“Büdcə vergi və gömrüyün hesabına dolmalıdır” - Nazir müavini

budce-vergi-ve-gomruyun-hesabina-dolmalidir
Oxunma sayı: 3945

“Azərbaycanda vergi yoxlamalarının sayı azalıb. Vergilər Nazirliyi qarşıya qoyulan vəzifələri icra edib. Sahibkarlarımız dövlətin siyasətini başa düşürlər və vergi yükü kifayət qədər azaldılıb”.

Qafqazinfo” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. O, bildirib ki, Azərbaycanda əsasən sahibkarlar vergi yüklərini tam yerinə yetirirlər. Amma bəzi intizamsız vergi ödəyiciləri də var: “Onlar da qanunsuz mərc oyunları, alkoqollu içkilərin satışı ilə məşğul olanlardır. Bəzən deyirlər ki, vergi və gömrüyün hesabına büdcə doldurulur. Bəs necə olmalıdır ki? Büdcə vergi və gömrüyün hesabına dolmalıdır da...

Biz bəzi supermarketlərdə yoxlamalar aparmışıq. Vəziyyət ürəkaçan deyil. Bəzi malların qiyməti dəyişməyib. Hər gün biz qiymətlərə nəzarət edirik. Bəzən deyirlər ki, nazir Fazil Məmmədova düzgün məlumat vermirlər. Amma bu belə deyil. Biz hər gün nazirin qabağına sənədlər qoyuruq. 8 -ci kilometr bazarında hər gün yoxlamalar keçirilir və nəticə nazirə təqdim olunur.

Qiymətlər heç bir halda artmır. Bəzi supermarketlərdə on dəfələrlə dövriyyənin gizlədilməsi halları baş verir. Elə tanınmış market var ki, 40 dəfə dövriyyəsini gizlədib. Bu məndən nə güzəşt istəyir? Deyirlər ki, beş ildir belə işləmişik. Beş il bundan əvvəl Azərbaycanda iqtisadi vəziyyət daha fərqli idi. İndi vəziyyət başqadır. Azərbaycanda kifayət qədər vergi güzəştləri tətbiq olunur”.

Nazir müavini bildirib ki, elə supermarketlər var ki, ƏDV-də güzəşt tətbiq edilməsini istəyir, əks halda marketi bağlayıb camaatı çölə tökəcəklərini bildirirlər: "Yəni dövlətə hədə-qorxu gəlirlər".

***

Nazir müavini deyib ki, 2015-ci ildən supermarketlərdən vergi daxilolmalarının sayı artıb. O, supermarketlərə nəzarətin bundan sonra gücləndiriləcəyini qeyd edib: “Əgər hər hansı problem aşkar edilərsə, biz yoxlama keçirəcəyik. Biz əksər sahələri vergidən azad edəcəyiksə, vətəndaşlar necə əməkhaqqı alacaq, ordumuz necə silah-sursat alacaq? Kimsə deməməlidir ki , vergidən azad edək. Azad olmalar heç də büdcəyə müsbət təsir göstərmir. Bu ancaq müəyyən dövrü əhatə edə bilər. Sonra isə güzəştlər dayandırılmalıdır”.

S. Ələkbərov bildirib ki, Azərbaycanda vergi ödəyicilərinin sayı 700 mini keçib. Cari ildə 37 min vergi ödəyicisi qeydə alınıb.

Günel Türksoy