Bakıda süpürgəçilərin səhəri belə açılır... - Sübh reportajı

bakida-supurgecilerin-seheri-bele-acilir
Oxunma sayı: 4610

Martın 27-də aeroport yolunu təmizləyən süpürgəçini “KamAZ”ın vurub öldürməsi ciddi müzakirələrə səbəb olub. İnsanlar yüksək sürətli yolların xüsusi texnika ilə təmizlənməli olduğunu bildirir, yaşlı qadınların təhlükəyə atılmasına görə müvafiq qurumları tənqid edirlər. Hətta məsələyə deputatlar da münasibət bildiriblər və “süpürgəçini heç kim məcbur işlətmir” fikri belə səsləndirilib. Bəs Mənzil Kommunal Təsərrüfat Birliyinin (“JEK”) əməkdaşları olan bu şəxslərin iş qrafiki necədir? Onlar üçün “yol terroru”na qarşı hansı təhlükəsizlik tədbirləri görülür?

“Qafqazinfo”nun əməkdaşları bu səhər süpürgəçilərin işə başladığı saatdan onlarla birgə olub, iş rejimləri ilə maraqlanıblar. Şəhərin əsas prospektiləri olan – Nobel, Heydər Əliyev, Ziya Bünyadov və Aerport yolunda təmzilik işləri görən qadınlar iki növbəli rejimlə işlədiklərini deyirlər. Onlar səhər saat 7-də təmizliyə başlayır, günorta saat 3-ə kimi iş başında olurlar. İkinci növbə isə saat 3-dən 9-a kimi davam edir. 

20 ildir süpürgəçi işləyən Validə Balakişiyeva deyir ki, təmizlik zamanı yolda quraşdırmaq üçün onlara hər hansı yol nişanı verilmir: “Bizə deyiblər, maşın gələn istiqamətdə süpürün ki, özünüz avtomobilləri görəsiniz. Biz özümüz-özümüzü qorumalıyıq. Gözümüzün qabağında neçə adamı maşın vurub öldürür”.

Hürü Aşuralova isə bildirib ki, onlara təhlükəsizlik təlimatı kimi zibil yığılan qablardan istifadə etməyi tapşırıblar: “Bu vedrələri qoyub işimizi görürük, sürücülər də qabı uzaqdan görürlər. Bizə deyiblər ki, çalışın, özünüzü qoruyun”.

Heydər Əliyev prospektində işləyən və adını açıqlamayan qadın isə üzərində “nida” işarəsi olan dəmir qablardan istifadə etdiklərini bildiriblər. 

Təmizlikçi qadınlar xüsusi texnikanı yollarda çox az gördüklərini bildiriblər. Onların sözlərinə görə, yalnız güclü küləkdən sonra zibil həddən artıq çox olduqda maşınlar işə qoşulur və ardıyca süpürgəçilər qalan tullantıları təmizləyirlər. Son aylarda isə bu maşınlardan istifadə edilməyib.

“Azəravtoyol” ASC-nin sözçüsü Anar Cəfərli isə saytımıza açıqlamasında tunellərdə, xüsusilə Ziya Bünyadov prospektində yalnız texnikadan istifadə edildiyini bildirib: “Hava limanı, Ziya Bünyadov prospektlərində, yəni 120-lik sürəti olan prospektlərdə texnikalar da istifadə olunur. Xüsusilə tunellərdə bu işlər texnikalarla görülür. Çünki tunellər alaqaranlıq ərazidir. Orada texnika işləməlidir. İnsan işləyərsə, sürücünün görmə qabiliyyəti də aşağı düşür”.

Lakin bugünkü mənzərədə Z.Bünyadov prospektindəki iki tuneldə insan əməyindən istifadə olunduğu açıq-aydın görünürdü. Onlar qırmızı rəngli xəbərdarlıq nişanından istifadə etsələr də, qaranlıq tunellərin tam ortasında zibil yığmağa davam edirlər. 

Qeyd edək ki, martın 27-də saat 18 radələrində 1982-ci il təvəllüdlü Musayev Zaur Komissar oğlu etibarnamə olmadan idarə etdiyi 60-ZA-135 dövlət qeydiyyat nişanlı qoşqusu olan “Kamaz” markalı, 60-BX-765 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə paytaxtın Sabunçu rayonu ərazisində hərəkətdə olarkən qoşqunun arxa dəmir qapısı açılaraq yolun sağ tərəfində təmizlik işləri aparan 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Salahova Cəmilə İsmayıl qızına dəyib, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Murad Əhməd

Video: Pərvin Zeynal