İmkan ver yataq, XORULDAMA!

imkan-ver-yataq-xoruldama
Oxunma sayı: 3906

İnanmıram ki, kimsə “mən xoruldayıram”etirafını edə. Yatarkən xoruldamaq təkçə o insanın özünü deyil, ətrafındakıları da narahat edir. Evdə həmin “günahkar”, “yuxu qatili” insan hamı tərəfindən danlanır, heç kəs onunla eyni otağı paylaşmaq istəmir. Axı kim yuxusuna haram qatmaq istəyər? “Gurultulu səsin” sahibi nə qədər boynuna almasa da, bəzən bəhanələrini də əksik etmir: “Yaman yorulmuşdum”, “həmişə xoruldayan deyiləm”, “yerim narahat idi”, “burnumda ət var” və.s. Bu vəziyyətə nə qədər zarafatla baxılsa da, xoruldamaq ciddi problemdir. Şəxsin barəsində qeyri- estetik fikir yaratsa da, onun üçün daha ciddi məsələdən, həyati təhlükəsindən xəbər verir.

Xoruldayan heç özü də yatmır

Dünyanın 45%-i həmişə, 25%-isə bəzən xoruldayanlardır. Kişilərin beşindən birində, qadınlarınsa onundan birində görülən vəziyyətdir. Elə insanlar var ki, həqiqətən bəzi hallarda yorğunluq, yatdığı çarpayının narahatlığı, spirtli içki içdikdə, yatmamışdan qabaq çox kalorili, agır qida qəbulu zamanı xoruldayır. Bunu o insanlar özləri də bilirlər. Çox insan isə adət halında yatarkən xoruldayır. Bu vəziyyətin bir çox vacib səbəbləri var.
1.Bədən çəkisinin çox olması. Bu halda , xüsusən orqanizmdə piylənmə prosesi gedirsə, həmin insanın bütün daxili orqan və damarlarında da piylənmə, daralma baş verir. Bu proses nəfəs yollarına da şamil olunur.
2. Burun, boğazda sadə dillə desək, ətin olması, dilin böyüməsi, damağın arxa divarının darlığı, həddindən artıq yumşalması. Bütün bunlar insanın anatomik qruluşundakı qüsurlarından irəli gəlir.
3. Hər hansı tənəffüs yolu xəstəliklərində(rinit, xroniki bronxit və.s), xüsusən uşaqlarda allergiyalar zamanı burunda tıxanmalar zamanı
4. Hər hansı ağır əməliyyatdan sonra
5. Yaşın irəliləməsi ilə, xüsusiylə 45-50 yaşlarından sonra
Çox zaman insanlar xoruldamağın səsbəbini yalnız burundakı vəziyyətdə görürlər. Elə bəzi fürsətçi estetik cərrahlar da burun əməliyyatları etməyə tələsirlər. Əslində isə, səbəbkarların yalnız 15%-ində xoruldamağa səbəb burundakı qüsurlardır. Bu rəqəm ABŞ və Avropa ölkələrində aparılan araşdırmalardan sonra ortaya çıxıb.

Xoruldayanın həyatı niyə təhlükədədir?

Xoruldayan insan əslində yatmır. Mütəxəsislər mütamadı xorultuyla yatan insanların vacib yuxu fazasına keçmədiklərini deyirlər. Çünki belə insanların gözləri yumulsa belə, beyni yatmır. Ən əsas isə nəfəs yolundakı havanın maneələrə rast gəlməsi səbəbindən o şəxs yaxşı tənəffüs etmir. Bu halda deməli bədən, o cümlədən beyin hüçeyrələri oksigensiz qalır. Xoruldayan insan tam yuxusunu almadığı üçün də istirahət edə bilmir. Yatmamış adam dincəlməmiş adamdır. Buna görə də belə insanlar günboyu yorğun, ərincək olur, harada gəldi, yolda, işdə, metroda, oturduğu yerdə mürgüləməyə meyilli olurlar. Ən vacibi isə odur ki, xoruldayanın oksigensiz qalan beyini zamanla zədələnir. Altsqeymer adlı xəstəlik meydana gəlir ki, bu da beyinin “ölməsi”deməkdir. Bu xəstəlik 10 ilə qazanıla bilər. Xoruldayanların xalq dilində desək “ağlı azalır”, beyinin funksiyaları pozulur, yaddaş itir, belələri yüksək təzyiq xəstəliyini qazanırlar. Doğrudan da, araşdırmalar göstərir ki, yüksək təzyiqli insanların çoxu yatarkən xoruldayır. Zamanla ürəyin işində , qan-damar sistemində pozulmalar meydana çıxır.
Son vaxtlar ortaya çıxan bir məsələ isə daha çox qorxu yaradır. Xoruldayan insanın bədəni oksigenlə tam təmin olunmadığından bu hücüyrələrdə xərçəngin inkişafına yardım edir. Çünki xərçəng hüçeyrələri orqanizmin davamsız, zəif, passiv olan bölgələrində meydana gəlir.
Xoruldamaq əgər adət halındadırsa, deməli bu xəstəlikdir. Bu vəziyyət 1874-çü ildən xəstəlik kimi kəşf olunub. Gülməli olsa da, antik dövrlərdə xoruldayan insanın hörməti olurmuş, bu şan-şöhrət hesab olunurdu. Xoruldamaq getdikcə ciddiləşirsə, deməli o insan yuxu apnesi adlı xəstəliyi daşıyır. Bəlkə də insanların çoxu hər an yuxuda boğularaq ölmək təhlükəsini dərk etmir. Bəli, yuxu apnesi(“apne” –yunancadan “nəfəsin dayanması” deməkdir. Həqiqətən də, yatan adam bu xəstəlik zamanı saniyələrlə( hər dəfəsində 10 saniyə olmaqla) havasız qala bilər. Yenidən dərindən nəfəs almaqla özünü bərpa edən şəxsin vəziyyəti düşündürücüdür. Bu hal 100 adamdan 5-də rast gəlinir. Yüz uşaqdan 10-u gecə xoruldadığı halda, 100-dən yalnız ikisinə yuxu apnesi diaqnozu qoyulur.
Bu mövzuda araşdırma aparanda məlum olur ki, elə çox vaxt yol qəzalarının səbəbi də bu xəstəlikdən olur. Çünki yolda olan sürücünün qəfil sükan arxasında yuxulaması qəzanı törətməsinə səbəb olur. Misal üçün, xarici ölkələrin çoxunda uzun yola çıxan sürücülər xüsusi müayinələrdən keçir, yuxu apnesi xəstəliyinin olub-olmaması dəqiqləşdirilir.
Yaxud da, bu gün sağlam yatıb, ölü aşkar olunan insanlar haqqında tez-tez eşidirik. Buna yuxuda havasızlıqdan ölmək də səbəb ola bilər. Bu barədə xarici ölkələrdə daha dəqiq tədqiqatlar aparılır.

“Rahat yatmaq istəyirəm”

Xoruldamaqla bağlı özünü müayinə etdirmək istəyən azərbaycanlı azdır. Bunu qulaq, burun, boğaz həkimi Yaşar Vəliyev deyir. Həkimin sözlərinə görə, bizdə doğru olmayan deyim var, “əsil kişi xoruldamalıdır, xoruldamağı da müalicə edərlər?”. İnsanlar bu məsləyə tibbi problem kimi yanaşmalı, yeri gəldiyində müayinə olunaraq qurtulmalıdırlar. Çoxu bu problemdən birdəfəlik qurtulmağın mümkün olmadığını deyir. Xeyir, müayinə olunmadan bu barədə qəti fikir demək olmaz.
Diğər LOR həkim Bilal Çərkəzli isə müasir tibbin xoruldamaq kimi problemdən qurtulmağa imkan verdiyini deyir. Həkim əsasən kişilərin artıq çəki, düzgün qidalanmaması səbəbindən erkən yaşda gecələr xoruldadığını deyir. Amma yuxarıda sadalanan xüsusiyyətlər də rol oynayır. “Bu gün xüsusi yuxu testi deyilən müayinə aparatları var ki, pasiyent bu aparata qoşulmaqla əsil xoruldama səbəblərini bizimlə birgə aşkar edə bilər. Polisomnoqrafiya adlı test üçün xəstə bir gecə klinikada qalır və yatdığı zaman ona qoşulan qeydedici elekrodlar vasitəsiylə onun beyin dalğalarını, ürək döyüntülərini, nəfəs alma-vermə sayını, qanda oksigenin səviyyəsini bilmək olur. Bundan sonra səbəbkarın vəziyyəti barədə tədbir görülür. Ona yatarkən rahat olsun deyə xüsusi maska verilir. Lazım olarsa, əməliyyata qədər getmək olar. Yenə də pasiyentin dəqiqliklə müayinəsi vacibdir.
Xoruldamağın qarşısını alan əməliyatlardan biri də dilin bir hissəsinin götürülməsidir. Ancaq bu lazerlə edilən əməliyyat yenə də xəstənin vəziyyəti dəqiq qiymətləndirildikdən sonra aparılır.
Hazırda dünyada xoruldayan insanlara müxtəlif firmaların istehsalı olan bantlar, kürəyə qoyulan toplar, buruna taxılan xüsusi çihazlar və.s vasitələr təklif olunur. Misal üçün, Türkiyədə xüsusi yastıqlar istehsal olunaraq satışa çıxarılıb. Bu yastıqların içində bildiyimiz fıstıq qabıqları var. Yaxud Yaponiyada
ayıyabənzər robot yastıq yaradılıb. Bu yastıqda mikrofon yerləşdirib. Yatan xoruldayan zaman “ayı” pəncəsi ilə onu vurur, o da ayılır. Amma hamı tərəfindən bilinən doğru üsullar da var.
Xoruldayan hündür yastıqda, böyrüüstə yatmalı, içkidən istifadə etməməli, düz çarpayı seçməli, yatmamışdan heç nə yeməməlidir. Həkimlər çox adamın xoruldamaması üçün gecələr yatmazdan qabaq sakitləşdirici dərmanlar istifadə etməsini düzgün hesab etmir. Asıllıq yaradan bu dərmanlar xoruldamanı heç cür azalda bilməz.

Xoruldayanı boşamaq istəyirlər

Bu barədə eşidəndə əvvəl güldüm, sonra ciddi fikirləşəndə “zərərçəkənə” haqq verdim. Bəli dünyada boşanmaların 85%-inə səbəb xorultudur. Zarafat kimi baxdığımız bu “gurultulu səs”ə dözməyənlər çoxdur. Bizdə də bu səbəbdən ayrılmaq istəyənlər az deyil. Psixoloq Zülfiyyə xanıma görə, xoruldamağa ciddi baxmayan kişilər müalicə olumaqdan qaçır, yenə də daha çox qadınlar utandıqları üçün müalicəyə can atırlar. Xoruldamaq ailə içində də münasibətlərə təsir göstərir. Hamı səbəbkarı danlayır. Yaxud onun hamıdan gec yatmasını tələb edir. Çıxardığı səsləri gülüş obyektinə çevirirlər. Həqiqətən də, xorultunun səsi hərdən bütün bir ailənin yuxusuz qalmasına səbəb ola bilər. Gənc ailələrdə qadın-kişi arasında problemin yaranmasına, qadının, yaxud kişinin xoruldaması barədə fikiri mübahisələrə səbəb olur. Bəzən məslə ciddiləşir, onlar ayrı-ayrı otaqlarda yatmağa məcbur olurlar. Münasibətlər pozulur, küsmələr baş verir. Sözsüz bu da, uzaqlaşmalar, xüsusən kişilərin ailədən soyumasına gətirib çıxarır.
Azərbaycanlı ailəsində dərdini gizlətmək kimi bəla var. Bu da çox vaxt dərinləşən problemlərin meydana gəlməsinə yol açır.
Bu arada qeyd edim ki, xoruldamağın nə qədər ciddi olması barədə bizdə həkimlər səsini çıxarmır. Halbuki, qonşu ölkələrdə bu problemin həllini boynuna götürən, təbliğ edən xüsusi həkim briqadaları, elekron səhifələr fəaliyyət göstərir.
Nəhayət, xoruldamağın sosial, tibbi, ciddi sağlamlıq problemi olduğunu etiraf edək. Yaxınlarınızı bundan qurtulmağa tələsdirin.

Raminə Eyvazqızı