Antalya kitabxanasında Azərbaycan bölməsi açıldı - Fotolar

antalya-kitabxanasinda-azerbaycan-bolmesi-acildi
Oxunma sayı: 545

Antalya kitabxanasında Azərbaycan bölməsi açılıb.

“Qafqazinfo” xəbər verir ki, bu, xaricdə fəaliyyətə başlayan ən böyük Azərbaycan bölməsidir.

Bölmənin açılışında mədəniyyət naziri Adil Kərimli də iştirak edib. 

Yeni yaradılan bölmə ilə bağlı məlumat verən Kəpəz bələdiyyə başçısı Məsud Kocagöz çıxışı zamanı bildirib ki, hazırda kitabxana fondunda Azərbaycan ədəbiyyatına aid 759 kitab var:

“İki dövlət, bir millət olan can qardaşımız Azərbaycan üçün belə bir seçim etdiniz, bu, bizim üçün də qürurvericidir. Burada ümumilikdə 759 kitab var, onların 400-ü Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təqdim olunub, qalan hissəsi isə kitabxananın öz imkanları ilə toplanıb.

Burada həm Azərbaycan türkcəsində, həm də Türkiyə türkcəsində kitablarımız mövcuddur. Hazırda kitabxanamızda mindən çox Azərbaycan vətəndaşı qeydiyyatdadır. Bu səbəbdən belə bir layihə çox uğurlu oldu. Qarşılıqlı əməkdaşlığın və dostluğun davam etməsini ürəkdən arzulayıram. Xeyirli olsun”. 

Yeni açılan Azərbaycan bölməsində Molla Pənah Vaqif, Şah İsmayıl Xətai, Abbas Səhhət, Nizami, Məhəmməd Füzuli və digər görkəmli Azərbaycan müəlliflərinin əsərləri oxucular üçün təqdim olunub. Kitabxana 24 saat fəaliyyət göstərir. 

Açılış mərasimi zamanı kitabxanada Azərbaycan musiqiləri səsləndirilib, tədbir iştirakçılarına xüsusi mədəni atmosfer yaradılıb.

Lamiyə Məmmədova