“Köpəyoğlu, elə bil iy bilir, böyrəkləri məndədir” – Naxçıvanda şok

kopeyoglu-ele-bil-iy-bilir-boyrekleri-mendedir-naxcivanda-sok
Oxunma sayı: 3476

Hazırda Fransanın Tuluza şəhərində yaşayan Azərbaycan ordusunun ehtiyatda olan əsgəri Rahim Namazov Naxçıvan ordu korpusundakı orqan əməliyyatları barədə şok açıqlama verib. Ehtiyatda olan əsgərin Fransadan Azərbaycan mediasına ünvanladığı məktubu “teref.info” saytı dərc edib.(http://www.teref.info/archives/2950)

Rahim Namazov hərbi xidməti müddətində şahidi olduğu dəhşətli olaylarla bağlı yazdığı məktubunun müstəqil qəzetlərdə çap olunmasını xüsusilə xahiş edib.

Naxçıvan korpusunun komandiri, general-leytenant Kərəm Mustafayevə yaxınlığı ilə tanınan və hər yerdə Ali Məclisin sədri Vasif Talıbovun qohumu olduğunu deyən hərbi prokuror Yaşar Həsənovun sürücüsü kimi xidmət edən R.Namazov insanı şoka salan olayların şahidi olduğunu iddia edir.

Ehtiyatda olan əsgərimizin dediklərini ixtisarla təqdim edirik: “Mən – Rahim Tofiq oğlu Namazov 1978-ci ildə Şəkidə ziyalı ailəsində anadan olmuşam. 2005 –ci ilin iyul ayında ali təhsilli kimi hərbi xidmətə çağırılmışam. O vaxt rayonumuzun hərbi komissarı məndən 2 min dollar pul istədi ki, bölgüdə Bakıya – hərbi hissələrin biirinə salsın məni. Amma mən ona rüşvət verməkdən imtina etdim. Mənə utanmadan dedi ki, onda səni göndəririk gedər – gəlməzə. Dedim ora haradır. Dedi ki, Naxçıvan”.

Rahim Namazov məktubunda hərbi xidmətə çağrılarkən ailəli və üç yaşında övladı olduğunu yazır: “2005 –ci ilin avqust ayının sonlarında məni gəlib N saylı hərbi hissədən Kərəm Mustafayevin şəxsi sürücüsü korpusa apardı. Korpusa girərkən hər tərəf cangüdənlərlə dolu idi. Otağın bir tərəfində korpus komandiri, digər tərəfində də hərbi prokuror Yaşar Həsənov oturmuşdu. Onlar məndən necə sürücü olduğumu soruşdular. Daha sonra korpusun geniş meydançasında hərbi prokurora məxsus ağ “Niva”nı xeyli sürdüm. Bəyəndilər. Yaşar Həsənov 20 dəqiqə sonra korpus komandiri ilə görüşərək maşında oturdu və “sür prokurorluğa” dedi. Düzü, yolu tanımırdım. O, yolboyu mənə bələdçilik elədi. Prokurorluğa çatanda mənə hərbi forma verdilər. İki ay müddətində mənə forma verməmişdilər. Beləcə, başladım xidmətə”.


Gördüyü cinayətləri gündəliyinə yazdı

Rahim Namazov məktubunda qeyd edir ki, sürücü kimi xidmət etdiyi dövrdə kimsəyə görməyi arzulamadığı bir çox dəhşətli olayların şahidi olub və özü üçün bunu gündəliyinə qeyd edib: “Demək olar ki, hər gün ən azı iki hərbi hissəyə hadisə dalınca gedirdik. Hər gün hadisə olurdu - əsgər yoldaşını güllələyirdi, zabit əsgərini və s. Xidmətə başladığım dövrdən gündəlik yazır və orada intiharları qeyd edirdim. Xüsusilə intihar edənlər arasında bəzən xidmət müddətləri başa çatmış, ancaq qanunsuz yolla məcburi xidmətə davam edən gizirlərə və zabitlərə də rast gəlmək olurdu. Məsələn, Gəncədən Spartak adlı bir zabit var idi. Onun ölüm işini elə ört-basdır etdilər ki, yəqin hələ də açılmayıb. Orqan əməliyyatı ən çox Kəngərli rayonundakı hərbi hissələrin birinin tibb məntəqəsində aparılırdı. Orqan əməliyyatlarının dəfələrlə şahidi olmuşam. Hətta prokuror bir dəfə kefli olanda mənə bu sözləri dedi:

- Ay Namazov, bu gecə yenə yuxumu qatmışam.
- Niyə, komandir?
- Ötən gecə filan hərbi hissədə intihar etmiş əsgər yuxuma girmişdi. Məndən böyrəklərini istəyirdi.

Düzü, mən bunu eşidəndə şoka düşdüm. Sonra qayıdıb mənə dedi ki, “köpəyoğlu, elə bil iy bilir, böyrəkləri məndədir”.

Cinayətlər toplusu gündəlik cırılır və ...

Ehtiyatda olan əsgərimiz deyir ki, gündəlik gördüklərini dəftərinə yazması ona xidmətinin sonrakı aylarında problem yaradır: “Gündəliyimi ələ keçirən hərbi prokuror öncə korpus komandirinə, daha sonra isə Ali Məclisin sədri Vasif Talıbova məruzə elədi. Araşdırma aparmazdan öncə mənə 10 sutka həbs verdilər. Daha sonra məni Ordubaddakı ağır şəraiti olan postlardan birinə yolladılar. 2006-cı il, may ayının 4-də Culfada yerləşən hərbi hissənin akt zalında qondarma məhkəmə təşkil edərək əvvəldən qorxudulmuş və öyrədilmiş əsgər və zabitləri mənə qarşı qoydular. 1 il 5 ay 17 gün həbs cəzası aldım. Cəzanın 9 ayını şəkəndən sonra Bakıdakı 16 saylı həbsxanadan azadlığa buraxıldım”.

“Son illər həlak olan əsgərlərin qəbri açılsa...”

R.Namazov məktubunun sonunda qeyd edir ki, azadlığa çıxdıqdan sonra dəfələrlə ölkə rəhbərinə və güc strukturlarına teleqramlar vuraraq müraciət edib: “Hüquq-mühafizə orqanlarından bu cinayətlərin araşdırılmasını, ölkə başçısından isə kömək etməsini istədim. Lakin bunun bir faydası olmadı”.

Özünün Fransaya mühacirət etməsinə toxunan R.Namazov yazır ki, Qarabağ Əlillər Cəmiyyətinin orqaqnı olan “Əlillər” qəzetində çalışıb. 2001-ci ildə Qarabağ qazilərini keçirdiyi aclıq aclıq aksiyasında qəzetin əməkdaşı kimi fəal iştirak edib, həbs olunub və 6 iş alıb. Həmin il əfv olunub. İkinci dəfə R.Namazovu Naxçıvanda hərbi xidmətdə olarkən gündəlik yazdığı üçün həbs ediblər. Həbsdən çıxdıqdan sonra da tale onun üzünə gülməyib. 2010-cu ilin fevral ayında məhkəmə onun barəsində 1 il icbari iş kəsib. Bundan sonra o, ailəsi iıə birlikdə Azərbaycanı tərk edib və Fransanın Tuluza şəhərinə köçüb.

R.Namazov məktubunu u cümlələrlə tamamlayır: “Naxçıvanda bir neçə ildə dünyasını dəyişmiş hər hansı bir hərbçinin əbri açılıb ekspertiza baxışı keçirilsə, hələ çox şeyin şahidi olarıq”.

P.S. Yazıda adları sadalanan qarşı tərəfin – korpus komandiri Kərəm Mustafayev və hərbi prokuror Yaşar Həsənovun da mövqeyini öyrənib dərc etməyə hazırıq. Çünki sözügedən şəxslərə çıxış imkanımız olmadığından onların fikirlərini öyrənə bilməmişik./Yeni-Musavat/