Ağdamda Qədir Rüstəmovla “Atüstü” söhbət - Sənədli hekayə

agdamda-qedir-rustemovla-atustu-sohbet-senedli-hekaye
Oxunma sayı: 1872

Mehmanxanadan Ağdamda nə qədər dost-tanışım vardısa, bir-bir zəng elədim, hamısı da eyni sözü dedi: - Qədiri tapmaq çətin məsələdir, özü gəlib çıxmasa, xeyri yoxdu...
Əməlli-başlı ruhdan düşdüm: gərək əvvəlcə Bakıdan ona zəng vurub, sonra gələydim, ancaq bundan keçmişdim. Özümə söz verdim ki, onu tapmayınca, geri qayıdası deyiləm. Telefonun dəstəyini yerinə qoyub qapını bağladım, aşağıda inzibatçı ilə qarşılaşıb “dərdimi” ona dedim.
- Üç-dörd gün bundan qabaq buralarda idi, - dedi və aciz adamlar kimi gözümün içinə baxıb başımı aşağı saldı.
- Mənə indi lazımdır, - deyib uzaqlaşdım.
Səhər saat doqquzun yarısı olardı, bir xeyli gəzib dolaşdım. Sonra mehmanxana ilə üzbəüz qəzet köşkünə yaxınlaşdım, “Literaturnaya qazeta”nı soruşdum. Qəzetsatan qadın dedi ki, vallah bircəciyi qalıb, o da Qara həkimindir. Bir neçə qəzet alıb aralananda qadın arxadan məni səslədi:
- Bəri dur, bəri dur, ay qardaş...
Geri qayıtdım.
- Deyəsən, qonaqsan.
- Bəli.
- Xeyirdimi?
Qadın məndən gözünü çəkmədi, hiss elədim ki, bir kəlməlik sualında ətraflı cavab gözləyir. Dedim:
- Qədir Rüstəmovnan görüşməyə gəlmişdim...
- Tapdınız?
- Yox.
- Çətin məsələdi...- Qadın bir anlıq fikrə getdi, sonra başını köşkün kiçik pəncərəsindən çıxardıb, əli ilə sağ tərəfi göstərdi, - bax, o ikimərtəbəli binanı görürsən, get ora, qalx ikinci mərtəbəyə, dön sağa, ikinci qapını döy, gir içəri, sarıyanız, qəşəng bir oğlan görəssən, adı Elmandı, familiyası Ağayev... hə... onnan xahiş eləsən, bəlkə o tapa, dostdular...
- Çox sağ olun, çox sağ olun...
Dönüb getmək istəyəndə qəzetsatan qadın dedi:
- Allah toyunuza xeyir versin...
- Çox sağ olun...
Və... qadın düz deyirmiş – Elman Ağayev yarım saatın içində Qədir Rüstəmovu tapdı. Biz görüşdük.
- Deməli, gəlmisiz mənnən yazmağa? – Qədir soruşdu.
- Bəli, - dedim.
- Yazmaq yox yazmaq lazım deyil, əmbə elə-belə, “atüstü” söhbət eləyə bilərik, - dedi. Və düz gözümün içinə baxdı ki, görsün dediyi söz mənə sərf eləyirmi, sonra da əlavə etdi. - Balığa gedirdim, e, beşcə dəqiqə gec gəlsəydilər görüşə bilməyəcəydik.
Mehmanxanaya gəldik. İlk sualı o mənə verdi:
- Sirusu tanımırsan? O da...
- Bir yerdə işləyirik.
- Bir dəfə gəlmişdi. Ağdama. Məndən yazmaq istəyirdi, dedim lazım deyil. Hə... Əmbə hərrədi, fırradı məqaləsinin birində mənim adımı çəkdi. Neynək, sağ olun. – Bir az fikrə gedib, ikinci sualı verdi: - Bir söz desəm, xətrinizə dəyməz ki?
- Yox... – dedim.
- Gəlin, belə eləyək dayna... Hə... əgər istəyirsiniz ki, söhbətimiz şirin keçsin, darıxmayaq, bir-birimizə sən deyək, bu “sizdən-zaddan” xoşum gələn deyil. Nə isə, elə dədə-babadan öyrəşmişəm.
- Oldu.
- Hə... Qəlyanı doldurdum... – Doldurdu. – İndi de görüm səni nə maraqlandırır?
Üçüncü sualı da verdi. Mən macal tapmamış dördüncü sual da ortalığa çıxdı:
- Sən məndən uşaq olarsan, neçə təvəllüdsən?
- Qırx altı...
- Deyirəm dayna, lap yaxşı, belə... – Başını aşağı saldı.
- Qədir, ilk dəfə nə vaxt oxumusan, yadına gəlir?
- Sənin anadan olduğun yadındadı?
- Xeyir.
- Heç mənim də anadan olmağım yadıma düşmür. Birinci dəfə oxumaq da elə dünyaya gəlmək kimi bir şeydi – yadımda dəyil... Belə...
- İlk dəfə nə vaxt yazdırmısan lentə səsini?
- Birinci səfər... Lap qabaqcan Əhməd Bakıxanovun yanına getdim. Dedi ki, get sabah gəl. Mənim də beləliyimə baxma, “sabah gəl”nən aram yoxdu. Hə... Sonra Baba Salahovun yanına getdim, bu da tutmadı. Uşaqlar dedi ki, ə, Qədir, getginən Əhsən Dadaşovun yanına. Getdim, bax elə o saat da “zapis” elədi kişi kimi, qəbri nurnan dolsun onun... Day burcutmaq-zad da olmadı e, belə...
- Qədir, nəslinizdə-kökünüzdə oxuyan olub, yoxsa elə sən?..
- Olub, olub, ata-babam oxuyan olub, Mehdi kişi. Özü də toya-zada getməyib mənim kimi, özü üçün, bir də qohum-əqrəba xahiş eləyəndə, hə... Bir tərəfə səfərə çıxanda qabaqca onu oxudurmuşlar, sonra yola çıxırmışlar. Sınanmış şey kimi, dayna. Hə, qırx yaşında dünyadan gedib... Bir dəfə də Şuşaya gedirmişlər, ağartı satmağa. – Maldar olublar dayna, hə... oxuduğu yerdə də ölüb...belə...
- Hər gün oxuyursan?
- Ay qağa, elə şey danışırsan ki, bişmiş toyuğun gülməyi gəlir. Oxumağı sən nə hesab eləyirsən ki...Elə bilirsən ki, oxumaq idarə işi-zadıdı ki, hər gün saat doqquzdan beşə qədər döşə getsin. Yox! Oxumaq ayrı şeydi, ay qağa? İncimirsən ki?
- Yox niyə ki?
- Deyirəm oldu-oldu də, birdən, qonaqsan, axı...Gedib orda-burda deyərsən ki, Qədir heç ağzının danışığını bilmirmiş... hə... Hə başını ağrıdım, hər gün oxusaydım, indi çoxdan ölmüşdüm.
- Doğrudan?
- Peyğəmbər haqqı.
- Niyə ki?
- Ona görə ki, özümdən asılı deyil, hər dəfə oxuyanda elə bil ömrümdən kəsirəm. Ömrümdən kəsdikcə uzanmıyacaq ki, gödələcək dayna... belə... Əmbə onu da deyim ki, hər gün oxumaq düşür bəzilərinə, günü-gündən cavanlaşırlar – hərə bir cürdü də, nə bilim, belə...
- Sənin ilk lent yazına – səhv eləmirəmsə, “Cahargah təsnifi” idi – ilk dəfə 1968-ci ildə təsadüfən radioda qulaq asdım. Sən oxuyub qurtaran kimi dəhşət məni bürüdü, özüm də evdə tək idim. Vahiməyə gəldim. Sonralar başa düşdüm ki, sənə tək qulaq asmaq olmazmış. Şəhərə çıxıb mənə rast gələnlərin hamısından soruşmaq istəyirdim ki, indicə radioda bir oğlan oxudu, ona qulaq asdınızmı – hamının fikrini bilmək istəyirdim. Birdən telefon zəng çaldı, uşaqlıq dostum Zeynal Zeynalov idi. O dedi ki, qardaş indicə radioda bir oğlan oxudu, məni dəli eləyib, evdə özümə yer tapa bilmirəm. Bir neçə dəqiqədən sonra gəlib çıxdı, gördüm ki, əsir, məni qucaqladı, o qədər öpdü ki, elə bil yüz illərin ayrılığından sonra görüşmüşdük...
- Sözünün canını de, - Qədir dedi.
- Sözümün canı odu ki, sənin ilk oxumağının hamının ürəyinə qoyduğu od hələ də yanır, yandırır. O vaxt yəqin ki, özünü dünyanın ən xoşbəxt adamı hesab eləyirdin.
- Evi tikilmişin oğlu, bir dəfə oxumağnan adam xoşbəxt olsaydı, nə vardı ki...Sənin hesabınnan mən yüz dəfə xoşbəxt olmuşam, ikincisinə qalan yerdə, sən də sağ ol, o Zeynal da sağ olsun, əmbə çox şişirtdin ey, belə şeyləri tərgit getsin. Oxumuşuq da... hərənin əlindən bir iş gəlməlidi; mənim də əlimdən gələn pis-yaxşı budu, belə...
- Qədir, sənin səsin çox yanıqlıdı, diqqətlə axtaran olsa, orda yüz yanıq yeri tapar. Bu nə ilə bağlıdır?
- Qağa, məni ora-bura çox çəkmə, hə... Qaldı, deyirsən ki, nə bilim səsin yanıqlıdı, belədi, helədi. Bilmirəm, Allahın verdiyi səsdi düşəndə oxuyuruq.
- Bir sual verəcəm, amma incimə.
- Sən də elə şey soruş ki, incitməsin. İkincisinə qalan yerdə heç kəsdən inciyib eləmirəm...
- Niyə?
- Ona görə ki, inciməyin adı yoxdu. Heç kəsi qınamaq olmur, ay qağa, camaatın başı o qədər qarışıqdı ki, hərənin öz dərdi-səri özünə bəs eləyir. Lap düzünü bilmək istəyirsənsə, inciyirəm e, elə bilirsən mən adam deyiləm, əmbə özümü elə göstərirəm ki, incimirəm – ürəyimə salıram... Belə... Sözünü de.
- Qədir, qəfil səsin batsa, neyniyərsən?
- Qədirin səsinin batmağından keçib, uşaq-zad deyiləm ki, özümü tanıyandan sonra səsim bata...
- Necə deyərlər, şər deməsən, xeyir gəlməz. Birdən səsin batdı də...
- Batanda gələrsən görərsən neynirəm, qabaqcadan nə deyim?
- Zümzümə eləməyə necə baxırsan?
- Kəndçi balasısan?
- Bəli.
- Bir var ki, gələsən dəyirmana dən üyüdəsən, bir də var ki, ağnağız eləyəsən, bax, zümzümə eləmək də ağnağız kimi bir şeydi.
- Yəni xanəndə zümzümə eləyəndə ürəyi boşalır deyirsən?
- Mən helə söz deyib-eləmirəm. Bir tikə dağ aşırar – deyiblər. Zümzüməynən boşalan ürək heç kimə lazım deyil. Ürək kənd kimi, şəhər kimi ölkə kimi bir şeydi, hara boşalır, evi tikilmişin oğlu, Səməd Vurğun demişkən, “bir yandan boşalır, bir yandan dolur”. Belə...
- Hansı xanəndələrdən xoşun gəlir?
- Bilirsən, qağa, mən heç kəsin adını dilimə gətirən deyiləm. Onsuz da indiki zəmanədə xam adam yoxdu. Lap o televiziyada da, filarmoniyada da hər şeyi yaxşı bilirlər. Camaatımız da bu barədə tükü tükdən seçir. Mən ad çəksəm, sən də gedib orda-burda danışmazsan... onda gərək oxuuyanların doxsan faiziynən olam qanlı-bıçaq. Ağrımayan başıma niyə buz bağlayıram. Əmbə sənin sualının cavabında onu deyərəm: o xanəndə ki, oxuyanda qızılcalı uşaq kimi qıpqırmızı pörtür haa, bax heylələrindən xoşum gəlmir, elə bil ki, dallarına odun şaləsi var. Fikrim çatır?
- Bəli, bəli...
- Belə... Oxuyur eee, indi hamı oxuyur, əmbə çoxunun ağzından elə bil ki, hoppa tökülür... Oxuyan yaman çoxalıb, bu, yaxşı iş dəyil. Bəri bax, bir şeyi də mən soruşum səndən – Azərbaycanda nə qədər yazıçı, şair var?
- Dörd yüzdən çoxdu...
- Maşallah... Bizə min şükür... Deyirsən, dörd yüzdən çoxdu, sən hamısını bir yerdə sayırsan, yoxsa cibində “qınışkası” olanlar o qədərdi?
- Peşəkarlar dörd yüzdən çoxdu...
- Onda də sizin işiniz zülümdü ki...
- Niyə ki?
- Ay qağa, dörd yüz nəfər bir camaatı eləyir, bir heylə yazanın içində yaxşını pisdən seçmək də çətin olar.
- Elədi, ancaq bayaq özün dedin ki, camaat tükü tükdən seçir...
- Hə... heylədi, burası da var, əmbə yenə çoxdu, sən deyəndə ki, bir belə, gözüm qaraldı... İndi o maa verdiyin kitabı sən yazmısan? İncimə e. Səki soruşdum ki, neçə vaxta yazmısan?
- Beş ilə.
- Sizin də işiniz zülümdü ki... Nə qədər pul veriblər?
- Nə bilim... Beş-altı min.
- Allah bərəkət versin.
- Qədir, neçə uşağın var?
- Üç balam var, Allah hamınınkını saxlasın, böyüyüm qızdı. Əsl adı Sevildi. Nanışka deyirik. İkisi oğlandı – Mehdi, Rüstəm; babalarının adın qoymuşam.
- Yəqin biri sənin babandı, biri də...
- Buracan yaxşı gəlmişdin, burda korladın.
- Niyə ki?
- Niyə nədi, durub uşağa arvad tərəfin dədə-babasının adını qoyajam? Yox, yox, məndə helə şey ola bilməz, məni səhv salma... Bizimkilər qırılmayıb ha... Ay səni... Acmamısan ki?
- Yox, yox. Qədir, səni ən çox narahat eləyən nədi?
- Ən çox nayrançılığım odu ki, görəsən, balalarımı ayaq üstə qoya biləcəyəmmi? Çünki yaşım əllini adlayıb, uşaqlar da körpə, ya qismət...
- Qismətə inanırsan?
- Niyə inanmıram, hələ indiyənəcən bir belə məclislər aparmışam, adamlar görmüşəm, heç kəs döşünə döyüb deməyib ki, mən qismətdən artıq yemişəm... heç qismətdən artıq yemək də şakər deyil... Adlamın kəkliyi azır...
- Uşaqlardan səsi olan varmı?
- Mehdidən şübhələnmişəm, çünki yavaş-yavaş bildirir e, dənzərir, həə... Məktəbdə-zadda oxusun, eybi yoxdur, əmbə ajından tərba salıb dilənsəm yenə qoymaram toya gedə?
- Niyə?
- Heylə! qoymaram!!!
- Səsini günün hansı vaxtında lentə yazdırmağı üstün tutursan?
- Gündüz, qadan alım, gündüz yaxşıdı, ona görə ki, gündüz rütubət axşama baxanda az olur, qavalın səsi yaxşı çıxır, canım sənə desin... Bir də ki, o işıqları ki, üzümə tuşluyurlar e, elə bil ki, dünyayi-aləm gözümdə qaralır, imkan ola adamı çöldə - ya bir dağın başında, ya da bir dərədə “zapis” eləyərlər, o, hamısından yaxşıdı, əlini atasan qulağının dibinə, ürəyini boşaldasan.
- Bəs bayaq deyirdin ki, ürək boşalan şey deyil...
- Sözgəlişi deyirəm dayna, onu ayrı cür nə təhər deyirlər ki? Sən de biz də bilək.
- Elə sən deyən kimi.
- Onda tay nə deyirsən...Hə...Belə... İki cür oxumaq var: vərdişnən oxumaq, bir də var ki, azarnan oxumaq. Azarnan oxumaqçün gərək sakitlik ola, çölləmə çox olmuşam, əmbə bir şıqqıltı da eşitməmişəm. Heylə olanda adam özü də özünə qulaq asa bilir...
- Qədir, təsəvvür elə ki, bir gün gəlib sənə deyirlər: tay oxuma, bəsdi.
- Əvvəla, onu deyim ki, adamın hər şeyini almaq olar əlindən – evini, maşınını, torpağını, çörəyini, budey bu qəlyanı - əmbə iki şeyi ondan almaq olmaz. Biri insanın dilidi, biri də səsi. İkincisinə qalan yerdə, maa desələr taa sənə oxumaq olmaz, - elə girəvə tapan kimi oxuyajam – sən nə danışırsan, adamın bağrı çatdayar.
- Yaxşı, sən özünü necə xanəndə hesab eləyirsən?
- Özümü oxuyan hesab eləyirəmsə, maa tooqu lənət. Camaat küyə düşüf. Hərənin səsi özünə xoş gələn kimi, mənim də səsim özümə xoş gəlir. Əmbə oxumaq ayrı şeydi, gözümün qabağında çox böhük bir dağı görrəm, oxumaq bax odu - əmbə o dağa çıxa bilmirəm. Gendən baxıram. Qalmışam gözümdən qarıya-yarıya. Mən oxumağa gennən baxanlardanam. Belə... Yenə deyirəm görməyinə görürəm, yerini tapmışam, əmbə çıxa bilmirəm, nə dediyimi unuyursan?
- Bəli, çox yaxşı.
- Sağ olasan səni.
- Sənin aləmində pis oxuyanların ziyanı nədi? Yəni biz bilirik ki, pis oxuyan nə deməkdi, ancaq sənin fikrin maraqlı olardı?
- Acmamısan ki?
- Yox.
- Həə... Bu sualın hasantdı, həm də adamın ağzını diriyir dağa. Belədir, dayna, pis oxuyanın camaat yanında üzü qaradı, niyə?Xanəndə oxuyanda səs telləri qızarır, oxuyana qulaq asan – başa düşə-düşə qulaq asan dinləyicinin işi təkcə qulaq asmaqla bitmir, o, xanəndəyə qoşulub onunla bərabər oxuyur, düz axıracan. Alimlər sübut eləyiblər ki, oxuyanın səs telləri nə qədər qızarırsa, yaxşı dinləyicinin də səs telləri o qədər qızarır. Deməli, sən yaxşı oxuyanda camaat da sənə qoşulub heyləcə oxuyur – camaat yaxşı oxumaq öyrənir. O cürə oxuyanların zərəri bax, budur... Bu, orta və pis oxuyanlara aiddi. Hələ bir cür oxuyanlar da var, onu da deyəjəm. Həə, elələri də var ki, səs adlı şey yoxdu bu adamda. Əmbə oxuyur. Mənim saa bir andım yoxdu, əlimi xeyirliyə uzadım, sənin canın üçün bu cür adamlar yaxşı tərbiyə almayıblar – insan gərək azdan-çoxdan bacardığı işin qulpundan yapışsın. Zornan kolxoz sədri olarsan, alim olarsan, sənin də xətrinə dəyməsin, lap jurnalist olarsan... əmbə zornan oxumaq olmaz axı, qardaş... hərdən fikirləşəndə adamın cızdağı çıxır. Allahın evinəcən yanıb tökülürsən, neyniyəsən? Elə bilirsən onların öhdəsindən gəlmək hasantdı?
- Fonoqram oxumağa necə baxırsan?
- Çox pis, çox pis! Fonoqram çıxaranın atası tünbətün olsun. A kişi, belə də iş olar? Bir də görürsən ki, birisinin on beş-iyirmi il əvvəl oxuduğu “zapisi” fırladırlar, o da durub ekranda kukla kimi ağzını açıb yumur. Çoxusu da elə bil ki, yuxu yatmayıb, əsnəyir. Səsin var, oxu, yoxdu get evinə-eşiyinə, otur toyuqdan-cücədən saxla, dayna. Fonoqram bizim sənətdə kislota kimi şeydi, sənətin anasını ağladır, öldürür onu, zəlil eləyir. Fonoqram bizim sənətin bij doğduğu uşaqdı... hər nə təhər şeydisə, bizim musiqimizə yaraşmır, əmbə yavaş-yavaş yaraşdırırlar. Gülməlidi e vallah. Görün biz nə qədər ərincək olmuşuq e. Elə bil ki, evdə maqnitofona yazmısan ki, “ay arvad, bir istəkan çay ver içək”. Maqnitofonu qoyursan böyrünə, düyməni basırsan, səs gəlir: “Ay arvad bir stəkan çay ver içək”. Sən də arsız-arsız burda ağzını tərpədirsən. Gör gəlib hara çıxmışıq ey... Arvad deməz ki, a kişi, dəli olmusan...
- Sən xalq mahnılarını sevə-sevə oxuyursan...
- Hə, bildim... Xalq mahnısı. Xalqın nəyi varsa yaxşıdı; torpağı da, suyu, çörəyi də, mahnısı da... Bu belə. İkinci: xalq mahnısını oxumaq muğam oxumaqdan qırx dəfə çətindi. Özü də xalq mahnılarının hamısını gərək zildən oxuyasan, aşağıdan alınmır. Çünki xalq mahnıları çağırışdı – camaatın bir-birini çağırmasıdır. Elə bil ki, sən mənnən qonşusan, aramızda da bir çəpər var. Çıxırsan eyvana, bəm səsinən çağırırsan ki, “ay Qədir, ay Qədir ayağlını bəri qoy”. Qədir eşitməyəjək, sənin də çağırışına gəlməyəjək. Gərək zildən çağırasan ki, Qədir eşidə, gələ görə ki, nə deyirsən. Genə deyirəm, xalq mahnısı çağırışdı, gərək elə çağırasan ki, səni eşidələr, yoxsa deyərlər ki, özü-özüynən danışır. Belə... Qoy bir şeyi də mən sənnən soruşum. Elə səhərdən...
- Buyur, buyur...
- Bəri bax, o Aqil Abbas var e, onu tanıyırsan?
- Bəli, tanıyıram.
- Qardaşın var?
- Bəli, üçü...
- Sən o üçünün də canı, düz də, o bir şey yaza bilir?
- İstedadlı oğlandı... cavandı... Nədi ki?
- Heeç... Onun bir povesti çıxmışdı “Ulduz”da Əsərin qəhrəmanının adı beyrəkdi. O vədədən də bu tərəflərə üzükmür ki, özüm onnan soruşam. Ona deynən Beyrək nə addı ə, qoymusan, başına ad qəhət olmuşdu?
- Bu ad xoşuna gəlmir ki?
- Ay qağa, mənim nə dərdimə qalıb axı, məsələ burasındadır ki, hamı deyir, o, povesti saa yazıb... həə... Pis yazmayıb e, əmbə Beyrək nədi – yox bir qarciyər... “Dədə Qorqud”dan götürüb dayna. Deynən o adı dəyişsin. Heç Azərbaycanda Beyrək eşitmisən? Desən ki, hə, inanmaram. Nə çıxsa elə gərək bunlardan çıxa. Deyəzsən?
- Deyəcəm.
- Deynən, deynən, dilinə qurban olum, birdən çaşıb-eləyər uşağa da bu adı qoyar e? Bu bizim ad olsaydı, indiyənəcən qoyardılar dayna. Yəni indi ayılmışıq?..
- Qədir, gəl əsas məsələdən uzaqlaşmayaq.
- Elə bu da əsasdı.
- Deyirlər ki, oxumaq nəsillikcəndi...
- Düzdü. Bayaq dedim dayna saa, babam oxuyan olub, mən də azdan-çoxdan gözünüzün qabağında. Mehdi də heylə... Yəqin sizin nəsildə yazıçı olub...
- Yox...
- Olub e, olmağına, ya yazmayıb, ya da ki, yazıb üzə çıxa bilməyib.
- Yox, yox, olmayıb...
- Nə bilirsən. Yeddi arxada ölənin hamısının yanında olmusan?
- Yox.
- Onda dinmə... Belə... Nəsildə olmasa çətindi...
- Bakıya köçmək fikrin yoxdu ki?
- Ömrümdə...
- Niyə?
- Niyə nədi? Ağdamda yarıtdıq, qaldı Bakı? Mənimki çölləmədi, qardaş, mənim o basabasda nə işim var. Tünlüynən aram yoxdu.
- Nə vaxt yorulursan?
- Bu yaşıma gəlmişəm, yorulmaq bilməmişəm, əmbə bir şey yorur məni həmişə - özü də o bu yorğunluqdan deyil e, mən istəyirəm ki, oturub durduğum adamlar məni oxuyan kimi tanımasın e, elə-belə adi adam kimi tanısınlar. Məni görən kimi yadlarına oxumaq düşür. Xətirlərinə dəyə bilmirsən, hərdən istəməyə-istəməyə oxuyursan ki, bu da çox ağır şeydi. Elə bil ki, hamının əclaf kimi tanıdığı bir adamı durub camaatın içində tərifləyirsən... Belə...
- Sənin üçün toy nə deməkdi?
- Hər toy camaatı bir addım irəli aparırıq; toy qanuni şeydi də, qardaş, toy nəsil artırır...
- Toya tez-tez gedirsən?
- Ürəyim dolandan-dolana. Camaat da xasiyyətimi bilir, üz vurmurlar: “Net” dedim qurtardı.
- ən çox sevdiyin yazıçı kimdi?
- Turgenev...
- Niyə?
- Niyə nədi? Ən çox onun əsərlərindəki obrazlara yazığım gəlir. Klassiklərin çoxundan xəbərim var. İstəyirsən soruş deyim. Bir az alt-üst basaram, əmbə oxumuşam. Rəssamlardan da bilirsən kim xoşuma gəlir? O İvan Qroznı ki, bilmir öz gədəsini öldürür e, yaman dərddi, uzaq olsun...
- Qədir, səni Cabbar Qaryağdıoğlunun rolunda çəkiblər...
- Mənim saa bir andım yoxdu, getmirdim ha...
- Niyə?
- Niyə nədi? Sən ağdamlıları yaxşı tanımırsan, deyəcəydilər ki, Qədirə bax, Cabbar bəyin yerişini yerimək istəyir.
- Nolar deyəndə?
- Bıy, evi tikilmişin oğlu, bəs mən hara, Cabbar bəy hara?
- Bəs nə təhər oldu razılıq verdin?
- Anar özü gəldi dedi, ancaq onun xətrinə gözümü yumdum, getdim. Dədəm də gəlsə getməzdim. Minnət-zad qoymuram e, bildiyim budu. Camaat özü yalvarırki, onu kinoya çəksinlər. Halal olsun Anara, sadə, yaxşı, özü də qoçaq oğlandır, görsən deynən ki, Qədir saa salam-dua yollayır...
- Musiqi təhsilini harda almısan?
- Həə... 1959-cu ildi, yaxşı vaxtlarımdı. Yaxşı deyəndə indikindən onda yaxşıydım. Getdim Asəf Zeynallıya. Seyid Şuşinski imtahan götürürdü. Yanında da beş altı adam. Onda birinci dəfə idi ki, görürdüm Seyidi, əlini alnına dirək vermişdi. O vədə bilmədim ki, fikrə gedib, yoxsa mürgüləyib, həə, hərə bir şey dedi. Biri dedi “Şahnaz” oxu, biri dedi “Qatar” yaxşıdı. Seyid başını qaldırıb dedi ki, Qarabağdan gəlib, qoyun “Qarabağ şikəstəsi” oxusun. Oxudum qurtardım, dedi genə oxu, oxuduqca elə dedi ki, oxu. O il məni qəbul elədilər, ancaq özüm getmədim. Bundan sonra Asəf Zeynallıya iki dəfə girdim, çıxdım.
- Bəs niyə çıxdın?
- Niyə nədi? Solfecionu başım götürmürdü. Maa iki verdilər, mən də ajıq elədim, çıxdım, dedim heç oxumuram. Xanəndəyə tərif lazım deyil ha – ürək, ürək lazımdı ki, oxuyanda nəzilib-nəzilib iynənin ildızından keçəsən, qaval, bir də səsin bütövlüyü – səs gərək nə artıq olsun, nə də əskik; çox olanda xaricləyir, az olanda nəfəsin çatmır. Belə... Mənim nəyimə lazımdı ayrı dərslər. Bax o solfecio məni məktəbdən didərgin saldı. Bəlkə də xeyir burdaymış...
- Cabbar Qaryağdıoğlunun nəslindən kim xoşuna gəlir?
- Elə o dəstənin hamısı. Hamısı sənətdə at oynadıb gediblər, qəbirləri nurnan dolsun...
- Bəs bu gün?
- Bu gün Yaqub Məmmədov – Seyidin cavan nəfəslərini, Mütəllimin, bir də Xanın boğazlarını birləşdirib kişi kimi oxuyur. Bu da sənətkarlıqdı. Özünün də sənətdə ləhçəsi, nəfəsi gendən çağırır.
- Niyə Bakıda konsert vermirsən?
- Vallah deyəjəm bilmirəm... inanmazsan?
- Qədir, ən çox yadında qalan hadisə?
- Birdi, ikidi? Yadda qalan şey çoxdu, əmbə birini ölüncən unudan deyiləm. Bir dəfə filarmoniyada konsertimdi. Bir də gördüm ki, Xan ailəsiynən gəldi, ağayana əyləşdilər bir tərəfdə, həm ürəkləndim, həm də o söz... Konsertdən sonra məni yanına çağırtdırıb dedi ki, ay Qədir, hamı bilir ki, Xan filarmoniyaya özü oxuyandan-oxuyana gəlir, əmbə bu gün saa görə gəlmişəm, dadlı-duzlu adam idi rəhmətlik...
- Qadın oxuyanlardan kim ürəyinə yatır?
- Mən arvadların işinə qarışmıram...
- Niyə?
- Niyə nədi? Arvadın birinin adını çəksən, gərək “loxtan pırne” hamısının adını çəkəsən. Onda da olursan yalançı. Bu kitabı maa vermisən?
- Hə.
- Payın çox olsun. “Daş evlər”, şəklin niyə belə çıxıb, heç saa oxşamır.
- Nə bilim, Qədir.
- Acmamısan sən, ay qardaş?
- Hələ tezdi.
- Neynək, mənim sarfam qarışdı... Yaxşı qarmaqlarım var, aşağıda maşındadı, gedək göstərim?
- Sonra.
- Neynək...
- Qədir, bayaqdan söhbət eləyirik, sən də deyirsən ki, yazma, eləmi?
- Yox, yox, yazmaqdan keçib! Bilirsən niyə? “Ulduz” jurnalı neçə ildi çıxır?
- İyirmi ilə yaxındı.
- Bizim o qədim bayatılar var e, hansı ki, min illər bundan əvvəl yaranıb, özü də bu vaxta qədər yaşayır, de görüm o bayatıları “Ulduz” jurnalı çap edib ki, bu vaxtacan yaşayır? Niyə dinmirsən? İndi məndə bir şey varsa var, yoxsa sən yazmaqnan elə bilirsən ağlım artacaq?..
- Yazma deyirsən yazmaram, amma...
- Nə əmbə?
- Axı bizim də çörəyimiz burdan çıxır...
- Hə?..Neçə uşağın var?
- Xeylax.
- Yaxşı, yaz. Əmbə sözündən qaçdın ha... İncimə, yaz, yaz... Çox döşünə döyürsən, görək nə yazacaqsan. Əmbə, bilirsən, mənimki düzünəquludu, nə demişəm heylə...
- Yorulmamısan ki, deyəsən, səni çox yordum?
- Ay qardaş, mən kiməm ey, mənnən elə danışırsan ki, elə bil dünyanın yiyəsi-zadıyam. Mən kiməm? Bir-iki dənə dalay-dalay demişəm, dayna. Desən səhərəcən otur burda, oturajam belə...
- Təklik nədi?
- Təklik? Təklik vəhşilikdi.
- “Sona bülbülləri” sən diriltmisən, bu barədə...
- İncimə, düz deyirsən, əvvəla, mən “ölüdirildən” deyiləm – pis-yaxşı oxuyuram. İkincisinə qalan yerdə, heç “Sona bülbüllər” öləəər, hıy. Mən də olmasam, bir ayrısı gəlib oxuyajeydi. Belə...
- Qardaşdan-bacıdan kimin var?
- Maraqlanmıram. Əsas dədəm idi, o da öldü getdi...
- Qədir, deyirlər ki, Seyid Şuşinski dörd saat “Cahargah” oxuyurmuş, ancaq indi “Muğamat konserti”ndə bir saatın içində beş-altı muğam oxunur, buna necə baxırsan?
- Oxuyublar, oxuyublar, özü də ara vermədən. Niyə? Ona görə ki, onlara dörd-beş saat da ədəb-ərkanla əyləşib, səbrnən qulaq asanlar olub. Beyin beyini dartar ee, qardaş. O görürdü ki, qulaq asanı var, oxuyurdu dayna. Xanəndənin gərək qulaq asanı ola – qulaq asan oxuyanın gücünü beş qat artırır, onu eşqə gətirir. Oxumaq da ki, eşqnəndi, şövqnəndi. Dünən biri radioda muğamat oxuyurdu. Bir var su ilanı bir də var quruda gəzən. Elə oxuyurdu ki, elə bil quruluq ilanı çayı tələsik üzüb keçir. Axı boğula bilər. Quraqlıq ilanı əlacı olsa gərək suya girməsin, axı... Elə deyirlər “tez elə...”.
- Sənə nə deyirlər?
- Bəs sən nə bilmişdin, elə bilirsən Qədir Allahın bayıssı oğludu? O qədər Allahsız adam var ki... Allahı olmayan adam Allahın bayıssı oğlunu da tanımaz dayna, ay qardaş... Bir də ki, camaatın qulağını pisnən-yaxşıynan doldurublar. Ağdamda qabaqlarda bir güləşçi vardı ee, lap onun qulağı kimi dolub – elə bil qulağın içi yoxdu, düppədüzdü - əl içi kimi... Belə... Dingiş danışan adam olduğu kimi, dingiş oxuyan da çoxdu indi...
- Məsələn...
- Məsələni-zadı yoxdu, hamı bilir – hamı bilən şeyi mənnən niyə soruşursan, ay qağa, deyəsən, ilanı Seyid Əhməd əliynən tutmaq istəyirsən... xalasının dabanına nəhlət... Belə... Bir də görürsən ki, biri oxuyur: “Gədənin başına qoysan da tacı, yenə gədəliyin bildirəcəkdi...” Deyən gərək ki, əə, sənin gədəynən, şahınan nə işin, niyə yönsüz şeylər oxuyursan? Xanəndə gərək eşqdən oxusun, eşqdən... Əzrayıl belə getdi, duz-çörək filan oldu... Duz-çörək tutsun səni... Əmbə yaxşı ki, qanan qanmazdan çoxdu, yoxsa... Belə... Çoxdandı ürəyimdə qalıb, elə həmişə deyirdim ki, yazıçıdan, şairdən Ağdama ayağı düşən olsa bir söz soruşajam...
- Buyur...
- Bir də görürsən ki, iki adam bir kitab yazır, şərikli. O nə təhər olur heylə? Şərikli şey olar? Şərik yaxşı şey olsaydı, Allahın da şəriki olardı dayna.
- Nə bilirsən ki, olmayıb?
- Bilirəm, beləliyimə baxma, bəs nağıllar nə təhər başlayır, yadındadı? Biri vardı, biri yoxdu, Allah vardı, şəriki yox idi...
- Eşitmişəm ki, sən ovçusan, düzdü? Heç bir şey vurub eləmisən?
- Vursam lap şir də vuraram, əmbə indiyənəcən heç nə vurmamışam. Hə... Bir də əsas işim balıq tutmaqdı, balıq. Bəri bax, balıq səsi eşitmisənmi?
- Məən?
- Burda sənnən başqa da adam var?
- Yox, eşitməmişəm...
- Əmbə mən eşitmişəm... balığı tutub böyrümə qoyanda, inan inandığına ki, eşitmişəm...
- Balığın səsi nə təhər olur?
- Mən o səsi çıxarda bilmərəm, adam heylə səsi çıxarmaqdan ötəri gərək balıq olasan, özü də səni qarmaqla tutub sudan çıxardalar... Hə... Maa elə gəlir ki, bütün canlıların səsi var, səssiz şey olar? O canlıya biz səsi yoxdu deyirik ki, onun səsini eşitmirik, bizim qulağımıza onun səsi gəlib çatmır... Belə... Gələjəm Bakıya, məni apar balıq olan yerə - tay maqazinə-zada yox ee, özümüz tutaq...
- Ən çox hansı canlının səsi xoşuna gəlir?
- İnsanın. İnsan səsi ayrı şeydi...
- Göz dəyməsin, yaxşı qalmısan, on ilbundan əvvəl səni Bakıda, bir toyda görmüşəm...
- Məni saxlayan çöldü, çöl – yoxsa... çoxdan...
- Ən çox sevdiyin film?
- Hansında ki, hap-hup yoxdu...
- Ən çox nə vaxt kədərli olursan?
- Adam elə ilimizalim kədərli olur, dayna...
- Bəs nə vaxt sevinirsən?
- Uşaqlarım sevinəndə mən də sevinirəm – ayrı bir sevinməyim yoxdu...
- Nə cür adamlardan xoşun gəlir?
- Adam oldun, gərək istiqanlı olasan.
- Bəs xoşun gəlmiyən adam?
- Yaltaq. Yatlaq adam görəndə elə bil başıma bir qazan qaynar su tökürlər. Yaltaqdan hər sifət gözləmək olar.
- Qədir adam tanıyansan?
- Heylə bir adam tanımağım-filanım yoxdu, çox vaxt səhv eliyirəm. Əmbə oxuyan vaxtı lap adamın içini görürəm, oxuyub qurtaran kimi bu hiss məndə ölür. Özü də oxumaq eşqli adamlar üçündü – ölünün nəyinə lazımdı oxumaq. Bir də canı ağrıyan adama lazım dəyil, o canının hayındadı. Xanəndəyə qulaq asmaq da, eşqdən başqa, sağlam can istəyir adamdan. Belə... Bir də istəyir nə boyda məclis olur-olsun, məni başa düşən adamı min nəfərin içində o saat tapıram – oxumağa başlayan kimi gözlərin başlayır axtarmağa elə bil nə isə itirmisən... Belə...
- Qədir, bağışla, musiqiçilər arasında, “aşıq dili” deyilən bir şey var, o nə olan şeydi?
- O, çox sarsaq şeydi. Bəzi musiqiçilər öz aralarında danışırlar. Əmbə yaxşı eləmirlər. Sənin ürəyin düzdürsə, niyə camaatın başa düşmədiyi “dildə” danışırsan. Bu, tərbiyəsizlikdi. Mən ömrümdə ağzıma o sözlərin birini də almaram, onda camaatın haqqı mənim burnumdan irin-qan olub gələr... Adam qırx dilli, qırx açarlı olmaz. Bir gözəl, qədim, ölməz dilimiz var – Azərbaycan dili...
- Xanəndələrin əksəriyyəti qəlyan çəkir, bunun mənası nədir?
- O birilərini deyə bilmərəm, mən əsəblərimi sakitləşdirmək üçün çəkirəm. Onu da deyim ki, bitkilərin içində tənbəkidən həssası dünyada yoxdu – çox həssasdı. Əgər bir gün səhərdən axşamacan aptekdə durub qəlyan çəksən ölərsən. Niyə? Ona görə ki, tənbəki aptekdə nə qədər zəhərli dərman varsa, nəm çəkən kimi özünə çəkir, adamı zəhərləyir. Bunu da mən kəşf eləmişəm... Belə...
- Qədir, bir neçə xalq mahnısı oxuyandan sonra birdən-birə bəstəkar mahnısına keçdin, Zöhrab Abdullayevin “Olmaz-olmaz” mahnısını oxudun. Bu nə ilə bağlıdı?
- Hə... – “Olmaz-olmaz”ı mən oxumamışam e, inandırım səni ki, bir balam kimi bağrıma basmışam, əzizləmişəm. Niyə? Çünki “Olmaz-olmaz” xalq mahnılarımıza bərabərdi. Elə son vaxtlara qədər də radioda onu xalq mahnısı adı ilə verirdilər. Bilirsən, qardaş, dünyada “olar”dan çox “olmaz”dı. “Olar” da görmüşük, “olmaz” da görmüşük. Əmbə mən “olmaz” oxumuşam, “Olmaz-olmaz” oxumuşam ki, görək niyə “olmaz”. Mən bunu “zapis” eləyəndə Zöhrab gəldi durdu gözümün qabağında – o, çox cavan getdi, Allahın... yaşasaydı, gözəl bəstəkar olardı. Nə isə... Elə bil ki, oxuyanda mahnının müəllifinin kəm taleyini ağlamışam, maa elə gəlir... Bir də Zöhrab bizim ustad sənətkarımız, “Zabul səgah”ın ölməz ifaçısı Ağabala Abdullayevin böyük oğlu idi. Ağabala kişi də klassiklərdəndi. Hayıf onlara... Belə... Kişini iki şey öldürər: bir görmüş adam kasıblayanda, bir də kişinin cavan oğlu öləndə... Ağabalanı da iki şey öldürdü: bir oxumaq, bir də Zöhrab dərdi – övlad dərdi. Şəkil kimi oğlan idi. Deyirlər, balaca oğlu da oxuyur – Nizami. Şükür ki, yurdları boş qalmayıb...
- Tar çalmırsan ki?
- Yox. Adam gərək bir şeyin dalınca getsin.
- Axırıncı dəfə nə vaxt hirslənmisən və niyə?
- İhı... İki qoçum vardı... Qaradolaq cinsinin kökü kəsilir, hayıf... Döyüşürdülər, baxırdım, xoşuma gəlirdi. Sonra uşağı-zadı qorxuzdular, hirsləndim verdim birinə, elə səhərisi də peşiman oldum. Alajam, bir cüt alajam...
- Deyirdilər ki, ərköyünsən, düzdü?
- Heç mən boyda adam da ərköyün olar?! Dədəm öləndən sonra mənim bütün ərköyünlüyümün axırına çıxdılar. Dədə elə dədədi, hamı sağ olsun özünə.
- Bu vaxta qədər təxminən neçə dəfə “Sona bülbüllər” oxumuş olarsan?
- Çooox...Yadıma bir şey düşdü, qoy onu deyim, olan şeydi. Hə... Bir dəfə Naxçıvandan, toydan gəlirdik. Ermənistanda maşının benzini lap az qalmışdı, qırmızı yanırdı. Benzin oldurulan yerdə saxladıq. Dedilər ki, benzin talonunandı. Nə bir billah elədik, dedilər olmaz. Maşında sürücüdən, bir də mənnən başqa, iki nəfər də vəzifəli adam vardı. Bu dəfə də mən düşdüm. Bir erməni harsınıydı, elə mən yaşda olardı. Dedim ki, axçi, Qədir Rüstəmovu tanıyırsan, dedi ”çe”. Bu dəfə qayıtdım dedim ki, bəs “Sona bülbüllər”i eşitmisən, dedi “ha”. Dedim bax, o mənəm. Dedi ki, ara, nə qədər istəyirsiniz benzin götürün, qabınız varsa doldurun, yolda gərəyiniz olar. Bax, heyləcə o vədə dadımıza yetdi “Sona bülbüllər”. Yadda qalmaq yaxşı şeydi, adamın ömrünü uzadan şeydi. Bayaq onu deyirdim dayna. Yazmaq ona görə lazım dəyil ki, sənətkar gərək xalqın yaddaşında qala. Yazmaq odu ki, elə bil sən kimisə, lap elə Qədir Rüstəmovu xalqa sırıyırsan...
- Məhəmməd Füzuliyə münasibətin...
- “Leyli və Məcnun”u əzbərdən deyərəm saa...
- Bəs operaya necə?
- Üzeyir bəy operanı Füzuli eşqinə layiq yaradıb. Əmbə hərdən qanım qaralır.
- Niyə?
- Niyə nədi? Bir də görürsən ki, operada Məcnun əlini gətirir qoyur Leylinin sinəsinə. Əşi, belə də biabırçılıq olar? Gərək ulu sənətkarlarımızın – Füzulinin, Üzeyir bəyin ruhuna da, qoyub getdiyinə də hörmətlə yanaşaq, heylə şey görəndə cin vurur təpəmə... Bir vaxt məni də Operaya çağırdılar, dedim yox, mən sizdə oxuya bilmərəm, mənimki çölləmədi. Gündə qrasqalanıb ora çıxa bilməzdim ha. Yazıq Nəzakət də (Nəzakət Məmmədova) məni çox qılıqladı, getmədim. Yoox ee, mənnən Məcnun olmazdı – Məcnun olmağa məndə hövsələ nə gəzirdi...
- Musiqimizdə peyda olan yad xallara, o xalları gətirənlərə sözünüz-sovunuz?
- Son vaxtlar yad xallar, onu-bunu yamsılamaq yaman çoxalıb. Bilirsən nə təhərdi? Bic doğulan uşaq görürsən ki, qəşəng olur, göyçək olur, elə hamının xoşuna gəlir – çünki qırx çalanın damazlığıdı axı. Uşaq özü də başa düşmür ki, onun “xətrini” niyə belə istəyirlər, hardan bilsin. Bilsə ki, necə əmələ gəlib, camaat içinə çıxmaz. İndi bizdə bir böyük dəstə heylə çalıb oxuyanlar, bəstəkarlar əmələ gəlib. Onları birdəfəlik başa salmaq lazımdı ki, bizim ağayana musiqimizin nə farsların, nə ərəblərin, nə də türklərin artıq-urtuğuna ehtiyacı yoxdu. Camaat da gərək aldanmaya, dayna, camaata da qurban olum, bəzən görürsən pis şeyə də əl çalır, əlləri ağrımasın...
- Qədir, muğamatı yaxşı bilirsən?
- Az-maz.
- Seyid qədər bilərsən?
- Nə danışırsan, heylə söz demə, ağzın əyilər. Seyid deyib ki, muğamat bir dəryadı, mən ondan bir çömçə götürmüşəm. Qaldın ki, mən, mən ancaq o çömçəni görmüşəm uzaqdan-uzağa, içindən xəbərim yoxdu... Belə...
- Gitarada muğam çalınır, səncə bu...
- Bilirsən nə təhərdi – muğam aləmində gitara iki təkərli velosiped kimi şeydi, əlindən buraxdın yıxılacaq... Gitaraya səs verən Mingəçevirin işıqlarıdı. Əmbə tar – nənəm qurban tara... Mənə elə gəlir ki, dünyada insan səsinə ən çox yaxın olan tar səsidi, saz səsidi...
- Telefon nömrəni de yazım...
- Gorum var, kəfənim də ola...
- Bəs niyə?
- Niyə nədi? Telefonla danışmaq mənim ürəyimə yatan şey dəyil. Adam ki, adamınan danışanda bir-birinin üzünü görmədi, gözünün içinə baxmadı, bir qara qəpiyə dəyməz... Belə... Aşağı düşəndə yadıma sal qarmaqları sənə göstərim. Vaxtım olsaydı, gedərdik balığa...
- Axırıncı sual: “Ulduz” jurnalının oxucularına nə arzulayardın?
- “Ulduz” cavanların jurnalıdı – onun bütün cavan oxucularının toyu olsun, Qədir əmiləri də gəlsin oxusun...

1985