5 min il öncə baş verən zəlzələnin izlərini tapdılar

5-min-il-once-bas-veren-zelzelenin-izlerini-tapdilar
Oxunma sayı: 1625

Türkiyənin Çanaqqala Universitetinin mütəxəssisləri ölkənin cənub-şərqində təxminən 5 min il əvvəl baş vermiş zəlzələnin izlərini müəyyən ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Arkeonews” nəşri məlumat yayıb.

Tədqiqatçılar Çayönü Təpəsi adlı qədim yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı bürünc dövrünə aid palçıqdan tikilmiş və zəlzələ nəticəsində uçduğu ehtimal edilən divar qalıqları aşkarlayıblar.

Qazıntılar zamanı aşkar edilən divarın uzunluğu 5 metrdən çox olub və tamamilə yerə “uzanmış” vəziyyətdə tapılıb. Mütəxəssislər bu dağıntının güclü yeraltı təkanların nəticəsi olduğunu düşünürlər. Araşdırmalara görə, həmin dövrdə tikili artıq istifadə olunmurdu. Divarın qırmızımtıl rəngi isə kərpicin tərkibində olan hematitin yüksək miqdarı ilə izah olunur.

Geoloqların fikrincə, həmin qədim zəlzələ Diyarbakırın şimalındakı tektonik qırılmanın aktivləşməsi nəticəsində baş verib. Oxşar qədim zəlzələlərin izlərinə daha əvvəl də Yuxarı Dəclə vadisindəki arxeoloji ərazilərdə rast gəlinib ki, bu da Cənub-Şərqi Anadolunun qədimdən seysmik cəhətdən aktiv zona olduğunu göstərir.