“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə şəhid övladları və ailə üzvləri üçün Şəkidə keçirilən payız düşərgəsi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, noyabrın 8-11 tarixlərində keçirilən payız düşərgəsində ölkənin müxtəlif şəhər və rayonları, o cümlədən Gəncə, Şəmkir, Lənkəran, Astara, Masallı, Yardımlı və Şəkinin özündən 51 məktəbli və onların valideynləri iştirak edib.
Dörd gün ərzində Azərbaycanın ən gözəl və qədim şəhərlərindən birində təşkil olunan düşərgə çərçivəsində keçirilən tədbirlərə ümumilikdə 70 şəhid ailə üzvü qatılıb.
Düşərgə iştirakçıları üçün “Zəfər sədası” adlı musiqili tədbir də keçirilib. Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova iştirak ediblər.