Bu hallarda əmək pensiyası kəsiləcək

Bu hallarda əmək pensiyası kəsiləcək
Oxunma sayı: 6354

Əmək pensiyasının və əmək pensiyasına əlavələrin ödənilməsinin dayandırılması qaydası məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun qərarı ilə təsdiqlənən “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda əksini tapıb.

Qərara əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavələrin ödənilməsi Qanunun 37.8-ci maddəsi ilə müəyyən edilmiş hallar aşkar edildikdə dayandırılır. Həmin hallar aşağıdakılardır:

- əmək pensiyaçısı vəfat etdikdə;

- əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda;

- bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda).

Qaydaya əsasən, aşağıdakı elektron informasiya sistemlərində və ya ehtiyatlarında həmin hallara dair təsdiqedici sənədlər və ya məlumatlar mövcud olduqda, PAS tərəfindən əmək pensiyasının ödənilməsi avtomatik olaraq dayandırılır:

Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS-də)

- sosial müavinət alan şəxslər barədə məlumat;

- əlilliyi olan şəxslər barədə məlumat;

- əmək müqaviləsi bildirişi üzrə məlumat;

Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində:

- əmək pensiyaçısının ölüm haqqında şəhadətnaməsi;

- əmək pensiyaçısının dul arvadının (ərinin) yeni nikaha daxil olması haqqında şəhadətnamə;

Dövlət İmtahan Mərkəzinin “Şagird-məzun” və “Tələbə-məzun” dövlət elektron məlumat sistemində və Dövlət Qulluqçuları Reyestrində:

- təhsil müəssisələrində əyani təhsil alan şəxslərin təhsil müəssisəsindən xaric edilməsi barədə məlumat;

- dövlət qulluqçularının yenidən dövlət qulluğuna qəbul edilməsi barədə məlumat;

Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemində əmək pensiyaçısının Azərbaycan Respublikasının vətəndaşlığından çıxması barədə məlumat.

Əmək pensiyası ödənişinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda (Qanunun 37.8.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla), şəxs bu Qaydaya 1 nömrəli Əlavə ilə müəyyən edilmiş formada ərizə ilə müraciət edir, həmin ərizə PAS-a daxil edilməklə onun əmək pensiyası hüququna bu Qaydanın tələbləri nəzərə alınmaqla yenidən baxılır.