Azərbaycanda atların sayı kəskin azalıb

azerbaycanda-atlarin-sayi-keskin-azalib
Oxunma sayı: 1965

Azərbaycan 2016-cı ildən başlayaraq kəsim üçün at əti ixrac edir. 

“Qafqazinfo” xəbər verir ki, ekspress.az-ın yaydığı xəbərə görə, ötən il ətlik istiqamət üzrə at ixracı 1155 baş olub. Ölkəmizdən ixrac edilən at ətinə tələbat artdığından 2017-ci ildə xaricə at əti satışı bir neçə dəfə artırılıb. Bu ilin yanvar-oktyabr aylarında ixrac 2016-cı ilin göstəricisi ilə müqayisədə 5,5 dəfə artaraq 6316 başa çatıb.

Azərbaycandan ətlik məqsədilə at ixracının kəskin artmasının səbəbi ölkəmizdə at ətinin ucuz olmasıdır. 2017-ci ilin yanvar-oktyabr aylarının göstəricilərinə əsasən Azərbaycandan 1 baş atın (ətlik) orta ixrac-satış qiyməti 148 ABŞ dolları olub. 2016-cı ildə ixrac qiyməti 141 dollar idi.

Dünya üzrə at ətinin orta idxal qiymətlərinə nəzər yetirdikdə görürük ki, Azərbaycandan ixrac olunan ətin dəyəri olduqca ucuzdur. 2016-cı ildə qlobal bazarda at ətinin orta idxal qiyməti bir ton üçün təxminən 3800 (bir kiloqramı 3,8) ABŞ dollarıdır. Bir atdan ən azı 70-80 kiloqram ət alındığını nəzərə alsaq ölkəmizdən diri çəkidə ixrac edilən atın qiymətinin dünya üzrə orta idxal qiymətindən 2 dəfə aşağı olduğu aynınlaşır.

Son iki ildə kəsim məqsədi ilə atlar Azərbaycandan yalnız Qazaxıstana ixrac olunub. Bu ölkə hər il təqribən 3-4 min ton at və qatır əti idxal edir. Qazaxıstan həm də, at ətinin istehsal həcmina görə dünyada ikinci yerdədir.

2016-cı ilə aid olan məlumata əsasən, ölkəmizdə 71,666 min baş at olub. 2012-ci ildən bəri atların baş sayında davamlı azalma var. Həmin ildə atların sayı 77,208 min idi və 2016-cı illə müqayisədə at sayı 5542 baş və ya 7,17 faiz azalıb. 2017-ci ildəki yüksək ixrac göstəricisini də nəzərə alsaq at sayında ciddi azalma baş verəcək.

Azərbaycan 2016-cı ilə qədər at ixrac etməsə də, qeyri-rəsmi yerli istehlakın olması at sayının azalmasına səbəb olub. Əgər belə yüksək ixracın qarşısında at yetişdirilməsinə xüsusi fikir verilməsə, ölkəmizdə atların sayında kəskin azalma baş verəcək və daxildə qiymətlərdə artım müşahidə ediləcək.