Bakıda yol qəzası olub.
“Qafqazinfo” xəbər verir ki, taksi xidməti göstərən avtomobil idarəetməni itirərək başqa bir maşına dəyib.
Avtomobilin arxasında dayanan şəxs qaça bilməyib və maşın ona çırpılıb. Yaxınlıqdakı şəxs isə özünü kənara atıb, ciddi xəsarət almaqdan qurtulub.
Daha sonra məlum olub ki, o, “Madteen” ləqəbi ilə tanınan müğənni Mətin Hüseynzadədir.
***
DİN-in Mətbuat xidmətindən bildirilib ki, iyulun 25-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yol nəqliyyat hadisəsi qeydə alınıb. Sürücü H.Zahidov idarə etdiyi “Opel” markalı avtomobillə Ş. Kamilov küçəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kəsişməsində yerləşən avtoyuma məntəqəsində olan “Changan” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində avtoyuma məntəqəsində çalışan 1 nəfər müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları tərəfindən baxış keçirilib, tərəflərin izahatları alınıb. Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.
Araşdırmalar Sabunçu Rayon Polis İdarəsində davam etdirilir.
***
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyulun 25-i saat 18:00 radələrində Sabunçu rayonu ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub: “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 35 yaşlı şəxs (kişi cinsli) qapalı kəllə-beyin travması, sağ ayağın əzilməsi diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”.
***
Mətin hadisə ilə bağlı açıqlama yayıb. O bildirib ki, xəsarət alan şəxs hazırda reanimasiyadadır: “Dünən bədbəxt hadisə baş verdi. Maşınım avtoyumada olan zaman başqa maşın gəldi çırpıldı. Avtoyumanın əməkdaşı ağır xəsarət aldı və reanimasiyadadır. Hələ də şokdayam, fikrim ondadır. Mən qəzadan bir addımlıqda qurtuldum. Məni vurub kənara atdı. Ayağımı itirə, reanimasiyada ola bilərdim. Dualarınızı gəncdən əsirgəməyin, iki övladı var. Allah hər kəsi xətadan qorusun. Sükan arxasında ehtiyatlı olmaq lazımdır”.