Bakıdan 21 avroluq uçuşlar xəbəri ilə bağlı - Açıqlama

bakidan-21-avroluq-ucuslar-xeberi-ile-bagli
Oxunma sayı: 5364

Bu gün Azərbaycanın internet məkanında ən çox müzakirə olunan məsələ turizm şirkətlərindən birinin AZAL-ın bir müddət əvvəl yaradılmış AZALJET loukosterinin həyata keçirdiyi reyslərə 21 avrodan başlayan qiymətləri təklif etməsidir.

Yayılan məlumatda qeyd olunur ki, “Greenwich Travel Club” şirkəti AZALJET-in həyata keçirdiyi Bakı-Tbilisi-Bakı istiqamətində uçuşlara 21 avro, Bakı-Dubay-Bakı marşrutu üzrə isə 23 avro qiymət təklif edir.

“Qafqazinfo”nun məlumatına görə, məsələ ilə bağlı “GREENWICH Travel Club” şirkətindən oxu.az-a bildiriblər ki, həqiqətən də, AZALJET ilə uçmaq üçün təklif olunan biletlərin qiymətləri 21 avrodan başlayır, lakin bu, başlanğıc qiymətlərdir.

“Bu qiymətə aeroport yığımları və rüsumlar daxil deyil. Bizim saytımızda bu məlumatlar daha düzgün verilib. Ola bilsin ki, qəzet və saytlarda bu məlumatlar təhrif olunur”, - deyə şirkətdən bildiriblər.

“Qiymətlər AZAL-ın müəyyən etdiyi tariflər üzrə hesablanıb. Sadəcə, qeyd etdiyimiz kimi, qiymətlərə aeroport yığımları daxil edilməyib. Aeroport yığımları daxil olanda bu rəqəm istiqamətdən, uçuş və gəliş tariflərindən asılı olaraq, 100-105 avroya qədər qalxa bilər”, - deyə şirkət rəsmisi əlavə edib.

Şirkətdən qeyd edilib ki, qiymətlər AZAL-ın tariflərindən aşağı ola bilməz:

“Bu qiymət AZAL-ın öz qiymətindən heç cürə aşağı ola bilməz. Şirkət AZAL-ın tarifləri əsasında qiymətləri müəyyən edir. Müştərilər ətraflı məlumat almaq üçün bizə müraciət etdikdə, onlara uçuşdan asılı olaraq dəqiq bir qiymət deyilir”.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski də qeyd edib, AZAL artıq elan etmişdi ki, AZALJET brendi altında həyata keçirilən reyslərin qiyməti 49 avrodan başlayır və bura aeroport yığımları və rüsumlar daxildir.

AZALJET-in reyslərinə aviabiletin qiyməti Bakıdan/Bakıya uçuş olmaqla Moskva, İstanbul, Dubay, Tbilisi, Sankt-Peterburq, Minsk, Kiyev, Lvov, Tehran, Aktau, Kazan, Mineralnıe Vodı, Ankara kimi şəhərlər, həmçinin Türkiyənin Antalya, İzmir, Bodrum və Dalaman kurortları daxil olmaqla istiqamətlərin hər biri üzrə bir tərəfə 49 avrodan, gediş-dönüş isə 98 avrodan başlayacaq.