşına qoyun. Onlar getsin, biz də dallarınca gəlirik.
Xeyli silah-sursat tökülüb qalmışdı. Altı avtomat, üç qrantomyot, iki yeşik qumbara, avtomat sandıqçaları, pulemyot daraqları qənimət olaraq götürüldü. Armud ağacının dibində iki əsgər torbasında cürbəcür yaraşıqlı konserv bankaları gəl-gəl deyirdi. Almaniya, Fransa istehsalı olan bu emallı qutular müxtəlif ət konservləri və salatlar idi. Keyfiyyətli şeylərdi. Məhərrəmov muzdluların və Yerevan ermənilərinin belə ərzaqla daim təchiz olunduqlarından xəbərdar idi. Əvvəllər də Cəbrayılın ermənilər işğal etdikləri kəndlərini geri alanda bu cür ərzaqları görmüşdülər, hətta kofe, bahalı siqaretlər ... Avropalılar erməniləri pis təmin etmirdilər.
Aşağıdan-kənddən bir dəstə adam onlara tərəf diklənirdilər. Zamzurun yeni sakinləri irəvanlı azərbaycanlılar idi. Əvvəlcə yaşlı bir kişi irəli yeriyib salam verdi. Sonra ölənlərin ruhuna fatihə oxudu. Göz gəzdirib kimə söz deyəcəyini dəqiqləşdirdi. Yanılmadı, V.Məhərrəmovun qənşərinə yeriyib əlacsızcasına əllərini yana açdı.
- Bu gündən sonra bizim burada yaşamağımız mümkün olmayacaq, oğul. O Ovanes deyilən qansız əvəzini beşqat çıxacaq. Dünyanın hər üzünü görmüşük. Deməyin ki, qorxularından belə danışırlar. Qorxaq olsaydıq yüz illərdir onlarla vuruşa-vuruşa böyür- böyürə yaşamazdıq. Həmişə biz yenmişik. Öz torpağımızda, yurdumuzda kimdən qorxasıydıq ki. Amma oğul, əliyalınıq, nə qədər ürəkli olsaq da əliyalın avtomatın, pulemyotun, tankın qabağında dayanmaq olmaz. Ya axşama qədər bizə silah göndərin, özümüz-özümüzü qoruyaq, ya da axşam maşınları göndərin, bizi aparsınlar Bakıya. Dörd tərəfimiz ermənidir. Yuxarıdakılara deyin, bizi gülləyə havayı mişen eləməsinlər.
Məhərrəmov tutuldu. Vəziyyət ağsaqqal deyən kimiydi. Danmaq mümkün deyildi. Mütləq Ovanesin dəstəsi hayıf çıxacaqdı. Postu götürmələrinə baxmayaraq yenə ora dörd nəfər polis qoyacaqdılar. Ya sayı artırmaq gərəkirdi, ya da camaatı çıxarmaq.
- Ağsaqqal, mütləq fikrinizi çatdıracam. Sizi başa düşürəm. Şər qarışmamış “hə-yox” bilinəcək.
Gələnlər nigaran baxışlarla geri döndülər. Bir şeyi yəqinlədilər: yenidən qaçqın düşəcəklər.