“...Mənim anamı, bacımı döyürlər küçədə, necə əsəbiləşməyim” – Müsahibə

menim-anami-bacimi-doyurler-kucede-nece-esebilesmeyim-musahibe
Oxunma sayı: 717

Müsahibimiz SSRİ xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarovadır.


- Zeynəb xanım necəsiniz?

- Lap əla!

- Bakıda «Eurovision 2012» mahnı yarışması gedir. Buna münasibətiniz?

- Lap yaxşı. Mən çox şadam ki, mənim bu gözəl Bakımda, gözəlləşən Azərbaycanımda belə bir tədbir keçirilir. Bütün dünyanın gözü indi Azərbaycandadır. Açığı, mən bununla çox fəxr edirəm.

- Yəqin ki, baxırsınız, müğənnilərin səviyyələri qane edir Sizi?

- Gələnlərin?

- Azərbaycanınkı, onlar, hamısını nəzərdə tuturam.

- Hamı Zeynəb kimi gələ bilməz səhnəyə. Mən bu günlərdə Amerikadan gəlmişəm. Mayın 28-də konsertimi televiziya ilə verəcəklər. Demək istəyirəm ki, ömrüm boyu mən xalqı aldatmamışam. Amma bunlar fonoqramla, filanla oxuyandılar da. Amma mən hər yerdə deyirəm. Mən xalqımı sevdiyim üçün fonoqramla oxumuram. Adam bəlkə də cüzi maaşı var, boğazından kəsib gəlir konsert bileti alır, müğənni də səhnədə ağzını açır, yumur. Axı belə olmaz. Allah göstərməsin, birdən işıqlar söndü, ağzı açıla qalır. Yəni, demək istəyirəm ki, bu da xalqı aldatmanın bir formasıdır. Ona görə də elə oxuyanların heç vaxt qiyməti olmur. Fəxr edirəm ki, 50 ildir səhnədəyəm və heç vaxt xalqı aldatmamışam. Xalq ağla qaraya qiymət verməyi bacarır. Amerikada konsertdə də tamaşaçılara dedim ki, mən sizi sevdiyim üçün fonoqramla oxumuram. Görsəydiniz necə əl çaldılar. Birincisi, bacarmaram, ikincisi də yalandan ağzımı yumub açmağı mənliyimə sığışdırmaram. Allah mənə səs veribsə, onu bu xalqdan heç vaxt əsirgəmərəm. Ona görə də bunlara necə baxa bilərəm. Bunlar tarixdə qalmayacaqlar. Bunlar yel kimi gəldi gedərdi. Yəni, gələcək üçün yox, bu gün üçün oxuyurlar...

- Xalqdan söz düşmüşkən, xalqı incidən olanda, əsəbiləşirsiniz deyəsən. Milli Məclisdə insanların küçədə döyülməsinə etiraz etdiniz.

- Hə. Mən xalqımı, millətimi sevən adamam. 1969-cu ildə, prezident Cevdet Sunayın vaxtında mənə Türkiyədə qalmağı təklif etdilər. Dedilər sən bizim türk qızımızsan, SSRİ-yə qayıtma, qal burda. Cavan idim də, aldana bilərdim. Amma dedim heç vaxt. Düzdür? Türkiyə mənim canımdır, hər yerdə də deyirəm. Amma vətənimi, xalqımı sevdiyim üçün qayıtdım. İndi xalqı küçədə döyülən görəndə əlbəttə əsəbiləşəcəm. Elə bil ki, mənim anamı, bacımı döyürlər küçədə, necə əsəbiləşməyim. Bax, indi də o barədə danışanda əsəbiləşirəm. Mən həmişə xalqım, millətim demişəm. Millətimlə fəxr eləmişəm. O, qadınları küçədə döyənlərə millət deyə bilmirəm mən. O da sənin anan, bacındır da. Anaya bacıya sən necə qıyırsan axı! O çörəyi sən necə yeyirsən! Heç cür başa düşə bilmirəm ki, nədən belə edirlər, necə edə bilirlər.

- Zeynəb xanım, Milli Məclisdə də bu fikirləri səsləndirdiniz. Hər halda heç də hamının xoşuna gəlmədi dedikləriniz. Sonra Sizə irad tutan olmadı?

- Mənə bax, təvazökarlığı bir kənara qoyuram. Mən həmişə özümü çox yüksək tuturam. Heç vaxt mənə bir kəlmə də söz deyə bilməzlər. Mən sözün düzünü deyirəm. Düzü başa düşmürlərsə, onda özləri bilərlər. Mən nəyi deyirəmsə, düz deyirəm. Mən prezidentimi sevən adamam. Mən millətimi sevən adamam. Prezidentin vəzifəyə qoyduğu adamlar niyə bu hərəkətləri edirlər. Onların xalqı prezidentə qarşı etmələri məni incidir, mənə təsir edir. Axı bizim prezidentimiz humanist adamdır, gözəl insandır. Mən xeyli prezidentlər görmüşəm. Amma bu cavanlığı ilə, baxın, nə qədər işlər görüb. Azərbaycanı cənnətə döndərib. Gələnlərin ağzından ölkəmizin adı düşmür. Bunu görməmək kor olmaq deməkdir. Ona görə deyirəm ki, camaatı küçələrə salan 5-6 nəfərdir. İstədiklərini edib camaatı narazı salırlar. Onlar da çıxırlar küçələrə. Cavandırlar da, başa düşmürlər, başlayırlar prezident belə gəldi, prezident belə getdi. Bu, düzgün deyil. Mən prezidentdən çox razıyam. Elə cavanından tutmuş qocasına qədər millətin özü də prezidentdən razıdır. Ancaq bu ortalıqda aranı qarışdıranlar ayrı şeydir.

- O dediyiniz cavanlardan bir qrupu meydana çıxıb etiraz etdiklərinə görə indi həbsxanadadırlar. Hətta beynəlxalq təşkilatlar da bəyan edir ki, onları azad etmək lazımdır.

- Açığını deyim ki, mənim o tutulanlara görə ürəyim ağrıyır. Zeynəb də sözünü deyən adamdır. Onda belə çıxır ki, məni də tutub qazamata basmalıdırlar, hə? Buna necə baxırsınız?

- Bəlkə Sizə gücləri çatmır, ona görə eləmirlər?

- Mənə gücləri çata bilməz. Heç vaxt. Mən hamısını yerində oturda bilərəm. Mən bu hörməti Zeynəb Xanlarova olduğum üçün qazanmışam. Məni Zeynəb Xanlarova edən mənim xalqım, millətimdir. Mən çox razıyam ki, mənim dövlətim də, xalqım da məni sevir. Mən də xalqın sözünü deməliyəm də. Ağzımı yumub dayana bilmərəm axı.

- Zeynəb xanım, Azərbaycanda ən uzunömürlü deputatsınız. Amma Sizdən başqa heç kim belə danışmadı, parlamentin iclasında. Əksəriyyət adamların küçələrə çıxmasının səbəbini xarici qüvvələrin sifarişinə bağladı.

- Bəli, mən 30 ildir deputatam. Hərdən deyirlər ki, Zeynəb xanım susur, danışmır. Mən yeri gələndə-xalqımla, millətimlə, torpağımla bağlı məsələ olanda danışıram. Qanun müzakirəsində danışmaq mənə lazım deyil. Onsuzda qanunlar hamısı kağız üzərində qalır. Hansı qanun yerinə yetirilir ki? Mən barmağımı olmayan şeylərə basa bilmərəm (Gülür). Mənim qanunum odur ki, xalqımın qarnını tox olsun. Mənim xalqımın güzəranı gözəl olsun. Budur mənim qanunum.

- Bəs Sizcə, bəzi deputatlar niyə Sizin kimi düşünmür, bu cür danışmırlar?

- Eh, qorxaq adamlardırlar da onlar. Dövrün insanlarıdırlar. Onlar da mənim kimi sənətkar olsaydılar, bəlkə də danışardılar.

- Sizcə, sənətkarlar danışır?

- Ancaq yox ey. Bizdə indi o qədər sənətkar var ki. Biri gör danışır? Danışan yoxdur ki. Danışmaq mənim naturamdadır. Ürəyimdən gəlir. Çünki, göydən düşməmişəm, xalqın içindən çıxan adamam və xalqı görürəm. Görürəm ki, vəziyyət nə yerdədir.

- Zeynəb xanım, nüfuz sahibisiniz, o həbsdəki adamların azad olunmaları ilə bağlı hökumətə, dövlət başçısına müraciət etmək olmazı?

- Tək əldən səs çıxmaz. Gərək mənim kimi mərd adamlar çıxsınlar qabağa ki, bunu edə bilək. Bir qrup ziyalı müraciət hazırlayıb versinlər, mən də adımı lap birinci yazım həmin siyahıya. Mən heç vaxt istəmərəm ki, insanlar həbsdə olsun. «Həbs» sözündən ümumiyyətlə zəhləm gedir. O cavan uşaqların həbsdə olmasına görə də mənim ürəyim ağrıyır. Əsl həbsdə yatmalı o camaatı küçələrə tökənlərdir. Vəssalam. Axı niyə bu camaatı prezidentə qarşı qızışdırırlar. Axı bu prezidentin çörəyini yeyirsiniz siz. Sizi vəzifəyə qoyubdur. Heç olmasa, hərəniz bir az camaata köməklik edin. Camaatın evini yıxmayın. Camaatın əlindən maşınlarını almayın.

- Prezident korrupsiyaya qarşı mübarizə aparılması barədə göstəriş verib. Sizcə necə gedir bu iş?

- Bunlara qarşı idi də, o da. Bundan artıq nə eləsin. Cavan prezidentdir. Biz gərək həmişə onun ətrafında olaq. Əlimizdən gələn qədər ona köməklik edək. Bunlarsa köməklik etmək əvəzində milləti küçələrə tökürlər.

- Parlamentin iclasında o camaatı küçələrə tökənlərin villalarının sizinkindən böyük olduğunu dediniz.

- Onlar o villaları camaatın cibinə girib tikirlər. Mənim isə villamı tikən mənim boğazım, Allahın verdiyi səsdir. Mənim varım dövlətim boğazımdan çıxır. Mən ona görə heç kimin yanında başımı aşağı salmıram, dik danışıram, sözümü də deyirəm, heç nə də edə bilməzlər. Çünki mən heç kimin yanında alçalmamışam.

- Milli Məclisdə darıxmırsınız? Əvvəlki deputatların çoxu indi yoxdur.

(Gülür)...- Nə bilim. Mən öz sənətimlə məşğulam. Milli Məclisə də gəlirəm, dediyim kimi torpağımla, xalqımla bağlı məsələlər olanda danışıram. Qanunlarla işim yoxdur. Qoy, qanunlarla mütəxəssislər məşğul olsunlar. Amma aradabir o qanunu da kənara qoyub bir az da xalqdan danışsınlar. Mən bu millət vəkillərimizdən bunu istəyirəm. Bir kəlmə də belə şeylərdən danışsınlar. Amma danışan yoxdur. Nə deyim mən.

- Bəs indi də danışmırlarsa, nə vaxt danışacaqlar?

(Gülür) - Qəbirdə danışarlar. Allaha cavab verərlər.

- «Eurovision»la başladıq, onunla da yekunlaşdıraq söhbətimizi. Sizcə, necə yekunlaşacaq bu müsabiqə?

- Deyə bilmərəm. Ancaq orada rus «babuşkaları» ki var (Buryanovlu nənələr -Red.), istərdim ki, bizim lənkəranlı nənələr də onlar kimi orada iştirak edəydilər. Amma qalib məsələsinə gəlincə, əlbəttə ki, istərdim Türkiyə təmsilçisi qazansın. Hər halda kim öz sənəti ilə birinci yerə layiqdirsə, onun qazanması daha düzgün olardı...

Azadlıq Radiosu