Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar əraziyə dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Qüvvələr tərəfindən yanğın ərazisinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.
****
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, paytaxtın Binəqədi rayonu ərazisində yerləşən anbarlardan birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
“Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə operativ tədbirlər görülür.
Həmçinin polis əməkdaşları tərəfindən avtomobil yolunda sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri işlər davam etdirilir”, - məlumatda qeyd edilib.
***
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğın nəzarətə götürülməklə yayılmasının qarşısı alınıb.
Yanğının tam söndürülməsi üçün ərazidə kifayət qədər texnika və canlı qüvvə fəaliyyət göstərir.
Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
***
FHN-in məlumatına görə, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən tam söndürülüb.
Yanğın nəticəsində bir dam altında tikilmiş, ümumi sahəsi 3100kv.m. olan anbarın yanar konstruksiyaları 600kv.m. sahədə yanıb.
Anbarın böyük hissəsi və bitişik yerləşən digər tikililər yanğından mühafizə olunub.












Son xəbərlər
Son Xəbərlər