“Siyavuş Novruzov YAP-a bir şeir yazsın” - Müsahibə

siyavus-novruzov-yap-a-bir-seir-yazsin-musahibe-
Oxunma sayı: 1423





Müsavat Məclisinin sədri, sabiq millət vəkili Arzu Səmədbəylinin “Qafqzinfo”ya müsahibəsi


- Bu gün (21 fevral) Müsavat Partiyasında nə ilə bağlı toplanmışdınız?

- Bizim başqan yanında hər gün toplantımız olur. Birinci gün müavinlik, sonra divan, sonra da təşkilat komitəsinin toplantısı olur. Bu gün isə müavinlik toplantısı olub.

- Belə çox məsələlər var müzakirəyə etməyə? Hər gün bu tədbirlərdə nə danışırsınız?

- Ölkənin aparıcı siyasi partiyasının danışmağa hər gün mövzusu var. Ölkənin bütün rayonlarını əhatə edən rayon təşkilatları olan, hakimiyyətə iddialı olan və bu hakimiyyətə ən çox şanslı olan bir partiyanın mənə elə gəlir ki, həftənin bütün günü danışmağa mövzusu olmalıdır. Həm ölkədə, həm bölgədə, həm də dünyada baş verən prosesləri müzakirə edirik.

- Elə gəlin bu gündən danışaq. Nə danışdınız bu gün?

- Çox məsələləri danışdıq. Həm təşkilatımız aid olan, həm bölgədə baş verən proseslərlə bağlı, həm qarşıdakı qurultay işləri ilə bağlı, həm də Xocalı faciəsi ilə bağlı tədbirlər planımızla bağlı danışdıq. Həmçinin fevralın 25-də İctimai Palatanın Xocalı Faciəsi ilə bağlı dəyirmi masası olacaq və fevralın 26-da isə Xocalı abidəsini ziyarət edəcəyik. İctimai siyasi vəziyyət isə bizim hər gün müzakirə etdiyimiz mövzumuzdur. Görülən işlər və verilən tapşırıqların yerinə yetirilməsinə baxış və bu tip mövzulardan danışırıq.

- Ölkədəki ictimai siyasi vəziyyət necədir? Siz necə qiymətləndirirsiniz?

- Ölkədə ictimai siyasi vəziyyət sabit ağırdır.

- Sizcə, neçə ildir vəziyyət belədir?

- Xeyli müddətdir ki, vəziyyət belədir. Arada demokratik düşərgənin tədbirlərini- mən İP-nın, Müsavatın və gənclərin kütləvi aksiyalarını, onların icazəsiz adlandırdığı aksiya, lakin bizim konstitusiya hüququmuzdan istifadə edərək həyata keçirmək istədiyimiz tədbirlərdən başqa, çox təəssüflər olsun ki, ölkədəki vəziyyət həqiqətən də ildən ilə pisliyə doğru gedir. Artıq 10 il əvvəllə indikini müqayisə etmək olmaz. Doğurdan da getdikcə vəziyyət ağırlaşmağa doğru gedir və təəssüf ki, dünyada baş verən bu qədər proseslər və dəyişim dalğası hələ də Azərbaycan hakimiyyətinə çatmır və bu ölkəni idarə edən adamlar köhnə üsül-idarələri ilə özlərinin müəyyən etdiyi qaydalarla idarə etməkdə davam edirlər.

- Bu yaxşıdır, yoxsa pis?

- Çox pisdir və bu vəziyyəti bir az da çətinləşdirir.

- Axı bu müxalifət üçün yaxşı olmalıdır...

- O müxalifət ki, ölkənin, xalqının, dövlətinin mənafeyini özünün şəxsi mənafeyindən, partiya mənafeyindən üstün tutursa, onlar üçün qətiyyən yaxşı deyil. Hardan yaxşı ola bilər ki, xalqımızın güzəranı günbəgün pisləşir. Hardan yaxşı ola bilər ki, neftdən bu qədər gəliri olan dövlətin müəllimi, həkimi, təqaüdçüsünün vəziyyəti getdikcə daha da ağırlaşır. Biz hər bölgədə oluruq, vəziyyəti xalqdan soruşsanız hər şey aydın olacaq. İldən ilə deyil, günbəgün vəziyyət pisləşməyə doğru gedir. Biz bu pisliyi istəmirik. Biz deyirik ki, xalqımız bu cür yaşamağa layiq deyil. Xalqımızın normal ən azından orta səviyyəli ölkələr səviyyəsində yaşamağa haqqı var.

- Maraqlıdır ki, iqtidarı dindirirsən vəziyyətin günü-gündən yaxşılaşdığını deyir. Müxalifət isə tam əksini.

- Mən sizi anladım. Deməli, Rusiyanın Miqrasiya İdarəsinin başçısı müsahibəsində bildirib ki, təkcə bir il müddətində Azərbaycandan Rusiyaya qeydiyyatdan keçərək gedənlərin sayının 500 min olduğunu göstərdi. Təkcə Moskvada ruslardan başqa ikinci millət azərbaycanlılardır. Əgər vəziyyət günü-gündən yaxşılaşırsa, mən sizə sual verirəm bu insanlar ölkədən niyə çıxıb gedir? Yaxşı olan halda insan öz evini, ocağını, balasını, anasını qoyub harasa gedər? Biz kimi aldadırıq? Bunların hamısı çörək dalıyca gedib. Təkcə özlərini deyil, həm də burada qoyduqlarını dolandırmaq üçün. Həqiqətən də vəziyyət çox kritik və dəhşətlidir. Bu statistik rəqəmi biz deməmişik, Rusiyanın bu sahəyə aid olan birinci şəxsi deyib. Nəzərə alın ki, əvvəllər vəziyyət belə deyildi. İndi isə daha ağır şərait yaradılıb və insanlar buranı tərk etmək məcburiyyətində qalır.

- İndi deyirsiniz ki, bu hesabla bir-iki ilə Azərbaycanda adam qalmayacaq?

- İndi getmək imkanı olan gedib, yerdə qalanlar isə həmin o gedənlərin hesabına dolananlardır. Bu yaxınlarda, yəqin, sizdə izləmisiniz Rəşid Mahmudov ANS-də maraqlı bir çıxış edib. O sual edir ki, mən 50 il dərs demişəm, 170 manat alıram, bununla neyləyim? Həqiqətən də o insan haqqında maraqlanmışam, rüşvət almayan bir müəllim olub. 170 manatla bir dəfə bazara gir, özü də qarşıdan Novruz bayramı gəlir. İnan ki, bazar siyahısını tam alıb çıxa bilməzsən ordan. Bəs sonra neynəyəcəksən?

- İndi siz oturub bu məsələləri müzakirə edirsiniz?

- Bütün məsələləri müzakirə edirik. Tək bu məsələ ilə hər şey bitmir. Biz ölkədə həm siyasi, həm sosial, həm də iqtisadi vəziyyəti müzakirə edirik. Həmçinin tələbələrin, aztəminatlı ailələrin durumunu, ölkədəki korrupsiya və rüşvətin bu səviyyədə olması və getdikcə Azərbaycanın adını beynəlxalq səviyyədəki siyahılarda aşağıya doğru sürüşməsini. Biz həm də Azərbaycan prezidentinə Almaniyada verilən sualı da müzakirə edirik. Doğrudur, birinci dedilər ki, o jurnalistdir, məlum oldu ki, o jurnalist yox Almaniyanın Xarici Əlaqələr və Strateji Araşdırma Mərkəzi İnstitunun direktorudur. O əslində sual vermirdi, vəziyyət üçün müraciət edirdi. Onlar digər ölkədəki vəziyyətlə bağlı prezident üçün məlumat hazırlayan adamlardır. Biz həyəcan təbili çalırıq ki, vəziyyət bu dərəcədə pisdir və getdikcə pisliyə doğru gedir, hakimiyyət nümayəndələri isə iddia edir ki, analoqu olmayan ölkədir.

Təkcə ona nəzər yetirək ki, son günlərdə qar yağdı və nəticədə yollar pis günə qaldı. Yollardan keçilməli deyil. Redaksiyaya qədər az bir yol olsa da, əvvəlcədən yollarını nəzərə alıb 15 dəqiqə intervalı götürdüm ki, bu xəndəklərdən keçmək üçün güclə çataram.

- Nə üçünsə hər il müxalifət liderləri proqnozlarında gələn ilin daha yaxşı olacağını deyirlər, amma bu olmur? Onlar hər il iqtidarın sonu olduğunu bəyan edirlər, amma heç bir şey baş vermir

- Ümidverici çox böyük proses var. Biz deyirik ki, Azərbaycan vətəndaşı bu cür yaşamağa layiq deyil. Bundan qat-qat daha yaxşı yaşamağa imkanı var. Vaxtı ilə Müsavat deputat qrupu parlamentdə olanda çıxışlarımızı eşidirdiniz. Mən nazirlərə verdiyim bir suala da cavab almamışam. Çünki verdiyim sualların cavablarını məndə bilirəm, onlar da bilir. Onlar mənə cavab verə bilməzlər. Biz sual edirik büdcədən ayrılan ayrıntıları niyə vermirsiniz? Niyə görə, Səhiyyə Nazirliyinə verirsiniz, amma tikinti sektoruna ayrılan milyardları başqa böyük məbləğdə olan pulları vermirsiniz. Niyə? Biz bunun cavabını bilirik. Bu yeyinti məhsullarıdır. Biz bunları araşdırmışıq və ölkədəki vəziyyəti çox gözəl bilirik. Bu korrupsiya, rüşvət Azərbaycanı içindən yeyir və korrupsiya və rüşvət olan bir dövlətdə ədalət ola bilməz, qanunlar işləməz, konstitusiyaya əməl olunmaz, insanların mülkiyyət hüququ tapdalanar. Bunları biz bilirik. Bunları bilmək üçün çox böyük savad da tələb olunmur. Hər bir normal siyasətçi vəziyyətin bu cür olduğunu bilir və bu hallar müşahidə olunan ölkələrdə tərəqqi ola bilməz, tənəzzül ola bilər. Bizdə deyirik ki, Azərbaycan vətəndaşı Azərbaycan iqtidarından narazıdır. Mən sizə deyim ki, bu narazılıq getdikcə artmaqdadır.

- Nə qədər artıb?

- Biz bu həddin daha da kritik olmasını istəmirik. Bu partlayışlara gətirə bilər. Misirdə, Liviyada insanların həyat şəraiti Azərbaycandakından qat-qat yaxşı idi. Hətta Liviyada insanların aylıq məvacibi 6-7 dəfə artırılıb, amma partlayış baş verdi.

- Deməli, partlayış insanların yaşayış səviyyəsindən asılı deyil?

- Bu o deməkdir ki, insanlar həm də azadlıq istəyir. İnsanlar insan kimi yaşamaq istəyir. İnsanlar özünə olan münasibətdə ona bir şəxsiyyət kimi yanaşmasını istəyir, yoxsa adi bir dövlət məmurunun özünün şəxsi mənafeyi üçün heç bir qanunu nəzərə almadan istədiyi kimi bütöv bir rayonu, bütöv bir bölgəni idarə etməsindən bezib. Həmin o bezmənin nəticəsi idi ki, insanlar meydana daşındı. Mən ərəb ölkələrindəki inqilabı nəzərdə tuturam. Bu vəziyyətin çox sürətlə Azərbaycana doğru gəldiyini görürük. Rusiyada son 10 ildə heç 1000-2000 nəfərdən artıq küçələrə insan çıxmamışdı, neçə dərəcə şaxtanın altında insanlar Rusiyada demokratik qüvvələrin çağırışı ilə meydana çıxdı.

- Arzu bəy, 150 milyonluq xalq üçün 100 min nədir ki?

- Mən də sizə deyirəm ki, bir az əvvəl bu rəqəm 2 min idi, indi 100 min oldu. Sizi inandırıram ki, bu artım və bu vəziyyətlə artıq milyona çevriləcək. Azərbaycanda da meydana çıxanda dedilər ki, 500 nəfər insan var idi. Mən bir mütəxəssis kimi sizə deyə bilərəm ki, orda 10 min insan var idi. Onun 2 mini aktiv idi, yerdə qalanları isə aktiv deyildi. Şüar deyən küçələrdə, meydanlarda olan 2 min adam olardı. İqtidar isə rəqəmlərlə göstərdi ki, hardasa 500, hətta 300 nəfər, 50 nəfər deyənlər də var idi. Yəni biz deyirik ki, bizə sərbəst toplaşmaq hüququ tanıyın. Bizə qanunda tətbiq olunmuş mitinq, piket keçirmək haqqı tanınsın.

- Tanınmasa?

- Elə biz də ondan qorxuruq ki, inqilabi situasiya yetişir və günün birində, bu nə zaman olacaq onu heç kimsə bilmir.

- İnqilab istəyirsiniz, ancaq inqilabi vəziyyətdən qorxursunuz?

- Biz sadəcə olaraq Azərbaycanda qanlı inqilabın olmasını istəmirik. Onlara görə yox, xalqımıza görə istəmirik. Bilirik ki, qanlı inqilabın nəticəsi istər-istəməz xalqa təsir edəcək və biz Suriyadakı, Liviyadakı vəziyyəti istəmirik. Biz Misirdəkini də istəmirik. Biz istəyirik ki, İctimai Palatanın prezidentə və parlamentə hazırlayıb verdiyi “Demokratiyaya yumşaq keçidin yol xəritəsi”ni hakimiyyət bunu mərhələ-mərhələ həyata keçirsə, həm bizim istəklərimiz həyata keçirilər, həm də bu hakimiyyət o qanlı inqilab situasiyasını yetişdirməz.

- Ümumiyyətlə, “Demokratiyaya yumşaq keçidin yol xəritəsi”nə reaksiya olub?

- Hələki müşahidə olunmayıb. İsa bəy buna gözəl bir misal çəkdi və mənim çox xoşuma gəldi: “1979-cu ildə islam inqilabı öncəsi İrandakı müxalifət eynən buna bənzər bir sənədi şaha təqdim edib, şah isə televiziyada ironiya ilə xalqa deyib ki, gör bunlar mənə nələri qəbul etməyimi deyirlər. O inqilab baş verəndə isə şah müxalifəti çağıraraq deyib ki, həmin sənədin nöqtə-vergülünə toxunmadan qəbul edirik, indi müxalifət gülüb ki, yox xalq qoymaz ki, şahla bunu müzakirə edək. Artıq gecdir. Amma bu zamanında olsaydı. Təbii ki, biz öz şəxsi mənafeyimizdən yana demirik. Biz demirik ki, çəkilin kənara biz gələk. Biz deyirik ki, normal bir şərait yaradın ki, bu xalq, bu vətəndaş istədiyi adama gəlib səs versin. Dünyada həddən ağır cinayət xalqın səsini oğurlamaq sayılır. Bundan ağır cinayət yoxdur. Sən xalqın səsini oğurlayırsansa, bu artıq dövləti cinayətdir. Məsuliyyəti də çox böyükdür. Mən bunu parlamentdə də demişəm 1993-cü ildən indiyə qədər Azərbaycanda keçirilən bütün prezident və parlament seçkiləri saxta seçkilərdir. Heç bir beynəlxalq standarta cavab verməyən seçkilərdir. Azərbaycan vətəndaşının gerçək səsi, gerçək protokolda əksi yoxdur. Bunlar saxtalaşdırılıb, bunu bilməyən insan yoxdur.

- Siz deyirsiniz ki, hakimiyyət demokratik deyil?

- Mən deyirəm avtoritar hakimiyyətdir.

- Deməli, avtoritar hakimiyyət çalışacaq ki, seçkini dəyişdirməklə bütün imkanları özündə saxlasın. Yəni bu gələn seçkilərdə də belə olacaq. Bəs müxalifət nə edəcək?

- İndi mən sizə bunun qarşılığında sual qoyuram. Niyə Liviyada, Misirdə digər ərəb ölkələrində 5 il qabaq da narazılıq var idi, amma inqilab baş vermədi? Niyə bəs indi baş verdi? Biz bilirik ki, bu nə zamansa, partlayacaq. Bunun bir həddi var. Mənə elə gəlir ki, artıq vəziyyət həqiqətən də çox kritikdir. Məncə, ölkədə hakimiyyətə təkcə müxalif olan müxalifətçilər deyil, xalq da hakimiyyətə müxalifdir. Xalqın arasında gedib rəy sorğuları keçirsəniz , xalq bu hakimiyyətin idarəçiliyindən, yaşamından, korrupsioner məmurlardan, qanunların işləməməsindən danışacaq. İstəyirsiniz bunu birgə aparaq. Biz insanların içərisindəyik, bizim rayon təşkilatlarımız var. Mən ictimai nəqliyyatdayam, metrodayam, taksidəyəm, piyada gəzirəm. Mənim çevrəm var, onlarla görüşüb söhbət edirəm. Mən xalqın rəyini bilirəm. Bəzən düşünürəm ki, bəlkə, biz hissə qapılıb bu qədər insanların hakimiyyətdən bezdiyi ilə bağlı fikirlər deyirik. O zaman mən müəyyən insanlar var ki, bilirəm ki, onlar bizim də səhvlərimizi, gördüklərini olduğu kimi tənqid edirlər. Yəni xüsusi maraqları yoxdur. Həmin adamlar da deyirlər ki, qardaş, bu hakimiyyət ağlını başına yığıb fikirləşməlidir ki, uçuruma gedir. Mən qorxuram ki, hakimiyyət özləri ilə bərabər bizi də uçuruma doğru sürükləsin. Yəni inqilabi şərait yaratmaqla. Biz bunu istəmirik, bizim istəyimiz normal hakimiyyət bu vəziyyətdən baş çıxarsın. Amma çox qəribədir ki, dünyanın avtoritar liderləri bir-birindən dərs götürmür. Birinci Tunis getdi, Mübarək dedi ki, mən Bin Əli deyiləm ki, Qəddafi dedi ki, mən Mübarək deyiləm, indi də həmin şeyi Bəşər Əssad deyir. Elə bil Allah onların gözünü bağlayıb, gözü çıxarılmış qardaşlarını da görmürlər. Sanki həmin insanlar özləri üçün elə bil aura müəyyən edib, bir sistem qurub və sistemdən də kənar heç bir şeyi qəbul etmək imkanında deyillər. Bu cür adamlara kənardan gələnlər ölkədəki vəziyyəti olduğu kimi demirlər. Kənardan yaltaqlıq edirlər, onlara xoşgələn sözlər deyirlər. Həqiqətən də onların həyat şəraiti o qədər gözəldir ki, elə bilirlər insanlar da bu cür yaşayır. Axı bu belə deyil. Yerdəki insan bu cür yaşamır və onların həyat tərzi adi vətəndaşları qıcıqlandırır və onlar da bu cür yaşamağa haqq etdiklərini düşünürlər. Tutaq ki, Rəşid Mahmudov 50 il həkim işləyib 170 manat bu gün təqaüd alırsa, o necə yaşasın? Toya getsin, yoxsa özünə paltar alsın? Gündəlik təlabatını ödəsin və ya qaz pulu, işıq pulu ödəsin?

- Ona görə də bu vəziyyətdə İsa bəyin getməyini istəmirsiniz?

- Hə (Gülür). Biz vəziyyəti bilirik, dünyada gedən prosesləri izləyirik və biz prosesin çox sürətlə Azərbaycana yaxınlaşmaqda olduğunu bilirik. Biz bilirik ki, bu hakimiyyətə bütün ölkədəki qanunlarla bağlı, bizim tənqidlərlə yanaşı beynəlxalq aləmdən də çox sürətlə qınaqlar gəlir, istər “Eurovision”un Bakıda keçirilməsi ilə bağlı, istər Dubay mülkləri ilə bağlı yazılar gedir və ailənin portretini cızırlar. Yəni dünyada bu avtoritar liderlər bir-bir sıradan çıxmaqdadır. Dünyada öz xalqını əzən, qanunları tanımayan ölkələr yavaş-yavaş çökməkdədir.

Axı biz XX əsrdə Məmməd Əmin Rəsulzadənin başçılığı altında demokratik cümhuriyyət qurduq, şərqin ilk müsəlman demokratik respublikası olduq. Dünyada cəmi 20 ölkədə qadına haqq tanınanda, bizdə onlardan biri olmuşuq. Biz onların varisiyik.

- Axı Siyavuş Novruzov deyir ki, indiki Müsavat əski Müsavatın varisi deyil?

- Niyə o bayrağı Siyavuş Novruzov başının üstündən asır, YAP-ın bayrağını assın da? Biz o bayrağı, himni qəbul etmişik. Siyavuş Novruzov YAP-a bir şeir yazsın, biri də bəstələsin desinlər ki, bizim birinci cümhuriyyətimiz budur. Düz deyir Siyavuş Novruzovgil o maraqdadır və onlar ola bilər ki, bizi varis hesab etməsinlər. Amma biz özümüzü Məmməd Əmin Rəsulzadənin varisləri hesab edirik.

- İsa bəyin getməsi məsələsinə münasibət bildirin, yəni istəmirsiniz ki, bu şəraitdə getsin?

- Tək biz yox, Əbülfəz Elçibəydən sonra Azərbaycan Milli Azadlıq Hərəkatının lideri kimi biz İsa bəyi gördük və bu missiya İsa bəyin üzərinə düşür. Mənə elə gəlir ki, bu missiyanı, bu yükü çox şərəflə, ləyaqətlə yerinə yetirməkdədir. Bəy deyirdi ki, bir zaman məni istəyəcəksiniz, amma o zaman mən olmayacağam. Bugünkü şəraitdə mən onu İsa bəyə aid edirəm. Onlar tez-tez yetişən insanlar deyil, onlar on illərin, hərəkatların, meydanın dalğasında yetişən insanlardır. Biz onların qədrini bilməliyik. Biz onlara hörmət qoymalıyıq və deyək ki, İsa bəy də getdi. Ondan sonra başlayacaqlar ki, o niyə getdi, gərək getməyəydi, gərək qoymayaydılar. Axı İsa bəyin yeri başqadır. Mən bu gün deyirəm ki, Müsavatda partiyanı idarə etmək qabiliyyətində olan və yaxud başqa partiyaları idarə etmək qabiliyyətində və təcrübəsində olan kifayət qədər insanlar var. Amma bu düşərgənin lideri, Müsavatın lideri İsa Qəmbərdir və biz bilirik ki, bu vəziyyət dəyişəcək. Bu dəyişikliyin başında dayanacaq lider kimi də biz İsa Qəmbəri görürük. Hesab edirik ki, İsa Qəmbər partiya başqanı olaraq bu prosesi aparmalıdır. Mən 20 ildir siyasətin içindəyəm və kimsə məni inandıra bilməz ki, İsa Qəmbər partiyadan kənarda olsa, onun üçün daha yaxşı olar, nəinki partiyada. Məni inandıracaq bir kimsə yoxdur, çünki mən vəziyyəti yaxşı bilirəm.

Bu məsələ ilə bağlı xeyli müddətdir ki, diskussiya gedir. Partiyada hər kəs bilir ki, İsa Qəmbər şəriksiz liderdir və əksəriyyət də partiyada liderin qalmasını istəyir.
Təbii ki, bu başqa məsələdir ki, vaxtilə qəbul olunmuş nizamnamə var və bu nizamnamə İsa Qəmbərin getməyini şərtləndirir. Dostlarımız, ziyalılarımız, ağsaqqallarımızın heç biri İsa Qəmbərin getməsini istəmir.

- Bütün bu baş verənlər İsa Qəmbərin xoşuna gəlir?

- Yox. Məncə, bu artıq İsa bəyin işidir.

- Niyə?

- Mən başqa şeyi demək istəyirəm. Yəni siyasi partiya siyasi hakimiyyət deyil. Bu hələ hakimiyyətə gəlməyə hazırlaşan partiyadır. Tutaq ki, ölkəni 20 ildir avtoritar bir sistemlə bu hakimiyyət idarə edir. İsa Qəmbər isə Müsavatın lideridir, bu maddə 15-20 bundan qabaq qəbul olunub. Onda 8 il sonra İsa Qəmbər getməli idi, amma İsa Qəmbərin başçılığı ilə Müsavat partiyası 2000-ci il, 2003-cü il, 2010-cu ildə də uğurlara imza atıb qələbə qazanıb. Bu səslər oğurlanıb. Mən demirəm ki, insanlar əbədidir. Bu artıq fərqli situasiyadır. Dünyanın dəyişən bir dönəmidir və bu dəyişmə sürəti Azərbaycana gəlməkdədir və İsa Qəmbər bu mübarizədə partiyanın başında olmalıdır.

- Tutaq ki, Tunis, Misir, Liviyada üsyanlar olanda heç kimsə misirli, tunisli, liviyalı İsa Qəmbərin başına yığışmamışdı ki, əgər inqilab olacaqsa, İsa Qəmbərə nə ehtiyac var?

- Başa düşdüm sizi, amma İsa Qəmbərə hər zaman ehtiyac olacaq. Situasiyanın olub-olmamasından asılı olmayaraq. Həm də mən Müsavat Partiyasından söhbət edirəm, Liviyadakı, Suriyadakı vəziyyətdən yox. Mən deyirəm ki, bu dəyişimi biz ordakı kimi istəmirik, bunu biz yumşaq formada islahatlar yolu ilə istəyirik. Bu dəyişimi bu hakimiyyət qəbul eləmək məcburiyyətindədir. Müxalifətlə, demokratik düşərgə ilə bir masa arxasında oturmaq məcburiyyətindədir. Əgər oturacaqsa, biz dediyimiz şərtlər qəbul olunacaqsa, həmin seçki baş tutacaq və o zaman seçkidə bizim liderin qalib olacağına əminik. Mən əminəm ki, biz dediyimiz seçki keçirilsə, hər kəs qalib olanın əlini sıxmağa hazır olsa, bu gerçək nəticələrdə özünü büruzə verəcək. Bizim liderimiz seçkinin qalibi olacaq və buna heç şübhəmiz də yoxdur. Bu prosesdə də İsa Qəmbər başda dayanacaq.

- Bir az konkret danışaq. İndi Müsavat qurultayını təxirə salıb?

- Xeyr. Müsavat qurultayını təxirə salmayıb. Hakimiyyət Müsavata qurultay keçirməyə imkan vermir.

- Hökumət açıqlama verib ki, Müsavata yer veriləcək.

- Mən sizə sual verim, hökumət deyir ki, dialoq olacaq, dialoq var indi? Hökumət deyir ki, dialoqa qeyri-şərtsiz hazırıq. Hanı hökumətin dialoqu? Hökumət onu deyir və Siyavuş Novruzov çıxıb ağzına gələni danışır ki, müxalifət yoxdur. Biz kimlə bir masa arxasında oturmalıyıq? Onlar ona layiq deyil. Hökumət budur da.
Biz martın 3-4-də qurultay üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdik. Bu müraciətə Əli Həsənov nə deyir məni maraqlandırmır, bu müraciətə BŞİH-dən məktub gəlib ki, siz istədiyiniz yeri biz sizə vermirik.

- Başqa yer təklif eləyin. Bu mitinq deyil ki, qurultaydır da...

- Biz deyirik ki, bizə normal 800- 1000 nəfərlik yer verin ki, qurultayımızı keçirək. Sizə nə borcdur, biz orda kimi seçəcəyik? Kim qalacaq, kim gedəcək? Siz bizə yer verin, qalanı biz özümüz təyin edəcəyik. Ay Müsavat bunu istəmir. Ay İsa Qəmbər bunu belə dedi. Bu gülməli bir vəziyyət yaradıb. Hakimiyyət bizə yer vermir və üstəlik deyir ki, Müsavat qurultay keçirmək istəmir. Adamın gərək abrı olsun da...

- Hesab eləyək ki, hakimiyyət qurultay üçün yer verdi.

- Qurultaya da mitinqlərdə olduğu kimi Lökbatanfason bir yer təklif etsələr, getməyəcəyik. Biz demirik ki, mütləq Əl Oyunları sarayını verin. Biz deyirik ki, YAP-ın 5-6 yerdə qurultayları olur, onun birini verin bizə. Nədir YAP-a hər şey olar, Müsavata olmaz. YAP-a nə olursa, Müsavata da o olmalıdır. Bizə verin Opera Balet teatrını. Onlar Müsavatdan qorxur, təntənəli tədbirimizdən çəkinirlər. Onlar istəyir ki, Müsavata çürük bir yer versinlər, elə qaçaraq 300 nəfər yığışsın, bir təhər baş tutsun. Xeyr , belə olmayacaq.

- Siz qurultayda neyləyəcəksiniz ki?

- Elə bizdə onu deyirik. Niyə qorxursunuz? Siz bizə yeri verin, biz qurultayımızı keçirək. Onlar gerçəkdən, həqiqətdən qorxurlar. Onlar istəyir ki, elə qaçaraq toplanaq, həll edək. Yox əzizim, bu olmayacaq.

- Belə çıxır ki, İsa Qəmbərin başqan kimi öz postunda qalması 2013-cü il prezident seçkilərinə qədər təxirə salınıb?

- Bu mənim və mənim kimi düşünən insanların fikridir. Biz İsa Qəmbərin Müsavatın başqanı olaraq seçkiyə getməsini istəyirik. Bu hakimiyyət deyir ki, İsa Qəmbər qurultay keçirmək istəmir və ona görə bu cür proseslər gedir. Siz bizə yer verin, orda biz nə cür həll edərik bu bizim işimizdir. Biz Müsavat Partiyasının nizamnaməsinə uyğun qurultayımızı keçirəcəyik. Bu bizim haqqımızdır və bunu nə cür edəcəyik onlara aidiyyatı yoxdur. Onlara nə var ki, Müsavat başqanının qalması, ya getməsi? Bu saat onların əsas müzakirə mövzusu Müsavat və İsa Qəmbərdir. Çünki onlar da ictimai rəyi babat bilirlər.

- Bu aydındır. Mən bir gənc kimi düşünürəm ki, İsa bəy 2013-cü il, 2015-ci ilə baxmayaraq, nümunəsini ortaya qoyub getməlidir.

- Mən bilirəm ki, İsa bəy nizamnamə maddəsinin dəyişməsini istəmir. O deyir ki, mən təkrar namizədliyimi verməyəcəyəm. Müsavat partiyasının nizamnaməsinin imkanları var ki, həm İsa Qəmbərin dediyi olsun, həm də bütün müsavatçıların, bizim dediyimiz olsun. Ona görə də hakimiyyət bunu çox gözəl bilir və qorxusundan bizə yer vermir.

- Belə çıxır həm İsa Qəmbərin dediyi, həm də Müsavatın dediyi olacaq?

- İsa Qəmbərin dediyi Müsavatın dediyidir, elə Müsavatın dediyi də İsa Qəmbərin dediyidir. İsa Qəmbər müsahibə vermişdi ki, mən təkrar namizədliyimi verməyəcəyəm və nizamnamə maddəsinin dəyişməsinə imkan verməyəcəyəm. Hərçənd ki, mən də öz fikrimdə qalıram və hesab edirəm ki, Azərbaycanda normal demokratik quruluş bərqərar olunana qədər, o maddə ordan çıxarılmalıdır. Təbii ki, İsa Qəmbərin iradəsi ilə ora salınan maddə, mənim təklifimlə ordan çıxarılası deyil. Bütün bunlara baxmayaraq, mən əminəm ki, Müsavat möhtəşəm bir qurultay keçirəcək və bütün müsavatçıların istədiyi arzular da həyata keçəcək. Biz bu vəziyyətdən istədiyimiz kimi çıxacağıq. Sadəcə olaraq hakimiyyət qınaqdan yayınmaq üçün yer verəcəyini deyir. Biz qurultaya görə, işçi qrupu yaratmışıq onlar araşdrıma aparacaq və biz 5-6 yer təklif edəcəyik, həmin yerlərdən birini bizə versinlər. Bizə yazıblar ki, şadlıq saraylarına müraciət edin, “Azadlıq”ın gününü gördük də. Gör hakimiyyət nə gündədir. Şadlıq sarayları qorxusundan “Azadlığın” yubiley tədbirində nə vəziyyətə düşdülər. İşıqları söndürdülər. Bir qəzetin zalda yubiley tədbirinin keçirilməsindən belə bu hakimiyyət qorxur. Bu adamların xisləti budur.

- Tutaq ki, hakimiyyət yer verdi, istədiyiniz qərarları qəbul etdiniz və 2013-cü il hazırlıqlarına start verdiniz. Sonrakı mərhələdə nələr var?

- Ola bilər ki, elə 2012-ci ildən demokratik islahatlara başladıq, heç 2013-ü gözləmədik. Müxalifət yoxdur deyib, müxalifəti görməməzlikdən gəlib problemləri ört-basdır eləmək mümkün deyil. Mən bayaq da qeyd etdim, təkcə qar hakimiyyətin bütün eyiblərini çöldə qoydu.

- 2013-cü ilin prezident seçkilərinə Azərbaycan müxalifəti necə getməlidir? Mən düşünürəm ki, vahid lider olmalıdır.

- Mən elə düşünmürəm. Bu dəqiqə müxalifətin vahid lider müəyyən edə bilməməsi məsələsini ortalığa atan iqtidardır və müxalifətin vahid lider problemi yoxdur. Ukraynada mən beynəlxalq müşahidəçi statusunda Viktor Yuşşenko seçilən seçkilərdə iştirak etmişəm. Müxalifətin vahid namizədi olmadı ki? 5-6 blokla seçkiyə girdilər. Sadəcə orda bir şey oldu. Namizədlərin səslərinin doğru-dürüst sayılması və seçki komissiyaları güvənli idi. Bu qədər asan. Bizə normal seçki mühitinin yaradılmasını istəyirik. Mən çox istəyərəm ki, hər bir partiya bu mübarizədə öz lideri ilə iştirak etsin və gücünü ortaya qoysun.

- İndi siz deyirsiniz ki, İsa Qəmbər, Əli Kərimli, Lalə Şövkət də prezidentliyə namizəd olsun?

- Əgər elə bir şərait yaradarlarsa, Azərbaycanda demokratik seçkinin keçiriləcəyinə təminat olsa, biz özümüzə güvənirik ki, qalib olacağıq. Biz deyirik ki, vahid namizəd məsələsi bu günün məsləsi deyil. İndinin məsələsi normal demokratik seçki mühitinin yaradılmasıdır. Biz bunun uğrunda mübarizə aparırıq ki, seçki qanunları, komissiyaları dəyişməlidir.

- Neçə ildir bunu istəyirsiz axı bu olmur? Buna görə heç bir proses getmir axı.

- Qoyurlar ki... Elə buna görə də Azərbaycan qeyri-azad ölkələr siyahısındadır. Hakimiyyət də deyir ki, yox biz o ada layiq deyilik. Sənin əməllərinin nəticəsində o siyahıya salırlar səni. Bu gün Azərbaycanda 16 vicdan məhbusu var və bu vicdan məhbusu olan ölkədə normal anoloqlu inkişafdan danışmaq mümkün deyil, heç kəsi aldatmaq olmaz. Bu hakimiyyət daima qınaq obyekti olacaq. Beynəlxalq aləm bilir ki, Azərbaycan iqtidarı onları aldatmağa çalışır və onlarda deyir ki, biz artıq şəraiti bilirik. O ölkədəki iqtidar qanunları tanımır, müxalifətə hüquq tanımır və bu səbəbdən də bu insanlar bu vicdan məhbusu adını alıblar.

- İsa Qəmbər, Əli Kərimli, İqbal Ağazadə, Lalə Şövkət müxalifətin simalarıdır və bir araya gəlib biri qabağa keçməlidir. Ən sonda isə Əli Kərimli və İsa Qəmbərdən biri geriyə addım atmalıdır, digərinin xeyrinə. Siz bu barədə nə düşünürsünüz?

- Mən deyirəm ki, müxalifətin vahid namizədi bu günün problemi deyil. Bu gün müxalifətin aparıcı gücləri İctimai Palata adlanan qurumda bir aradadır. Adını saydığınız digərləri öz partiyasında, blokundadır. Mən iddia edirəm ki, bu gün Azərbaycan hakimiyyətinə real alternativ İP-də cəmlənən qüvvələrdir. Araşdırsanız görərsiniz ki, İctimai Palatada YAP üzvü olub, lakin hakimiyyəti qəbul etməyən insanlar da var. Bu xalq artıq İctimai palatanı hakimiyyətə alternativ qurum kimi qəbul edir. Biz də iddia edirik, hakimiyyətə qarşı real alternativ olan güc mərkəziyik.

- Xatırlayırsınız “Azadlıq radiosu” prezidentliyə potensial namizədlər barəsində sorğu keçirmişdi və Əli Kərimli İsa Qəmbərdən daha çox səs toplamışdı. Belə bir fikir var ki, İsa Qəmbər dəfələrlə belə bir şansı olsa da, alınmayıb. Amma bu dəfə Əli Kərimli müxalifətin vahid namizədi olmaq istəyir. Siz necə proqnoz verirsiniz?

- Sizin verdiyiniz sual, mənim dediklərimi təsdiq edir. Önəmli olan odur ki, bu gün İlham Əliyevə, bu hakimiyyətin nümayəndəsinə alternativ olan iki şanslı namizədin ayrı-ayrılıqda səsi İlham Əliyevin səsindən iki dəfə artıqdır. Deməli, bu hakimiyyətə alternativ bizik də, onların ikisi də eyni qurumda birgə fəaliyyət göstərirlər. Onlardan hansısı güzəştə gedəcək, kim vahid namizəd olacaq, onu artıq bizim düşərgəmiz müəyyən edəcək. İndinin məsələsi olmadığına görə, biz hələ bunun üzərinə gəlmirik. İsa Qəmbər və Əli Kərimli bir-birini qəbul edir ki, bir aradadırlar. Mən sizi əmin edirəm ki, biz dediyimiz şərait yaradılacaq və bu qurum da vahid namizədi ilə iştirak edəcək.

- Birdən vahid namizəd olmasa?

- Heç bir problem deyil. Əgər onların ikisi də ayrı-ayrılıqda İlham Əliyevdən çox səs alıbsa, hansısa birisi olacaq. Onlar bir yerdə olsa, daha da yaxşıdır. Ayrı da olsalar, onsuzda nəticələri hakimiyyətdən güclüdür. İnanın ki, bizi nəticə qorxutmur. Bizi maraqlandıran bu mövzunun bu günə aid olmamasıdır. Normal seçki mühiti yaranandan sonra, seçki hazırlığına start verəndən onda bunu müzakirə edəcəyik.

- Onda belə çıxır ki, yəni başqa başqanlığa iddia edən heç kimsəni axtarmayaq? Arif Hacılının Müsavat başqanlığına namizədliyini müzakirə etməyə ehtiyac yoxdur?

- Biz israrla qurultay üçün yer istəyirik və ondan sonra bunlar müzakirə olunacaq. Mən az öncə də qeyd etdim Müsavatda başqanlığa layiqli onlarla xanım və bəylər var. Arif Hacılı da, Nüşabə xanım da, Vurğun Əyyub da. Bizim üçün bu problem deyil. Bizim üçün bu gün əsas problem Müsavatın qurultayına yer verilməməsidir və həmçinin məcburiyyətdən Müsavatın qurultayı təxirə düşməsidir.

- Arif Hacılı namizəd olsa, Müsavat başqanı olsa qəbul edib və davam edərsiniz?

- Biz qurultayın keçirilməsini istəyərik. Bəlkə, prosesin qalibi mən olaram? Siz, niyə məni məğlub kimi görmək istəyirsiniz? Artıq qurultay ki, olacaq sonra bunu danışacağıq. Əmin olun ki, hakimiyyətin istədiyi, Müsavatı istəməyənlərin gözlədiyi heç bir proses baş verməyəcək. Müsavatçıların kifayət qədər iradəsi, cəsarəti var ki, bu vəziyyətdən qalib çıxsınlar. Bütün müsavatçılar vəziyyətin dəyişəcəyinə inanır.

- Rəsul Quliyev də iddia edir ki, 2013-cü ildə prezident olmaq istəyir?

- Qardaşım, iddiasını ortalığa qoyan adam desə ki, mən prezident olmayacağam, bu anormal olar. Kimsə namizədliyini versə, gərək prezident olacağam desin ki, çevrəsində olan insanları da inandırsın və onlarda mübarizə ruhu yaratsın. Yetər ki, Rəsul Quliyev də digərləri də enerjilərini, gücünü bu hakimiyyətə qarşı mübarizəyə yönəltsinlər və özünün demokratik qüvvədə olan yoldaşlarına daş atmasın, onlara mane olmasın. Azərbaycanın marağına uyğun olan hər bir prosesdə biz , hətta bizimlə olmayan təşkilatlara belə dəstək verməyə hazırıq.

- Ola bilər Rəsul Quliyevin namizədliyini İctimai Palata dəstəkləsin? Bu mümkündür?

- O da mümkündür ki, demokratik partiyanın namizədini bütün demokratik düşərgə müdafiə etsin. Yəni İctimai Palatanın özünün namizədi ola-ola necə ola bilər ki, o başqasını dəstəkləsin.

- Niyə ki, ola bilər ki, həmin vaxt Rəsul Quliyevin ən şanslı namizəd olduğu görünsün və bu da baş versin?

- Prosesləri qabaqlamayaq. Bizim istədiyimiz və arzuladığımız şəkildə proses davam edir. Biz bu prosesin qalibi olacağımıza əminik və inanırıq. İndi biz əminik ki, hakimiyyətə alternativ bizik.

- Arzu bəy, olar mən bu sualları sizə 2013-cü ildə Azərbaycanda baş tutan prezident seçkilərindən sonra yenidən verim?

- Əlbəttə, olar. Siz jurnalistsiniz, mən isə siyasi partiya funksioneriyəm. Sizin ünvanladığınız suala hər zaman cavab vermək hüququm var.

- Mən düşünürəm ki, 2013-cü il seçkilərindən sonra da biz belə oturacağıq və mən bu sualları yenə də verməli olacam.

- Yox, nə bilirsiniz , bəlkə, 2013-cü il prezident seçkilərindən sonra siz sual verməyəcəksiniz?

Elbrus Ərud