Bayram günü qardan paylaşdığı video ilə gündəm oldu

bayram-gunu-qardan-paylasdigi-video-ile-gundem-oldu
Oxunma sayı: 12383

Astaranın Toradi kəndində Novruz bayramı günlərində qarda çəkilmiş görüntülər sosial şəbəkədə marağa səbəb olub. Kəndin Diyarşünaslıq Evinin müdiri Sürəddin Əliyev tərəfindən paylaşılan görüntülərdə Toradiyə bir metrdən çox qar yağdığı görünür.

“Qafqazinfo” S. Əliyevlə əlaqə saxlayıb, hazırda kənddəki vəziyyətlə maraqlanıb.

O bildirib ki, bu, son 38 ildə kəndə yağan ən güclü qardır: “Toradi kəndində Novruz bayramı günlərində 1,5 metr hündürlüyündə qar yağıb. Mən 34 ildir Kənd Diyarşünaslıq Evinin müdiri işləyirəm, heç belə qar görməmişəm. Bir dəfə 1984-cü ilin martında 80 sm hündürlüyündə qar yağmışdı. İndi isə 1,5 metr hündürlüyündə qar yağıb. Rayon mərkəzindən kəndə doğru yolu traktorlarla qardan təmizləyirlər. Havanın martın 26-dək qarlı olacağı deyilir, belə getsə, işimiz lap çətin olacaq”.

S. Əliyev deyir ki, kəndə qaz çəkilməyib, əhali odun sobalarından istifadə etməklə evini qızdırır: “Elektrik isə bu gün gün ərzində kəsilsə də, sonradan bərpa olunub. Əsas problem yolla bağlıdır. Qar yağdığından avtomobillər işləmir, kəndə giriş-çıxış çətinləşir”. 

Sözügedən videonu təqdim edirik: 

Gülnar Əliyeva