“Aya iki min istəyirəm...” - Müsahibə

-aya-iki-min-isteyirem-musahibe-
Oxunma sayı: 744



Azərbaycanın istedadlı jurnalisti Ceyhun Musaoğlunun “Qafqazinfo”ya müsahibəsi

- Ceyhun Musaoğlu, təşkilatınız qeydə alındı?
- Bəli, nəhayət.

- Neçə ilə?
- Hüquqi baxımdan tam qaydaya salınması üçün sənədlərə iki dəfə düzəlişlər etməli oldum. Yəni getdim-gəldim, getdim-gəldim, üçüncü dəfə getdim gətirdim.

- Təşkilatın adı nədir?
- Jurnalist Ekspert Mərkəzi.

- Nə deməkdir?
- Ekspert səviyyəsində yazan jurnalistlərin mərkəzi deməkdir. Belə bir təşkilatın yaranma təşəbbüsü ilk dəfə Yadigar Məmmədlinin təklifi ilə bir qrup jurnalistlər tərəfindən irəli sürülüb. 2004-cü il bələdiyyə seçkiləri ərəfəsində Demokratik Jurnalistlər Liqasının layihəsində iştirak edirdik. Seçkiləri peşəkar işıqlandırmağın incəliklərinə yiyələnmək üçün treninqlər keçirdik. Qrup imzası olan jurnalistlərdən təşkil olunduğu üçün öyrəndiklərimizi seçki prosesindən hazırladığımız reportajlarda tətbiq edə bildik. Məhz bizim yazılar bir neçə dairədə ciddi pozuntular olduğunu üzə çıxardı. Mənim yazdığım və “Ədalət” qazetində dərc olunan” Seçki, yoxsa sünnət” yazısından sonra MSK sədri Məzahir Pənahov həmin yazıdakı faktları əsas gətirərk, Masazırda seçkinin nəticəsinin ləğv olunması qərarını verdi.

- Seçkilərdən yazmaq üzrə ixtisaslaşmışdızsa, niyə mərkəzin adında “S” sözü yoxdu.
- Var idi. İlk dəfə Jurnalist Seçki Ekspert Mərkəzi kimi formalaşdıq. Sonradan düşündük ki, “Seçki” sözü fəaliyyətimizi məhdudlaşdıracaq, ona görə də “S”dan imtina etdik.

- Sonra?..
- Hər kəsin öz işində ekspert olmasını istəyirik. Jurnalistikada xüsusilə ekspert kimi davranmağa ehtiyac var. Belədə əqidə, xarakter, siyasi mənsubiyyət qalır kənarda. Müəllifin özü yoxa çıxır, vəziyyətə onun ekspertə çevrilən obrazı nəzarət edir. “KİV haqqında qanun”, yaxud qəbul etdiyimiz Avropa standartları nəyi diqtə edirsə, onu yazmalıyıq. Aşbaz da belə düşünməlidi, avtobus sürücüsü də... Yalnız bu düşüncə ilə peşəkar cəmiyyət yaratmaq mümkündür.

- Düşünmək hələ həyata keçirmək deyil. Deyirsən ki, Jurnalist Ekspert Mərkəzi peşəkarlar yaradacaq?
- Yaradılmasında rol oynayacaq.

- Necə?
- Qrant layihələri həyata keçirməklə. İdeyaların gerçəkləşməsi üçün mütləq maliyyə lazımdı. Maşallah, Azərbaycanda pul çoxdu, sadəcə o puldan çox az adam başqalarının rahatlığı naminə istifadə edir. Məntiqdən çıxış etsək, sual yaranır: necə olur bu günə qədər demokratiyanın, mətbuatın, ümumiyyətlə müxtəlif sahələrin inkişafı üçün minlərlə qrant layihələri həyata keçirilib, milyonlarla pul xərclənib, amma nə demokratiyada bir addım qabağa getmişik, nə jurnalistikada. Başqa sahələr də bunlar kimi. Bəli, deməli, pul mahiyyəti üzrə xərclənməyib, bunula yanaşı mahiyyət də primitiv, köhnəliyin qalığı olub.

- Pulu Sizə versələr mahiyyəti üzrə xərcləyəcəksiniz?..
- Bizim başqa yolumuz yoxdu, dost. Nəhayət ideyanın bazarını formalaşdırmalıyıq. Nəhayət ideyanı hər sahənin peşəkarından almaq vərdişinə yiyələnməliyik.

- Hər il Azərbaycanda yüzlərlə qeyri hökumət təşkilatları qrant layihələri alır. Biri də olsun Ceyhun Musaoğlunun təşkilatı. Məsələn, ildə on min aldınız. Bununla necə fərqlənmək olar?
- Qafqazinfo.az saytı yeni fəaliyyətə başlayanda mən də belə düşünürdüm. Deyirdim o qədər saytlar var ki, bu da olacaq onlardan biri. Əksi baş verdi. Başqalarından fərqlənə bildiz. Deməli, orijinal olmaq, xeyir vermək və qazanmaq mümkündü. JEM ona görə yaranıb ki, başqalarından fərqlənmək gücündə olduğunu nümayiş etdirsin, mətbuatın inkişafına təkan versin. Əslində doğrudan da 10 min manatla xarüqələr yaratmaq mümkün deyil. Amma xarüqələrlə çoxlu donorların diqqətini cəlb etmək mümkündü.

- Mən bura bütün həyatımı, zövqümü, istedadımı, nüfuzumu qoyuram. “Qafqazinfo” mənim yolumdur.
- Sən hansı fəlsəfəylə, hansı düşüncəylə, hansı sevgiylə “Qafqazinfo”nu inkişaf etdirirsənsə, mən də istəyirəm həmin düşüncəni, sevgini təşkilatımızın üzərinə qoyum.

- Deməli böyük təşkilat sədri olmaq istəyirsiz?
- Əlbəttə. Buna yaşım da, başım da çatır.

- Necə yaşınız var?
- 36.

- Neçə ildi mətbuatdasız?
-14 il. Dəyərli jurnalistimiz Şahvələd Çobanoğluna minnətdaram. Ondan öyrəndiklərimi tətbiq etməyə cəmi bir il lazım oldu. İki ildən sonra isə bu günə qədər işlədiyim bütün mətbu orqanlarda ikinci adam oldum.

- “Ədalət” qəzetində də ikincisiz?
- “Ədalət” qəzetində birinci adamdan sonra hamı ikinci adamdı. Eyni çəkidəyik. O qəzeti jurnalistikamın ata yurdu hesab edirəm.

- Ata yurdunu atıb getdiyiniz vaxtlar da olub...
- Çünki jurnalistəm. Çörək dalınca gedirəm. Ömrümün son 14 ili qonorar arxasınca düşməklə keçib. Bir gün orda, bir gün burda imza basdırmaqla məşğulam. Qəribədi, ata yurdum məndən heç vaxt imtina etmədi. Nə vaxt ayağım burxuldu, geri qayıtdım, hər dəfə də qapıları üzümə açıq gördüm. Azərbaycan mətbuatının saylıb-seçilən imzalarının əksəriyyəti “Ədalət”də işləyib. Mənsə orda yaşadım. Ərköyün övlad kimi yaşadım.


- Daha nə istəyirsiz?
- Birinci adam olmaq istəyirəm. Ömrümü qonorar almağa sərf etsəm, ideyalarım məhv olacaq, yaşım boşuna keçəcək, maddi baxımdan çox şey əldə bilməyəcəm. Alaqotu kimi dilimizdə bitən məşhur ifadə var: “Hər şey yaxşı olacq”. Bilirəm ki, hər şey yaxşı olacaq, gözəl cəmiyyət qurulacaq, övladlarımız arzuladıqlarımıza çatacaqlar. Azərbaycan ən pis halda Gürcüstan olacaq. Gürcüstan layihəsi Azərbaycanda da həyata kecəcək. Amma mən də o günü görmək istəyirəm.

- Söhbət hansı layihədən gedir?
- Belə fikirlər var ki, Gürcüstanda sürət götürən inkişaf qərbin layihəsidir. İlkin başlanğıcda layihənin müddəti bitə də bilərdi, sadəcə prezident Saakaşvili davamlılığa nail oldu və kənardan dəstək kəsilmədi.

- Bizdə bu layihəni kim həyata keçirməlidir - dövlət, hakimiyyət, yoxsa cəmiyyət?
- İnkişafa hamı bir yerdə nail ola bilər. 20 il ərzində ilk dəfə idi ki, fevralın 26-da yürüş oldu. 5 il öncə də belə etmək olardı. Nəhayət indi anladıq ki, yolumuzu dəyişməliyik, önə cəmiyyəti, xalqı çıxarmalıyıq. Dünyaya Azərbaycan xalqının var olduğunu göstərməliyik. Elə bilməsinlər ki, ölkə 5-6 məmurdan, 3-4 bələdiyyə sədrindən, 1-2 müğənnidən ibarətdi.
Həmin gün İctimai Palatanın təmsilçiləri də yürşün qarşısında olan prezidentin arxasınca getdi. Nəhayət bunun adını “əyilmək”, “satılmaq” yox, düşmənə qarşı mübarizədə “qardaşlaşmaq” qoymaq lazımdı. Mətbuat hadisəyə ekspert səviyyəsində yanaşsa, ikinciyə diqqət kəsilməlidi, birinciyə yox...

- Mənsə fərqli düşünürəm. Çox emosionalıq. Bizim yığışmaqdan xoşumuz gəlir. Dünyanın heç bir yerində yasa, toya Azərbaycandaki qədər adam gəlmir. Sanki yasa gələn adamların çoxluğu səni ovundurur. Kədər yoxa çıxır. Bizim üçün çoxluq təsəlliyə çevrilib. Bu mənada biz mitinq gözləyirik. On minlərin, yüz minlərin aksiyasını istəyirik. Fevralın 26-da Azərbaycan cəmiyyətinin istədiyi alındı.
- Bizdə mahiyyət anlayışı itib. Həmin yürüşdə gülənlər, zarafatlaşanlar vardı. Yolun kənarında cərgəyə düzülən gənclərin əlindəki Xocalıda qətl olunanların adları həkk olunmuş plakatlardansa, diqqətlə baxan olsaydı, görərdi ki, qan damır. Başadüşüləndi. Azərbaycanlıların beynində bir-birinə zidd iki informasiya var – düşmənə nifrət və sevgi, dostlaşmaq. Xocalı yürüşünə çıxmamışdan iki gün öncə məşhur ziyalılarımız Moskvada həmkarları ilə dostluq tellərini bərpa etməyə getmişdi. Mahiyyətin belinə çıxıb ətrafa baxanda əlbəttə ki, gülüşlərin ağlaşmaya qarışdığını görəcəyik. Adamlar hansı yolla getməli olduqlarını bilmir. Hə, yola çıxmışıq, amma istiqaməti müəyyənləşdirə bilmirik. Çaşmışıq.

- Hər halda həmin gün İlham Əliyev olay yaratdı.
- Bəli. İndiki prezidentin liderliyi ilə belə mitinq keçirilməmişdi.

- 90-cı illərdə, Azadlıq meydanına toplaşanlar, 1993-cü ildə də Heydər Əliyevin çağırışı ilə növbəti dəfə həmin məkana yığışdı. Deyə bilərik tarix təkrar olunur?
- Hardasa deyə bilərik, sadəcə əlavə etmək şərti ilə. Tarix Azadlıqsız təkrar olunur. Söhbət Azadlıq meydanından gedir.

- Daha o meydan yoxdu axı.
- Hökumət evinin, yəni məmurların oturduğu binanın qalaya çevrilib qarşısını kəsdiyi meydanın adı Azadlıq ola bilməz. Ad kimi “avtomobil dayanacağı” daha münasibdir.
90-cı ildə 10-cu sinifdə oxuyurdum. Hərdən meydana gedirdik, orda gecələdiyim vaxtlar da olub. Adamlar sıxlıqdan bir-birinin ayağını tapdayanda istədikləri üzr çox səmimi olurdu və səmimi də qarşılanırdı. O meydanda sevgi hakim idi. Sonra hamı pərən-pərən düşdü. Qəribədi hərə özünə qapılsa da, fərd ola bilmədi. Avropa cəmiyyətlərinin inkişafında fərdçiliyin xüsusi rolu var. Bizdə fərdi düşünməklə, ayrı düşnməyi qatışdırırlar. Ayrı-ayrı düşünənlər ortaq məxrəcə gələ bilməz. Ayrılmaq öz qınına çəkilməkdi, fərdiyyəçilik yeni düşüncəylə cəmiyyəti aşınmalardan qorumaqdı. Sovet ideologiyası diqtə edirdi ki, səhər işə, axşam evə tələsmək xoşbəxtlikdi. Biz həyatımızı bu istiqamətdə qurduq deyə, cəmiyyəti yiyəsiz buraxmalı olduq. Yalnız işə və evə tələsən adam təbii ki, ətrafda baş verənlərdən xəbərsiz olacaq. Və rejim də istədiyini edəcək.

- Azərbaycan mediasında tanınmış imzasısız.
- Önəminə görə, çox sağ ol.

- Yox, bunu sağ ol üçün demirəm. Mən faktı deyirəm. Bir imzasan, aşağı-yuxarı yazırsan, xəbərlər, müsahibələr, reportajlar hazırlayırsan. Yazan jurnalistlərdənsən. Bizdə formalaşan ənənəyə görə QHT rəhbəri jurnalistlik fəaliyyətinə son verir. Bu yolu tutduğunuzun fərqindəsiz?
- Lazım olduğundan da çox yazdım. Hər yeri vaxtında tərk etməyi bacarmaq lazımdı. Təəssüf ki, hələ də bunu bacarmamışam. Yenə də yazıram, ömrümün elə mərhələsindəyəm ki, yazdıqlarımı tez-tez pozuram. İstəyirəm yerimizi dolduran nəsil yetişsin. Onlarsa gəlmirlər. Mətbuatda hələ də köhnə nəsil at oynadır. Məsələn, Rey Kərimoğlunun, Hacı Zaminin, Aynur Elgünəşin, Sevinc Telmanqızının, Şahnaz Bəylərqızının, Etibar Cəbrayıloğlunun, İlqar Rəsulun, Nicat Dağların adlarını obyektiv səbəblərə görə burda çəkmədiyim, amma barələrində hər yerdə danışdığım bizim nəslə mənsub jurnalistlərin yerini tutan yoxdu. Bunun adı bir az da faciədi. Etibar Cəbrayıloğlu deyir ki, internet olmayan zamanlarda qəzetə heç vaxt portret şəkil qoymurduq. Arxivdəki fotoların arasından axtarıb hərəkətlisini yerləşdirirdik. İndi isə internetdə hər cürə şəkil olduğu halda qəzetləri portret şəkillər bürüyüb. İnternet bizi arxayınlaşdırdı, robota çevrildik. Robotlar insanların etdiklərini heç vaxt bacarmayacaq. Vərəqlər əvəzimizdən nəyəsə nail ola bilməyəcək. Onlarla jurnalist təşkilatları var, elədikləri yalnız vərəq üzərindədi. Belə olmasaydı, heç olmasa jurnalistika bir addım qabağa gedərdi. Hər gün jurnalistlərin maaşı azalır, sosial problemləri artır. Evsiz jurnalistlərə bina tikilir. Əminəm ki, bu evlər onlara veriləcək. Amma yenə də rahat ola bilməyəcəklər. Gününün çoxunu işdə keçirən adama rahatlıq elə işdə lazımdı. Bir xəbər hazırlamaq üçün min əngəllə üzləşən müxbir necə rahat ola bilər? O, zülmlə əldə etdiyi xəbərinə nə qədər qonorar ala bilər? Bu xəbər qəzetin, yaxud saytın rəhbərinə lazımdırmı? Oxucu xəbərə görəmi qəzetə pul verir? Yaxud qəzetlər oxucuyamı görə çıxır? Eh, belə sualları güllələr kimi səpələmək olar, biri də hədəfə dəyməz. Əksər media orqanlarının ofisindən cin hürkür. Xeyli sayda mətbu orqanın ofisi “Azərbaycan” nəşriyyatında yerləşir. O binanın içi xarabalığa oxşayır. Əksər redaksiyalar da bu xarabalıqdan geri qalmır. Sanki tilsimə düşmüşük. Mətbuata ayrılan pulun miqdarı artdıqca, keyfiyyət azalır. Mən əksər həmkarlarımla müqayisədə maddi cəhətdən təmin olunmuşam.

- Eviniz var?
- Əlbəttə, 28 yaşımdan.

- Bəs niyə rahat deyilsiz?
- Dedim axı, başqalarının rahat olmadığını dərk edirəm. Buralarda dərk etmək ağır xəstəlik sayılır.

- Bəlkə xoşbəxt olduğunuza inanmırsız?
- Xoşbəxtlik hələ bizim coğrafi əraziyə gəlib çatmayıb. Dedim axı dərk etmək bədbəxtlikdi. Biləndə ki, başqası rahat deyil və sən ona kömək etməyi bacarmırsan, bax onda beynin yüklənir, ürəyin səni daşıya bilmir. Azərbaycan cəmiyyətində insanlar bir-birinin əməyindən ciddi şəkildə sui-istifadə edir. Hətta ər arvadın, ana oğulun. Hamının bir-birindən umacağı var. Sən xoşbəxtsən - evin, ailən, dostların, istedadın və hörmətin var. Bunca üstünlüklərdən istifadə edib, yaxınlarına, heç olmasa atana, anana kömək əli uzada bilmirsən. Daim onları, qohumlarını, dostlarını - nəhayət cəmiyyətinin gələcəyini düşünürsən. Nəticə verməyən düşüncə əzrayıldan başqa bir şey deyil. Əslində hər bir insan yalnız özünü xoşbəxt etməlidi, hər kəsin gücü özünə çata bilər. Hamımız bir yerdə xoşbəxt etmək isə sistemin işidi. Sistemin görməyə borclu olan iş insanın öhdəsində düşəndə o heç vaxt rahat ola bilməz.

- Onda hamıdan imtina edin.
- Nə vaxta qədər ki, insan sevgi və nifrət hissindən məhrum olmayıb, bu, mümkün də deyil, rahatlıq yoxdu. Nitşe belə bir insanın yalnız kimyəvi üsulla hazırlanmasını təklif edirdi və deyirdi ki, yalnız onda kamil varlıq yaratmaq mümkündü.

- Kimyaya əl uzatmadan da imtina mədəniyyətinə yiyələnməklə həmin insana çevrilmək mümkündür. Biz təmənnadan qurtulmalıyıq. Bir nəfərin əlli nəfəri saxlaması kimi daşlaşmış təfəkkürü aşmaq cəsarətini tapmalıyıq özümüzdə. Bizdə çox axmaq xüsusiyyət var ki, böyük qardaş ailənin bütün üzvlərinin toyunu etməlidir. Niyə? Kimsə imtina nümunəsi göstərməlidir.
- Birinci növbədə özünü maddı sıxıntılardan xilas etməlisən. Maddi sıxıntıdan qurtulmağın yolu ideyanı onun dəyərində olan pula satmaqdır. Mənim heç kiminkinə bənzəməyən çox ideyam var, alan yoxdur. Ona görə JEM-i yaratdıq ki, ideyaların istehsalına başlayaq. Ümumiyyətlə, bu mərkəzi qəzeti çıxmayan bir mətbuat orqanına çevirməyi düşünürük. Məsələn, jurnalistləri dəvət edirik, hər gün işə gəlib tapşırıqlar alırlar. Qəzetlər, saytlar, hətta TV-lərlə müqavilə bağlanır və bizim jurnalist-ekspertlərin hazırladığı müxtəlif janırlı yazılar onlara təqdim olunur. Hansı yazını istəsələr seçib ala bilərlər. Təbbi ki, yazılara görə ənənəvi qonorardan artıq vəsait istəyəcəyik. Çünki biz Avropa standartlarına uyğun yazılar hazırlayacağıq -dəqiq, eksklüziv.

- Məktəb yaratmaq istəyirsiz?
- Belə də düşünə bilərsən.

- Azərbaycan mediasının əlindən əsəbiləşdiyiniz aydın görünür. Medianın vəziyyəti nə qədər pis olsa da, mən onu sevirəm.
- İstədiyinə çatmısan. “Qafqazinfo” kimi sayt yaratmısan.

- Axı bundan öncə də sevirdim.
- Müxbir olaraq çox yaxşı yerdə işləmisən. APA jurnalistə ən çox pul verən agentlik olub. Və sən orda ən yaxşı repartyor olmusan. Görürsən şəraitinin əla olmasına baxmayaraq, getdin. Çünki birinci adam olmaq istədin. Düz elədin. Bizim kimi cəmiyyətlərdə yalnız birinci adam olaraq azadlığa çata bilərsən. Birinci adam, yəni özbaşına adam. Bu məmləkətdə çox şey tərsinə yozulur. Öbaşınalığı pis hərəkət hesab edirlər. Əksinə adından da görünür ki, səninlə birlikdə olan öz başındı, başqasının başını gəzdirmirsən. Yəni eybəcər görünmürsən. İnsan bütünlükdə mükəmməl varlıqdı, bir nöqtə belə səhv qoyulmayıb. Sona qədər özün olaraq qalmaq mütləq qalibiyyətdi.

- Və Siz də birinci olmaq istəyirsiz?

- Artıq birinci adamam.

- Vaqif Bayatılı Odərin bu mövzuda bir şeiri var. Yazır ki, mən iki nömrəli şair olmaq istəyirəm. Birinci yer üstündə qırğındır, ikinci yer rahatdır. Ceyhun, mətbuatda elə insanlar var ki, birinci adamlardan daha məşhurdurlar, daha uğurludurlar, istedadlıdırlar...
- Bəs niyə birincilər kimi rahat yaşaya bilmirlər?

- Rahat yaşamağı çoxlu pul qazanmaqda görürsüz?
- Əsasən hə. Qazanmaq şərtdi, rahatlıq isə onu necə xərcləməklə bağlıdı.

- Mən elə gəlir ki, narahatliq çoxlu pul qazanmaqdan başlayır.
- Narahatlıq pulu düzgün xərcləməməkdən başlayır. Çox pul yalnız sistemsizlikdə narahatlıq gətirir. O vəsaitlə nə edəcəyini bilmirsən, ortalıqda qalırsan.

- Heç ölkəni həmişəlik tərk etmək istəyiniz olub?
- Həmişə istəmişəm.

- Bəs niyə getmirsiz.
- İçimi aşmağa gücüm çatmır. İçmdəki Ceyhun əlimə-ayağıma dolaşmaqla məni boğaza yığıb. O güclüdü. Fevralın 26-dakı yürüşün iştirakçısı və şahidi olandan sonra isə içimdəki Ceyhuna haqq qazandırdım. Belə hadisələrdən çox olmalıdir, insanlar başa düşməlidir ki, yanaşı, çiyin-çiyinə getmək vacibdi, bir-birinin çiynində yox, bir-birinə yük olmaq yox.

- Həmin yürüşdə qarşılıqlı hörmət vardı. İlk dəfə olduğu üçün faciəyə münasibətdəki çatışmazlıqları da başa düşmək olr. Əsas odur, demokrtaik olduğumuzu nümayiş etdirdik. Siyasi baxışlarına görə bir-birini qəbul etməyənlər həmin meydanda birləşdi. Düşünürəm ki, fevralın 26-da dünyaya bu şəkildə göstəri yapa bilən bir cəmiyyət “Eurovizion”a görə keçiriləcək gey paraddan da qorxmamalıdır.
- Niyə gey parada icazə vermək olmaz. Onlar bayram etmək istəyir. Bunu tərbiyyəsizlik kimi anlamaq başadüşülən deyil.

- Demək istəyirəm, Xocalı yürüşü ilə kim olduğumuzu göstərdikdən sonra qoy geyələr də öz paradını keçirsin.
- Jurnalistlər azad düşüncəli olur. Deyəcəyik, buyurub keçirsinlər, tabu dəyərlərlə silahlananların hücumlarına məruz qalacağıq.

- Konkret, gey parad keçirilməlidir?
- Keçirilədə bilər, keçirilməyə də. Bu məsələ mənim üçün, cəmiyyətim üçün problem olmamalıdır. Nə alçalarıq, nə yüksələrik. Bəzən saytlar açıq-saçıq şəkillərlə diqqət çəkməyə can atırlar. Qəribədi, istədiklərinə nail olurlar, həmin görüntüləri izləyənlərin sayı daha çox olur. Halbuki bir düymə ilə nəyə istəsən baxmaq mümkündür. Belə görüntülərə həris olmağımız, hər yerdə onları axtarmağımız görməmişlikdi. Qadağaların nəticəsində görməmiş olmuşuq. Geylər bizə dünyanın ən tərbiyəsiz adamları təsiri bağışlayır. Tərbiyəsizliyin mahiyyətindən xəbərsizik. Az görmüşük, az maariflənmişik ondandı. Onlar parad keçirsələr görəcəyik ki, sadəcə çatışmazlıqları olan insanlardı. Və bizim üçün adiləşəcək. İnkişaf o deməkdir ki, sən hər şeyi bilirsən, zamanında əlin ucalıqlara çatıb. Bizdə 35-40 yaşında kişilər var ki, özünü 20 yaşlı gənc kimi aparır. Küçədə xanımla qol-boyun olub gəzirlər. Məncə bu yaşdan sonra küçədə qol-boyun olmağın vaxtı deyil, artıq o, xanımla ən azı taksidə getməlidir.

- Küçədə qol-boyun olmaq dövrünüz keçib?
- Bəli, çoxdan keçib.

- Və belə cəmiyyətdə - xəyallarla, ehtiraslarla yaşayan cəmiyyətdə layihələr həyata keçirmək istəyirsiniz?
- Öz sahəmdə bacardığım qədər adamları xilas etmək istəyirəm. Bir neçə adamın peşəkar düşünməsinə, düşündüyünü peşəkar təqdim etməsinə yardım göstərmək istəyirəm.

- Siz Aqil bəylə də, İradə xanımla da işləmisiniz. Hansı daha yaxşı işləyir?
- İkisi ilə də işləmək yaxşıdı. İşimlə peşəkar səviyyədə məşğul oluram. Həm də dedim axı, onlar mənə həddindən artıq hörmət göstərirlər, hələ bu hörmətin heç 45 faizini qaytarmamışam.

- Aqil Abbasmı, İradə Tuncaymı?
- İkisi də mənim üçün eyni olub. Aqil Abbas çox, İradə Tuncay az irad bildirməyi xoşlayır.

- Aqil Abbas yazıçıdır?
- Dəqiq.

- “Dolu”nu oxumusuz?
- Bu roman haqqında ilk müsahibəni Aqil bəydən mən almişam və həmin kitabda dərc olunub.

- Maraqlıdır ki, son vaxtlar “Dolu” ilə “Quqark”ı müqayisə edirlər.
- Biri müharibəni, o biri müharibədən sonranı təsvir edir. Fərqləri var.

- “Quqark”ı da oxumusuz?
- Oxumuşam.

- Sizin müqayisəniz mənə maraqlıdır.
- “Quqark” reportaj üslübunda yazılıb. Çünki müəllifi, Seymur Baycan həm də jurnalistdir.

- Aqil Abbas da jurnalistdir.
- Aqil Abbas jurnalistikadan tamamilə yazıçılığa keçə bildi. İstedadlı yaradıcı adamlar o zaman jurnalistikadan tam qurtulub, sırf yazıçılıqla məşğul ola bilmirlər ki, maddi təminatları yoxdu. İş yerləri redaksiyalardı. Əlbəttə dünya nümunələrində istisnalar var, amma azdı. Bu istisnalar isə vergili insanlara aiddi.
Hər iki əsər dəyərlidi. “Dolu” birmənalı olaraq, romandı. “Quqark” isə əla reportajdı. Razıyam, roman kimi də təqdim etmək olar. Mən oxucu kimi yanaşdım. İldən çoxdur roman deyə başladığım yazını yarımçıq saxlamağa məcbur olmuşam. Beynimdə yazılıb, köçürməyi qalıb. Bacarmıram, çünki, həmin vaxtı, enerjini köşə yazmağa, reportaj hazırlamağa, müsahibə almağa, əməkdaşların yazılarını redaktə etməyə xərcləyirəm. Bu fəaliyyətimlə pul qazanıram, işimi ata bilmərəm ki...

- Adı nədir?
- İlkin varinatda “Terrorçu- peyğəmbər” qoymaq istəyirəm. Sevgi və nifrət hisslərindən xali olan ilk insan obrazı yaratmağı düşünürəm. Qəhrəman artıq Moskvaya çatıb, müəllifsə redaksiyalarda qonorar uğurunda mübarizə aparır. Belə şəraitdə roman yazarlar?.. Hər dəfə davam etmək üçün kompyuterin qarşısına keçirəm, “Ədalət”ə, “Qafqazinfo”ya vermək üçün köşə ilə ayağa dururam. Günəmuzd işləyən adam gələcəyi görə bilməz.

- Azərbaycan müstəqillik qazandıqdan sonra bəlli media qurumları yarandı. Onların rəhbərləri var, öz şuralarını da yaradıblar. Yeni nəsil jurnalistlər isə oturuşa bilmir. Biz nə etməliyik? Gözləməliyik ki, Əflatun Amaşov, Rəşad Məcid, Elçin Şıxlı, Aqil Abbas yerlərini bizə versin?
- Xeyir, biz o yeri almalıyıq. Bu yeri almaq üçün sistemli şəkildə komandaya çevrilmək lazımdır. Paxıllıq adlı psixoloji problem məngənəsindəyik. Biz yaradıcı olduğumuz üçün paxılıq. O nəsil yaradıcı olmadığı üçün daha çox robot kimi düşünürdü, nəticədə bir komandaya nail oldular. Üç nəfə birləşib bir layihə verirdi, ümumi məqsəd qrantı almaqdı, daha birincilik, ikincilik davası getmirdi, hamısı qazanırdı. Son 5 ildə isə vəziyyət xeyrimizə dəyişməyə başlayıb, imzamız var, aramızda birinci adamların sayı artır, mətbuat orqanlarımız var...

- Amma hələ də o adamlarla hesablaşırıq.
- Ortaya konkret iş qoymaq lazımdı. Eyni mövzuda təqdim etdiyimiz layihələrdən onlarınkı qalib gəlirsə, bununla razılşmamalıqyıq. Təbii ki, əgər ideyamızın əla olduğuna və qaydalara uyğun yazıldığına əminiksə.
Orta məktəbi bitirən il-1991-də Neft Akademiyasına imtahan verəndə riyaziyyatdan “4” yazdılar. Apellyasiyaya verdim və sübut etdim ki, səhv yazıblar “5” elədilər. Prorektor dedi ki, birinci imtahandı, “4”almısan, ikincidən-fizikadan da bir “3” alsan girəcəkdin, daha bu qədər dağa-daşa düşmək nəyə lazım. Cavb verdim ki, mən “5” almağa gəlmişəm instituta girməyə yox.

- O vaxtdan beləsiz?
- Buna prinsipiallıq yox, əminlik deyərdim. Həmişə əmin olmalısan ki, haqlısan.

- Mediada yeni kapitanlar yaranmalıdır. Niyə onlar imkan vermirlər ki, yeni nəsil gəlsin?
- Namizədliklərini verirlər və Mətbuat Şurası İdarə Heyətinə seçilirlər. Səsvermədə şəffaf olur. Mən namizədlərin hamısına səs vermişdim. Səbəbi özümzdə axtarmalıyıq ki, niyə namizədlər sırasında adımız yox idi?..

- Nə vaxta qədər belə davam edəcək?
- Son qurultayda Qulu Məhərrəmli, Arif Əliyev, Yadigar Məmmədli Əflatun Amaşovun yenidən Mətbuat Şurasının sədri seçilməsinə qarşı çıxdılar. Halbuki onlar bir yerdə Mətbuat Şurasını yaratmışdılar və Əflatun Amaşovun sədr olmasında əməkləri var idi. Nəhayət Arif Əliyev “niyə yenə də siz olmalısız” deyə dilləndi.

- O nəslin bizdən üstün cəhəti ondadır ki, aralarındakı münaqişələrə baxmayaraq, konkret nəticə üçün bir yerdə olmağı bacarırlar.
- Çünki onlar yaradıcılıqla yox, idarəçiliklə məşğulolurlar.

- Niyə yaradıcı deyillər? Rəşad Məcid yazır, Aqil Abbas yazır.
- Adını çıkdiyiniz şəxslər media qurumlarında elə bizim vəziyyətimizdədirlər. Mən rəhbərlərdən danışıram. Yaşadıqları mühit məsələsi də var, onlar azad olmayan mühitdə yaşayıblar və aza qane olmağa alışıblar.
Əflatun Amaşovdan bir yerdə xahiş etməliyik bizə kömək olsun, daha hərəmiz ayrı-ayrılıqda bir-iki layihədə 6-7 aylıq işləməklə ehtirasımızı öldürməyək. Doğrudanda lazımlı adam olduğumuzu sübut etməliyik. Əflatun Amaşov bizi idarə edə bildi. Türkdilli ölkələrin jurnalistlərinin ikinci qurultayında tədbiri olduqca səliqəli idarə etdi. O, yerində olan adamdı. İndi bizə yol göstərsin. Biz də arxadan gələnlərə. Bir sözlə iqnor etməsinlər bizi, əl-ələ tutub gələcəyi qurmağa başalayaq.

- Bir dəfə demişdiz ki, Mətbuat Şurasının növbəti qurultayında İdarə Heyətinə namizədliyinizi verəcəksiniz...
- İndi də deyirəm.

- Mən dəstək verməyə hazıram.
- Çox sevindim.

- Saçınız nə vaxtdan ağarıb?
- Bu çatışmazlıq genimizə düşəndən.

- Nə çatışmazlıq?
- Tibb deyir ki, saçlar vitamin çatışmazlığından ağarır və genlə ötürülür. Məşədi İbad demişkən, bu, qocalığa dəlalət etmir. Otuz yaşından sonra ağarmağa başladı. Baxanlar deyirlər ki, çox sürətlə ağarıb.

- Qorxmursuz ki, bütünlükdə ağarar?
- Nə olsun? Mənim həyatımda nə baş verəcək onda? Qross çənəsində saqqal, gödəkçəsi çiynində Azərbaycana gəlib öhdəlikləri yerinə yetirmədiklərinə görə, məsul şəxsləri danlayırdı. Gedəndən sonra arxasınca deyinirdilər. Deyirdilər ki, onun saqqalını qırxmaq lazımdır, buna bax qalstuksuz gəlib girib parlamentə. Əsas düşüncədi, bax bunu anlaya bilmirik.

- Nə qədər maaş alırsız?
- Əksəriyyət həmkarlarımdan çox alıram.

- Bəs eləmir?
- Yeməyə çatır?

- Nə qədər istəyirsiz?
- Ayda, ildə?

- Gündə.

- Aya iki min manat.

- Kimin yerində olmaq istərdiniz?
- Əflatun Amaşov olmaq istəyirəm.

- Bəs ola bilməsəz?
- Heç olmasa, Umud Rəhimoğlu olum.

Elbrus Ərud