***
“Salam. 43 yaşım var. Gəncə şəhərində doğulmuşam. Deyilənə görə anam təsadüfi tanışlıq nəticəsində hamilə qalıb. Babamgil anamı evdən qovub və o, məni dünyaya gətirəndən sonra küçəyə atıb. Kimsə məni tapıb və övladı olmayan bir ailəyə övladlığa verib. Onlar Bakıda yaşayır. Beləcə Bakıda yaşamalı olmuşam. Sonradan, 14 yaşım olanda məni övladlığa götürən “valideynlərimin” oğlu dünyaya gəlir. Bu uşaqdan sonra analığım məni gözümçıxdıya salmağa başladı. Əsl mənfi ögey ana obrazını təsəvvürünüzə gətirin. “Göyçək Fatimə”nin həyatını xatırlayın. Məni məktəbdən ayırdılar və uşağa qulluqçuluq etməyə vadar etdilər. O vaxta qədər isə həyatım çox gözəl idi. Bu adamların öz valideynlərim olduğunu zənn edirdim. Günlərimin göy əskiyə bükülməsi məni şübhələndirdi. Bir gün analığımın uzaq qohumu bizə gəlmişdi. Dindar qadın idi. O, analığımın mənə etdiyi zülmləri öz gözləri ilə gördü. Uşağın əskisini yumadığım üçün qaşığı qızdırıb biləyimə basmışdı. Həmin qadın analığımın üzünə tüpürdü, sonra ona ağzına gələni dedi. Qolumdan tutub məni evlərinə gətirdi. Atalığım arxamca gəldisə də, həmin qadın məni ona vermədi. Onun da evdə bir qızı vardı. Namaz qılan adamlar idilər. Onlarda bildim ki bu adamlar mənim doğma valideynlərim deyil. Düzü, sevindim. Çünki ana haqqında deyilən gözəl sözlərə qarşı yaranmış nifrət hissim yox olurdu... 16 yaşım olanda həmin qadın məni öz qohumlarından birinə ərə verdi. İki övladımız dünyaya gəldi-bir oğlan və bir qız. Atalığım, analığım, onların kiçik oğlu heç yadımdan çıxmırdı. Həyat yoldaşım mənimlə evlənəndən sonra atasıgil Sabunçuda bizə birotaqlı ev aldı. Ötən il ağ saçlı, yaşlı bir qadın məni sonradan saxlayan və ərə verən həmin xeyirxah qadının qızı ilə (mən onu doğma bacım hesab edirəm) bizə qonaq gəldi. Qocalmışdı, saçları ağarmışdı. Cizgilərindən tanıdım-analığım idi. Boynuma sarıldı, hönkür-hönkür ağladı. Məlum oldu ki, əri və oğlu avtomobil qəzasında həlak olub. Etdiyi haqsızlıqlara görə halallıq almağa gəldiyin dedi... Təbii ki, mən halallığımı verdim. Çünki 14 il mənim əziyyətimi çəkmişdi. Onu geri qayıtmağa qoymadım. İndi bizimlə birlikdə yaşayır. Amma hər dəfə biləyimdəki yanıq izinə baxanda xəcalət çəkdiyini hiss edirəm...
Hörmətlə: Naibə Allahyarova. ”
***
Oxşar hadisə Çinarənin başına gəlib. Çinarə uşaq vaxtı bibisi tərəfindən övladlığa götürülüb. Lakin gözlənənlərin əksinə olaraq, bibisi onun valideynlərinin ümidlərini doğrultmayıb. Universitetdə oxuyanda qonşuları ona həqiqi valideynlərinin kim olduğunu deyib və ağır depressiya keçirən Çinarə rayona-doğma valideynlərinin yanına gedib. Lakin valideynlərinin kasıb həyatı qızı buralara yovuşdura bilməyib. Və sonradan bibisigil onu yenidən öz yanlarına aparıb... Çinarə indi ikili həyat yaşadığını və həqiqi valideyn sevgisinin nə olduğunu bilmədiyini deyir.
***
Əlbəttə, övladlığa götürülən uşaqların sonrakı taleyi haqda heç də həmişə yaxşı sözlər demək olmur. Bu barədə psixoloq Səadət Vəliyevanın məsləhətlərini oxuyaq: “İlk öncə övladlığa uşaq götürəcək valideynlər buna psixoloji cəhətdən hazır olmalıdırlar. Ona öz övladları kimi məhəbbət verə biləcəklərmi, onu sevə biləcəklərmi-bu sualların cavabına müsbət cavab verdikləri halda övladlığa uşaq götürməlidirlər. İkincisi, düzgün tərbiyə mexanizmi gəlir. Sonra uşağın gələcəyinin təminatı. Yəni doğma övladlarına hansı qayğını göstərəcəklərsə, həmin uşağa da o cür nəvazişlə yanaşmalıdırlar. Uşağın başqasına aid olduğunu ona xəbər verənlər birbaşa cinayət məsuliyyəti daşıyırlar. İnsanlar bundan uzaq olmalıdırlar...” Yeri gəlmişkən, övladlığa götürülənlərə başqasının övladı olmalarını çatdıranların daşıdığı məsuliyyəti qanunla müəyyən olunmuş qaydada təqdim edirik:
Maddə 130. Övladlığa götürmənin saxlanması
130.1. Övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumluq və himayə orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından övladlığa götürənlərin övladlığa götürülənin doğma valideynləri olmadığını göstərən çıxarışlar vermək qadağan edilir.
130.3. Övladlığa götürənin iradəsi ziddinə övladlığa götürmə sirrini yaymış şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.
***
Övladlığa uşaq götürmək üçün neyləmək lazımdır? Mütəxəssislər, ilk öncə psixoloji amili diqqətə çatdırılar. Eyni zamanda qarşı tərəfin buna maddi gücünün yetməsi də önəmli faktorıardandır. Gələlim, məsələnin rəsmi tərəfinə. Qeyd edək ki, övladlığa götürmə uşağı övladlığa götürmək istəyən şəxslərin (şəxsin) verdiyi ərizə əsasında məhkəmə tərəfindən həyata keçirilir. Ərizədə aşağıdakılar göstərilməlidir:
- Övladlığa götürənlərin (götürənin) soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri, məşğuliyyət növü; -Övladlığa götürülən uşağın soyadı, adı, atasının adı, onun yaşayış yeri (olduğu yer), valideynləri barədə məlumat, qardaş və bacılarının olub-olmaması; -Uşağın övladlığa götürülməsi haqqında övladlığa götürənlərin (götürənin) xahişini əsaslandıran hallar, bu halları təsdiq edən sübutlar; -Övladlığa götürülən uşağın soyadının, adının, atasının adının, onun doğulduğu tarixin (1 yaşınadək uşaqlar övladlığa götürüldükdə) dəyişdirilməsi, övladlığa götürənlərin (götürənin) valideynlər (valideyn) kimi uşağın doğulması haqqında akt qeydində yazılması barədə xahiş.
- MPM-nin 347-ci maddəsinin tələbinə əsasən: Övladlığa götürmə barədə ərizəyə aşağıdakılar əlavə olunmalıdır: -Uşaq nikahda olmayan şəxs tərəfindən övladlığa götürüldükdə-övladlığa götürənin doğum haqqında şəhadətnaməsinin surəti; -Uşaq nikahda olan şəxslər (şəxs) tərəfindən övladlığa götürüldükdə-övladlığa götürənlərin (götürənin) nikah haqqında şəhadətnaməsinin surəti; -Uşaq ər-arvaddan biri tərəfindən övladlığa götürüldükdə-digərinin razılığı və ya ər-arvadın ailə münasibətlərinə xitam verməklə 1 ildən artıq müddətdə birgə yaşamadıqlarını təsdiq edən sənəd. Müvafiq sənədi ərizəyə əlavə etmək mümkün olmadıqda ərizədə həmin faktları təsdiq edən sübutlar göstərilməlidir; - Övladlığa götürənlərin (götürənin) səhhətinin vəziyyəti barədə tibbi rəy; -Övladlığa götürənlərin (götürənin) tutduğu vəzifə və əmək haqqı barədə iş yerindən arayış və ya gəlirlər haqqında digər sənəd; -Yaşayış yerindən istifadə etmək hüququnu və ya yaşayış yerinə mülkiyyət hüququnu təsdiq edən sənəd.
P. S. Şəxsi həyatınızın, başınıza gələn əhvalatların işıqlandırılmasını istəyirsizsə, bizə bu ünvana yaza bilərsiz: [email protected]
Leyla