İranın xarici işlər naziri Seyid Abbas Araqçı ölkədə baş verən iğtişaşların fəsadları barədə geniş statistikanı açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, nazir bu barədə “X”də paylaşım edib.
Araqçının təqdim etdiyi məlumata görə, iğtişaşlar və hücumlar zamanı 750 bank, 749 polis bölməsi, 414 hökumət binası və 120 Bəsic mərkəzi ciddi zərər görüb və ya dağıdılıb. Nazir həmçinin vurğulayıb ki, baş verən hadisələrdə təhsil və dini müəssisələr də hədəfə alınıb. Belə ki, 200 məktəb, 350 məscid, 15 kitabxana və 2 erməni kilsəsi də hücumların hədəfində olub.
XİN rəhbəri bildirib ki, nəqliyyat və xidmət sektoruna dəyən zərər də kifayət qədər böyükdür. Nazir 305 təcili tibbi yardım maşını və avtobusun, 24 yanacaqdoldurma məntəqəsinin, 600 bankomatın və 253 avtobus dayanacağının sıradan çıxdığını bildirib. Şəxsi mülkiyyətə gəlincə, 700 mağaza, 300 yaşayış evi və 800 fərdi avtomobil zərər görən əmlaklar arasındadır.
Qeyd edək ki, Araqçı paylaşımında baş verən hadisələrdə ümumi ölü sayının 3.117 nəfərə çatdığını vurğulayıb. Onlardan 2.427 nəfəri mülki şəxslər və təhlükəsizlik qüvvələrinin əməkdaşları, 690 nəfəri isə aksiyalarda iştirak edənlərdir.
Xatırladaq ki, dekabrın 28-də İranda milli valyutanın devalvasiyası ilə başlayan etiraz dalğası ötən həftələrdə daha da şiddətlənmişdi.
Son xəbərlər
Son Xəbərlər