“Ağzında dünən gecədən sönmüş söz tamı...” - Ayrılıq

agzinda-dunen-geceden-sonmus-soz-tami-ayriliq-
Oxunma sayı: 775






“Ayrılıq”


... Bir də
Səhiyyənin
xəbərdarlığını oxuyub,
buzlamış canınla,
göm-göy, qanı donmuş
ayaqlarınla
qaçıb girərsən yatağına.
Bitən sözünün oduna
yaxıb yenisini
qoyarsan damağına.
Dilinlə çeynərsən,
çevirərsən belədən-belə
dodağın boyu.
Usta bir oyun...
Dişlərinlə sıxıb kötüyünü
dişləm-dişləm,
oynaya-oynaya
ağzında təzə alışdırdığın söz
uyquya dalarsan.
Bayaqdan çırpılmamış kül
dağılar üstünə.
Ağcaqanadlar pərvanə rolunda
yığışar tüstünə...

***

Yuxunda
“AYRILIQ”mı deyərsən, nə?
Ayrılan dodaqlarından
bu qopan sözün
qızılı közü
düşər,
yandırar,
deşər yorğanı...
Sinənə çatanda od
ayılarsan,
atəşdən bayılarsan.

***

“Əşşi, ev cəhənnəmə,- deyərsən,-
bəs bu zəhrimarın kötüyü hanı?..”

***

... Belə olur da hər gün
sübh tezdən dəli adamın
“Ayrılıq”dan ayılanda
qaralır qanı!
Və illah da ağzında
dünən gecədən
sönmüş söz tamı...