Azərbaycan həkimlərinin dəhşətli əməliyyatları – Qurbanlar

azerbaycan-hekimlerinin-dehsetli-emeliyyatlari-qurbanlar
Oxunma sayı: 4962




“Həkimlərimizi sevirəm, amma üsyanım səriştəsiz, məsuliyyətsiz, insafsız, vicdansız olanlaradı, belələrinə hətta nifrət də edirəm. Hər kəs özünü bilir” - (silsilə məqalənin sloqanı)

Deyirəm, məmləkətdə quş ovuna tamarzı qalan ovçuların yerini indi əməlli başlı xəstə ovuna çixan həkimlər alıb. Amma bu gözəgörünməz ov lisenziyasını bir qisim (ya da çox hissəsi) həkim özü-özünə verib. Məsuliyyət anlayışını və insani hisslərini pula satan həkim adı ilə sağlıq ticarətini yaradan bu kəslər hələ də meydanda at oynadır. Hələ də insanlar savadlı və ya savadsız həkimlərin səhvləri (səhv diaqnoz, aparilan müalicə və ya xəstəyə müdaxilə) ucbatindan canindan olur, ya da saglığı əlindən getdiyindən özgələrə möhtac yaşayirlar.

Tarix boyunca həkim səhvi üzundən (pop kralı bədbəxt Maykl Cekson da həkim qurbanı oldu) yüzlərlə insan açıq və gizli şəkildə həyatı ilə vidalaşib. Bəzən İlahidən başqa heç kəsə məlum olmayan belə hallar bəndələr tərəfindən də ört-bastır edilib. Elə bu gün də səhvlərini qəbul etməyən Hippokrata and verənləri qandırmaq üçün dəmir əsəblərə və polad ürəyə sahib olmaq lazımdı.

29 yaşlı M.Lalə də həkim səhvinin qurbanlarındandı. 2 il əvvəl o Azərsutikinti “ASC”-nin xəstəxanasında canını buranın təcrübəli cərrahı Mirbəşir Həsənova həvalə edib. Nəticədə xəstənin ödündəki daşın alınması (xolsistektaniya əməliyyatı) əvəzinə ödü kəsilib çıxarılib. Bir öddüdə, həkim fikirləşib daşları sayıb çıxarınca məsələni kökündən həll etsin. Nə isə. Lalə əməliyyatdan sonra yaxınlarının köməyi ilə həyata ödsüz davam etməyə başlamışkən onun yenidən köhnə ağrıları baş qaldırıb. Yenə də qarın nahiyyəsində sancılar, göynəmələr, ürək bulanmaları... Ağrıları ucbatından 3 aylıq körpəsinə də istədiyi qayğını göstərə bilməyən Laləni yaxınları pəhriz saxlamamaqda günahlandırıblar. Amma o israrla əməliyyatdan sonra da əvvəlki ağrılarının eyni olduğunu deyib və ultrasəs müayinəsinə (USM) getməyi qərara alıb. Özü də ixtisasca həkim olan Lalə USM-nin nəticəsini görəndə şoka düşüb. Sən demə, əməliyyat zamanı ona əziyyət verən və götürülməsi nəzərdə tutulan daşlara belə əl vululmayıb. Sadəcə hədəflənən öd kisəsi kəsib götürülüb. Daşlar elə qaraciyər axarcığında əvvəlki vəziyyətində düzülüb. Heç nədən qarın böşluğu yarılan və “günahsız” ödünün çıxarıldığını iddia edən (USM-nin əməliyyatdan əvvəlki və sonrakı nəticələrinə diqqətlə baxın) Lalə cərrahla görüşüb. Cərrah isə vəziyyətdə qeyri-adi heç nə olmadığını və lazım gələrsə ikinci əməlliyyat (2-ci hissə) edə biləcəyini bildirib. Həkim həm də USM-ni bir neçə yerdə aparılmasını təklif edib. Elə bu məntiqsiz təklifi ilə də öz səhvini təsdiqləyən həkim pasiyentinin psixoloji vəziyyətini belə nəzərə almayıb. Maraqlıdır, elə bir USM-ə əsasən xəstəni tez-bazar yaran həkim niyə əməliyyatın nəticəsini bir neçə yerdə yoxlamaq istəyib. Yoxsa o da öz həmkarlarının işindən şübhə edir?

Hər halda həkim səhvinin qurbanı növbəti əməliyyatı qəti şəkildə inkar edib və artıq vəziyyətini qaydaya salmaq, sağlamlığının bərpası üçün xarici həkimlərdən kömək umub. Çünki mütəxəsislərin fikrincə, bu vəziyyətdə olan xəstəni narahat edən daşlar elə təmizlənməlidir ki, qaraciyər zərər görməsin. Bunun üçünsə, insaflı əllər, cidiyyət tələb olunur. Nəhayət, qonşu ölkələrdən birində endoskopiya yolu ilə daşlarından azad olunur. Hətta həmin ölkənin cərrahı azərbaycanlı cərrahın “əl işi”ni görəndə onu söyməkdən belə çəkinməyib. Növbətı tibbi müdaxilənin nəticəsində ağrıları səngiyən Lalə özünə gəlsə də, bu gün də heç nədən itirdiyi ödünə və kobud yarılmış qarın nahiyəsindəki (ağ xətt boyunca) “yorğan tikişi”nə baxdıqca təəssüflənir. Bu səhvlərin müəllifi cərrahımız isə hələ də öz ampulasındadır. Qanunlarımızda həkim cinayəti və ya səhvinin cəzalandırılması məsələsi öz əksini tapmadığından bu məsələ açıq qalır.

P.S. Yeri gəlmişkən, bir neçə xəstəxana arxivində aparılan kiçik araşdırmadan məlum olur ki, burada hər ay 100-ə yaxın kiçik və orta əməliyyatlar aparılır. Maraqlısı isə budur ki, xəstə tarixçələrinə görə, əməliyyatların çöxu ödün çıxarılması ilə nəticələnib. Bu öd kolleksiy¬ya¬sının səbəbi insanların sagliqlarına laqeyd olmalarıdırmı, tibbin həddən artıq inkişafı, ya Allahın səbəbsiz vermədiyi ödün artıq lazımsız olmasının kəşfidirmi, ya da cərrahların tələsik qərarının nəticəsidirmi. Xüsusən gənclərin ödsüzlər sırasına qoşulması acınacaqlı haldı,bu ödçıxarma əməliyyatlarının hansı hallarda daha doğru olmasını və cərrahların bu sadə üsullarla özündən olan canlı məxluqları bu vəziyyətə gətirməsi isə bir başqa dərddi. Bu problemin bir az araşdırılmasına ehtiyac var.

Ardı olacaq

Raminə Eyvazqızı