“Bir tərəfdə 576 milyard, digərində “axşambazarı”, seçim Çinindir...”

bir-terefde-576-milyard-digerinde-axsambazari-secim-cinindir
Oxunma sayı: 9816

Politoloq Şahin Cəfərli Rusiyanın Çindən hərbi texnika və digər yardımlar istəməsilə bağlı məsələsəyə münasibət bildirib. 

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. Məsələ ilə bağlı "Financial Times" nəşrinin ABŞ rəsmi mənbələrinə istinadən məlumat yaydığını bildirən politoloq qeyd edib ki, ABŞ Çini Rusiyaya kömək göstərməməyə çağıracaq:

“Sabah Romada ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Sallivan Çin Kommunist Partiyasının xarici siyasət məsələləri üzrə nümayəndəsi ilə görüş keçirəcək. Sallivan Çini hərbi sahədə, eləcə də sanksiyalardan yayınmaqda Rusiyaya kömək göstərməməyə çağıracaq. (Rusiyaya bu istiqamətdə yardımçı olan dövlətlər də sanksiyaya məruz qalacaq.) 1972-ci ildə Niksonun Pekinə səfərindən sonra başlayan ABŞ-Çin yaxınlaşması SSRİ-ni geopolitik yalnızlığa məhkum etmiş və şər imperiyasının çöküşündə bu faktorun da rolu olmuşdu. Son illər isə ABŞ Çini bir saylı strateji rəqib elan etdikdən sonra Çinə qarşı mübarizədə Rusiya ilə ittifaq yaradılması ideyası ABŞ düşüncə mərkəzlərində, mediasında və siyasi çevrələrində xeyli populyar idi. Bayden gəldikdən sonra bu yöndə praktik cəhdlər də göstərdi, Moskvaya yüksək səviyyəli emissarlar göndərdi, lakin anlaşma baş tutmadı”. 

Ş.Cəfərli əlavə edib ki, indi təkrar strateji səviyyədə Vaşinqton-Pekin istiləşməsi ehtimalı yüksək olmasa da, ən azından Çinin Ukrayna və sanksiyalar məsələsində neytrallığına nail olmaq və onunla bu sahədə situativ işbirliyi mümkündür: “ABŞ Çinin ən iri ticarət tərəfdaşı olaraq qalır. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi ötən il 755 milyard dollar təşkil edib ki, bunun 576 milyardı Çinin ABŞ-a ixracıdır. Eyni dövrdə Rusiya-Çin ticarət həcmi 146 milyard dollar olub, Çinin Rusiyaya ixracı cəmi 67 milyard dollar təşkil edib. Yəni bir tərəfdə 576 milyard dollarlıq nəhəng və müasir bazar (hələ Avropa Birliyini demirəm), digər tərəfdə isə 67 milyard dollarlıq "axşambazarı". Seçim Çinindir”.