“İntizar”
Qədim fransız qəsrlərindən söhbət edirdik, sonra mövzu orta əsrlərin üz qarası olan işgəncələrə keçdi. XI Lüdovikin (1461-1483-cü illərdə Fransa kralı – red.) dəmir qəfəsdə saxlatdırdığı kardinal Balünün (Jan La Balü, Fransa kralı XI Lüdovikin sevimlisi, pozğun həyat tərzinə rəğmən, 1468-ci ildə kardinal vəzifəsinə layiq görülüb, sonralar Cəsur Karlın xeyrinə fitə-fəsada qoşulduğu üçün məhbəsə düşüb, rəvayətə görə, dəmir qəfəsdə saxlanılıb – red.) başına açdığı olmazın müsibətlərindən və işgəncə növü olan daş kisələrdən uzun-uzadı danışdıq. Daş kisələri özüm də görmüşdüm – bunlar sadəcə otuz-qırx fut (30,479 sm-ə bərabər rus və ingilis uzunluq ölçüsü – red.) dərinliyi olan quru quyulardı; ora atılan məhbus həyatdan daha heç nə gözləmirdi. Bu zindanların məndə hansı təəssürat buraxdığını indiyəcən xatırlayıram, klaustrofobiyadan əziyyət çəkdiyimdən, hətta vaqon kupesi belə mənə dar gəlir. Elə bu səbəbdən həkimin tezliklə mövzunu tamam dəyişməsi və danışdığı hekayətin əvvəl-əvvəl diri-diri basdırılanlara heç bir dəxli olmaması təəssüratı məni əməlli-başlı sevindirdi.
Yer üzündə missis Kinq adlı cavan bir qadın əriylə birgə şad-xürrəm həyat sürürdü. Varlıydılar, bir-birini də dəlicəsinə sevirdilər. Yalnız günlərin birində onlara müsibət üz verir. Qadın ikinci övladını doğarkən komaya düşür, özünə gələndəsə onda “şəxsiyyətin ikiləşməsini” aşkarlayırlar. Bu, sıradan doğuşsonrakı şizofreniya təsadüfüydü. Qadının sayıqlaması İstiqlaliyyət Bəyannaməsiylə (ABŞ-ın İstiqlaliyyət Bəyannaməsi, 1776-cı il iyulun 4-də Pensilvaniya ştatında, Filadelfiyada İkinci Kontinental Konqresi tərəfindən qəbul edilib – red.) bağlıydı, amma bunun hekayətə heç bir dəxli yoxuydu; qadın özünə gəlməyə başlayan kimi ruhi pozğunlunun əlamətləri yoxa çıxmağa başladı. Onuncu ayın tamamında o özünü tamamilə sağlam hiss edirdi və səbirsizliklə klinikanı tərk edəcəyi günü gözləyirdi.
İyirmi bir yaşı təzəcə tamam olmuş missis Kinqin görünüşündə nəsə riqqət doğuran bir şeylər vardı, bir sözlə, xəstəxana heyəti ona xüsusi rəğbət bəsləyirdi. Həkimlər, nəhayət, qadını sınaq üçün əriylə balaca bir səyahətə göndərməyi qərara alanda, bu, xəstəxana söhbətlərinin əsas mövzusuna çevrildi. Tibb bacılarından biri missis Kinqlə Filadelfiyaya yeni don almağa getdi, digəri bu ər-arvadın Meksikada romantika dolu məhəbbət macəralarını əzbər bilirdi. İşçilər ara-sıra analarını görmək üçün xəstəxanaya gətirilən körpələri də xüsusi sevgiylə qarşılayırdılar. Beş günlük səfərsə Virciniya-Biçə planlaşdırılırdı.
Qadının yola hazırlaşmağı kənardan göz oxşayırdı. O, cidd-cəhdlə çamadanlarını yığışdırır, elə hey saçlarına güzgünün qabağında sığal çəkir, sevinc içində ora-bura qaçırdı. Təyin edilmiş vaxta yarım saat qalmış missis Kinq artıq hazırıydı və mərtəbəsindəki qonşu xəstələrlə sağollaşırdı; təzə donu firuzəyi rəngdəydi, başındakı zərif şlyapasa aprel şimşəyindən sonra səmanı bürüyən yüngül buludu xatırladırdı. Xəstəliyin kədərli, azacıq da ürkək iz buraxdığı çöhrəsində indi sanki qönçələr açmışdı.
- Heç nə eləməmək – arzuladığım yalnız budur, - o deyirdi; - düz üç gün yataqdan istədiyim zaman qalxacam, gecədən keçməmişsə ora qayıdan deyiləm. Bir də çimərlik kostyumumu da özüm seçəcəm, naharasa ürəyimdən keçən yeməklər sifariş edəcəm.
Xəstəxananı tərk eləmək zamanı çatanda, missis Kinq ərini palatada gözləməyib, dəhlizə çıxmağı qərara aldı; çamadanını daşıyan sanitarın müşayiətiylə aşağı düşən qadın yolda qarşısına çıxan xəstələrlə sağollaşdı və onların da tezliklə bu cür səyahətə çıxmalarını arzuladı. Baş həkim ona “Yaxşı yol” söylədi, bu zərif qadından heç cür ayrılmaq istəməyən iki xəstə baxıcısı hansısa bəhanəylə ona yaxınlaşdı.
- Missis Kinq, günəşin altında qaralmaq sizə elə yaraşacaq ki.
- Bizə açıqca göndərməyi unutmayın.
Amma, sən demə, missis Kinq palatadan çıxdığı zaman xəstəxanaya gələn əri avtoqəzaya uğrayır, sükanı arxasında olduğu avtomobili yük maşınıyla toqquşur. Ağır yaralanan kişinin labüd sonu anbaan məsələsiydi. Ürəkağrıdan xəbəri klinikaya telefon zəngiylə çatdırdılar və bundan ilk xəbər tutan dəhlizdən şüşə arakəsməylə ayrılmış balaca otaqda oturan telefonçu qız oldu. O, şüşənin arxasından dəhlizdə gəzişən missis Kinqi görürdü və qadının bu ağır olaydan hali olacağından qorxurdu. Elə buna görə də zəng edib, baş tibb bacısından təcili aşağı düşməsini xahiş elədi. Məsələnin nə yerdə olduğunu öyrənən tibb bacısı özünü həkimin otağına atdı, sonuncususa belə bir qərar qəbul elədi: hələ ki əri sağdı, xəstənin heç nədən xəbəri olmamalıdı; ona sadəcə mister Kinqin bu gün gələ biıməyəcəyi deyilməlidi.
Missis Kinq kədərini gizlədə bilmədi.
- Pərişanlığın səfehlik olduğunu bilirəm, - qadın özünə ürək-dirək verirdi, - bu qədər gözləmişəm, daha bir gün də intizarda qalaram. O, sabah gələcəyini vəd elədi, elə deyilmi?
Tibb bacısı karıxıb qalmışdı, nə söyləyəcəyini bilmirdi, amma birtəhər vəziyyətdən çıxmağı bacardı və missis Kinq, nəhayət, palatasına döndü. Sonra ən təcrübəli və soyuqqanlı baxıcı qadını çağırıb, ona biçarə qadının səhərəcən qəzet oxumaması və digər xəstələrlə ünsiyyətə girməməsi üçün əlindən gələni etməsini tapşırdılar. Sonrası Allah kərimdi.
Səhərisi gün mister Kinq hələ də sağıydı, bununla belə ümidlərini kəsmiş həkimlər gözləmə mövqeyindəydilər. Günortaya yaxın baxıcı qadınlardan biri dəhlizdə missis Kinqlə rastlaşdı – qadının əynində elə dünən geyindiyi don vardı, yalnız bu dəfə çamadanını özü daşıyırdı.
- İndi ərim gələcək, - missis Kinq izah elədi, - dünən qəfil işi çıxdı, amma bu gün mütləq gələcək.
Baxıcı qadın onu ötürməyə getdi. Xəstəxana divarları arasında missis Kinqə tam azadlıq verilmişdi və baxıcı qadın onu zorla palataya qaytarmağa cürət eləmirdi. Qadınlar dəhlizə daxil olanda, baxıcı qadın xəlvətcə telefonçu qıza işarə elədi və sonuncusu xoşbəxtlikdən vəziyyətin nə yerdə olduğunu anladı.
Missis Kinq bir daha güzgüdə özünə baxandan sonra söylədi:
- Başıma həmişə bu cür şlyapa taxmaq və ömrüm boyu elə bu günkü kimi xoşbəxt olmaq istəyirəm.
Bir dəqiqə sonra qaşları çatılmış baş tibb bacısı içəri daxil oldu.
- Necə?! Corc bu gün də gəlməyəcək?
- Təəssüf ki, yox! Neyləmək olar ki – səbrinizi basın.
Missis Kinq məyus-məyus gülümsündü.
- Mənsə Corca yeni donumu göstərmək istəyirdim.
- Hələ imkan taparsınız. Donunuz sizə çox yaraşır.
- Hə, donum sabaha kimi köhnəlməyəcək ki. O qədər xoşbəxtəm ki, növbəti bir günün hicranı kefimə soğan doğramaz.
- Əlbəttə.
Mister Kinq gecə dünyasını dəyişdi və səhərisi gün həkimlər iclasda bundan belə nə etmələri üzərində baş sındırdılar – hər şeyi açıb söyləmək, ya da heç nə deməmək eyni qədər təhlükəliydi. Nəhayət, əri uzaq səfərə “göndərməyi” və beləcə yaxın görüş ümidini alt-üst eləməyi qərarlaşdırdılar. Qadın məlum möhlətlə barışanda, ona həqiqəti açacaqlar.
Həkimlər dağılışmağa hazırlaşırdılar ki, onlardan biri həmkarlarını saxlayıb, dəhlizin uzaq küncünü göstərdi. Missis Kinq əlində çamadan qapıya doğru gedirdi.
Qadının müalicə həkimi dərindən ah çəkdi.
- Lap çıxılmaz vəziyyətdi. Bəlkə elə indi ona hər şeyi açıb söyləməyimiz məsləhətdi? Axı biz necə yalan danışa bilərik ki?! Axı bu qadın həftədə iki dəfə ərindən məktub almağa öyrəşib. Deyək ki, mister Kinq xəstələnib, onda da hər necə olursa-olsun yanına getmək istəyəcək. Xəbəri kim çatdıracaq?..
***
İclasdan dərhal sonra həkimlərdən biri məzuniyyətə getmişdi. İki həftədən sonra işinin başına qayıdan həkim xəstəxanaya girəndə, gördüyü mənzərədən duruxub qaldı – əlində çamadan sanitar, baxıcı qadın və əyninə firuzəyi don geyinmiş, başına ağappaq şlyapa taxmış missis Kinq dəhlizdə gəzişirdi.
- Həkim, salam, - missis Kinq ona müraciətlə dilləndi. - Mən gedirəm. İndi dalımca ərim gələcək və məni Virciniya-Biçə aparacaq. Çox gözləməməsi üçün onu aşağıda qarşılayacam.
Həkim qadının gözlərinə baxdı, missis Kinqin aydın və uşaq kimi bəxtəvər baxışları vardı. Baxıcı qadın arxadan göz-qaş elədi və həkim sadəcə başını əyərək, havanın gözəl olduğunu söylədi.
- Hə, bu gün hava, həqiqətən də, əladı, - missis Kinq cavab verdi, amma indi leysan belə yağsaydı, mənimçün günlərin ən gözəli olardı.
Karıxmış həkim azacıq dilxor vəziyyətdə qadının ardından baxdı. Yalanı bu qədər uzatmağın nə önəmi vardı ki, düşündü. Onlar nəyə ümid eləyirlər ki?
Həmkarı mister Pirini görən həkim sualını ona ünvanladı. - Həqiqəti ona deməyə cəhd elədik, o isə qəhqəhə çəkib, bizi onun sağlam olub-olmamasını yoxlamaqda günhlandırdı, - həkim Piri cavab verdi. – Bu da sizə “ağlagəlməz” ifadəsinin tam yerində işlənməsinin bariz nümünəsi – onun beyni ərinin ölümünü qəbullanmaqdan imtina edir.
- Amma axı bu vəziyyət sonsuzadək davam edə bilməz?
- Nəzəri cəhətdən, əlbəttə ki, yox. Missis Kinq bir neçə gün əvvəl növbəti dəfə çamadanını yığışdırandan sonra baxıcı qadın onu saxlamağa cəhd elədi. O səhnəni dəhlizdən izləmək fürsətim oldu – qadının bu qədər müddət ərzində ilk dəfəydi ki, isterika vəziyyətinə düşməsinə bircə addım qalmışdı. Üz əzələləri gərilmişdi, gözləri hədəqəsindən çıxmışdı, xırıldayırdı. Sonra buz kimi soyuq səslə baxıcı qadını yalan danışmaqda günahlandırdı. Vəziyyət ağırıydı – daha bir dəqiqə və qarşımızda itaətkar xəstə əvəzinə tarıma çəkilmiş əsəbləri hər an partlamağa hazır təhlükəli dəli dayanacaqdı. O zaman işə qarışıb, baxıcı qadına onu aşağıya, dəhlizə aparmasını əmr elədim.
Kiçik dəstənin sakitcə palataya qayıtdığını görən həkim susdu. Missis Kinq ayaq saxlayıb, həkim Piriylə danışdı:
- Ərimin yenə işləri çıxıb. Əlbəttə ki, heyfsilənirəm, amma o, səhər gələcəyini vəd edib. Gözləyəndəsə bir gündən ötrü məyus olmağın heç yeri yoxdu.
- Missis Kinq, sizinlə tamamilə razıyam.
- Gedim əynimi dəyişim. Donumun sabah da təzə görünməyi vacibdi. – Qadın şlyapasını çıxarıb, diqqətlə nəzərdən keçirdi. – Bir bura baxın, ləkə; onu apara biləcəyimə ümid edirəm. Bəlkə heç sezməyəcək?
- Sizi əmin edirəm ki, sezməyəcək.
- Həkim, inanın ki, bir gün də gözləyəcəyimə heç məyus olmuram. Vaxt elə ötüb keçir ki.
Həkimlər ikilikdə qalanda, cavan olanı söylədi:
- Bəlkə uşaqlar nəsə... axı onun iki uşağı var.
- Uşaqların xilas edəcəyinə gümanım yoxdu. Qadının ağlı azanda, bu səfər onun üçün sağalma rəmzinə çevrilmişdi. Bu ümidi əlindən alınan kimi, ağlı tamam azacaq və hər şeyə yenidən başlamalı olacağıq.
- Onun şansı var?
- Bax, bu barədə heç nə söyləyə bilmərəm. Mən sadəcə onun bu gün niyə burda gəzişdiyini izah eləməyə çalışdım.
- Bə sabah? Birigün?
- Nə bilim, - həkim Piri cavab verdi, - günlərin birində ərinin orda peyda olacağına ümid etmək qalır...
Söhbətin bu yerində həkim gözlənilmədən hekayəti yarımçıq qoydu. Təkid etdiyimizi görüb, bundan belə maraqlı heç nə baş vermədiyini söylədi – istənilən acımanın əvvəl-axır sonu olur, xəstələrin qəribəliklərisə sərhəd tanımır.
- Amma o yenə də hər gün ərini qarşılamağa gedir?
- Hə, heç bir dəyişiklik yoxdu, amma hətta xəstələr belə artıq ona fikir vermirlər, bəlkə sadəcə yeni gələnlər. Hər il şlyapasını xəlvətcə köhnədən zərrə qədər də fərqlənməyən yenisiylə əvəzləyirlər, donusa elə əvvəlkidi. Hər dəfəsində azacıq məyus olur, amma zahirən halını pozmamağa çalışır və özü-özünə təsəlli verir. Mühakimə yürüdə bildiyimiz qədərincə özünü bədbəxt saymır və nə qədər qəribə səslənsə də, onun nümunəsi başqa xəstələrə sakitləşdirici təsir bağışlayır. Əşşi, bəsdirin, siz Allah, ondansa daş kisələrə qayıdaq.
1937.az