Zəhərlənən uşaqların sayı 119 imiş - Səbəb sudur+Video

zeherlenen-usaqlarin-sayi-119-imis
Oxunma sayı: 1596

Xəbər verdiyimiz kimi, Sumqayıtda uşaqlar arasında kütləvi zəhərlənmə baş verib.

“Qafqazinfo” ARB-ə istinadən xəbər verir ki, son 3 gündə şəhərin Hacı Zeynalabdin Tağıyev, Novxanı kəndi, Saray və Ceyranbatan qəsəbəsində yaşayan 2-7 yaş aralığında olan 119 uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Valideynlər zəhərlənməyə səbəb kimi suyu göstərirlər.

Nəvəsini xəstəxanaya gətirən Əkbər İsmayılov deyir ki, uşağın vəziyyəti su içən yerdə pisləşib: “Qızdırması qalxdı, ürəyi bulandı. Sistem köçürdülər, evə apardım, sonra əhvalı pisləşdi, yenidən gətirdim”.

Valideyn Altay Əsgərov da qeyd edib ki, 99 faiz uşaqlarda eyni xəstəlikdir: “Qusma, qarıngetmə, yüksək hərarəti var. Hamısı sudandır, zəhərləniblər”.

Səhiyyə Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları da xəstəxanada olublar. Uşaqlardan analizlər götürülərək laboratoriyaya göndərilib. Kütləvi zəhərlənmənin səbəbləri laboratoriyanın verdiyi rəydən sonra məlum olacaq.