“Azərbaycan dini baxımdan Amerikadan yüz dəfə tolerant ölkədir”

azerbaycan-dini-baximdan-amerikadan-yuz-defe-tolerant-olkedir
Oxunma sayı: 1610

“Məni hövsələdən çıxaran o oldu ki, ABŞ-nin dövlət katibi Entoni Blinken Azərbaycanı “dini etiqad azadlığının ciddi pozuntularına yol verən ölkələrdən biri” adlandırıb. Əlimi vicdanımın üzərinə qoyub əminliklə deyə bilərəm ki, Azərbaycan dini baxımdan Amerikadan ən azı yüz dəfə tolerant ölkədir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli şəxsi feysbuk hesabında yazıb.

“Diqqət edin: ABŞ-də əhalinin 0,9, Kanadada isə 5 faizi müsəlmandır. Bu fərqin arxasında nə gizlənir? Çünki Amerika dəyərləri sırasında islamafobiyanın öz yeri var. Bu ölkə müsəlmanların Amerikaya gəlməsinin qarşısına açıq şəkildə Çin səddi çəkib. Xüsusən Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktlarından sonra Amerika dünya səviyyəsində anti-islam təbliğatına start verdi.

Kaliforniya Berkli Universiteti və Amerika-İslam Münasibətləri Şurasının hesabatına görə, 2008-ci ildən ABŞ-də əsas məqsədi “İslam və müsəlmanlara qarşı qərəz və nifrət yaratmaq” olan 33 qrupa 206 milyon dollar maliyyə ayrılıb. 2013-cü ildə isə belə qrupların sayı 74-ə yüksəlib. Bu tendensiyanı araşdıranlar bu prosesi ironiya ilə “İslamofobiya sənayesi” (Islamophobia industry) adlandırıb. Bu hesabla indi Amerikada islama nifrət aşılayan nə qədər qrup var? Orasını özünüz düşünün...”, - deyə jurnalist bildirib.

Elbəyi Həsənlinin sözlərinə görə, Amerika təkcə islama nifrət etmir: “Amerikada xristianların dörddə biri katolikdir. İndiyə kimi Amerikanın 46 prezidenti olub. Onlardan yalnız ikisi katolikdir. O iki nəfərdən də birini vurub öldürdülər...

O da faktdır ki, evanqelist (protestant) imperiya sayılan ABŞ-lə Roma katolik Kilsəsi arasında münasibətlər həmişə gərgin olub. Bu gərginliyin əsas səbəbi isə odur ki, evanqelist Amerikada katoliklərə yuxarıdan aşağı baxırlar və bu münasibətin kökü 30 illik müharibəyə (1618-1648) gedib çıxır. O vaxt Avropada katoliklərlə protestantlar bir-birini qırıb. Nəticədə 8 milyona yaxın insan məhv edilib.

Düşünün ki, Amerikanın 335 milyon nəfər əhalisi var. Azərbaycanda isə cəmi 10 milyon insan yaşayır. Balaca Azərbaycanda olan kilsələrin sayı o boyda Amerikada olan məscidlərin sayından dəfələrlə çoxdur. Bu kimi faktları Azərbaycanı ittiham edən Amerikanın gözünə soxmaq lazımdır”.