“Kəlbəcər” tankeri növbəti səfər üçün təlimat gözləyir” - Foto - Yenilənib

kelbecer-tankeri-novbeti-sefer-ucun-telimat-gozleyir
Oxunma sayı: 3161

İstanbul sahillərində iki tankerdən “həyəcan siqnalı” daxil olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, tankerlərdən biri Azərbaycan, digəri isə Türkiyə bayrağı altında üzən gəmilərdir.

Məlumata görə, sahilə yaxın ərazidə 141 metr uzunluğunda “Kəlbəcər” adlı tanker 115 metr uzunluğunda “Alatepe” adlı tankerlə toqquşub.

Hadisə yerinə dərhal Nəqliyyat və İnfrastruktur Nazirliyinin Sahil Təhlükəsizliyi Baş İdarəsinin quru xilasetmə komandası və Kurtarma-9 adlı ehtiyat gəmisi göndərilib.

***

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, İstanbulun Florya sahillərində Kiçikçəkməcə lövbər rayonunda müşahidə olunan küləkli hava şəraiti səbəbindən “Kəlbəcər” tankerinin lövbər zənciri yaxınlıqdakı Türkiyə bayraqlı “Alatepe” tankerinin pərinə ilişib:

“Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib. Mövcud təlimata uyğun olaraq, liman müfəttişliyinin heyəti əraziyə cəlb olunub. Hazırda xidmət əməkdaşları tərəfindən hər iki gəmidə müvafiq texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə buraxılması istiqamətində tədbirlər davam etdirilir. 

Hadisə zamanı gəmidə yük olmayıb. Vəziyyət nəzarət altındadır, heyətin təhlükəsizliyi ilə bağlı hər hansı narahatlıq yoxdur. Xilasetmə işlərinin gedişatı ilə bağlı ətraflı məlumat veriləcək”.

***

Son məlumata görə, İstanbulda Kiçikçəkməcə lövbər rayonunda əlverişsiz hava şəraiti səbəbindən “Kəlbəcər” tankerinin lövbər zəncirinin “Alatepe” tankerinin pərinə ilişməsi ilə bağlı aparılan tədbirlər uğurla yekunlaşıb:

“Əməliyyat zamanı kənar xilasetmə qüvvələrinin müdaxiləsinə ehtiyac yaranmayıb. Belə ki, “Kəlbəcər” tankerinin heyəti mühərriki işə salaraq, gəmini dayaz sudan çıxarıb və dərin suya təhlükəsiz şəkildə keçid edib.

Hadisə nəticəsində gəmiyə ziyan dəyməyib, dəniz mühitinə hər hansı zərər və ya sızma qeydə alınmayıb.

Hazırda “Kəlbəcər” tankeri istismara tam hazırdır və növbəti səfər üçün təlimat gözləyir”.