Cavanşir Feyziyev istefa verdi

cavansir-feyziyev-istefa-verdi
Oxunma sayı: 13830

Jurnalistləri təhqir etməsi ilə gündəmə gələn deputat Cavanşir Feyziyev Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edərək Şuranın İdarə Heyəti üzvlüyündən istefa verdiyini bildirib. 

“Qafqazinfo” xəbər verir ki, müraciətdə deyilir:

“Son günlərdə feysbuk səhifəmdə paylaşdığım statusla bağlı yaranan qalmaqala aydınlıq gətirmək üçün aşağıdakıları diqqətinizə çatdırmaq istəyirəm.  

Bütün cəmiyyətlərdə media ölkənin hərtərəfli inkişafında mühüm amil və vasitə kimi hörmətə və sayğıya layiqdir. Bu hörmət və sayğı həm media nümayəndələri, həm də cəmiyyətin digər üzvləri tərəfindən qarşılıqlı şəkildə sərgiləndiyi təqdirdə daha davamlı və güclü olur. Münasibətlər elə qurulmalıdır ki, ziddiyyətlər yaranmasın, əmələ gələ biləcək kiçik anlaşılmazlıqlar isə qısa zamanda həll yolunu tapsın.  

Mən bir neçə gün öncə feysbuk səhifəmdə yazdığım statusla hər hansı ziddiyyət yaratmaq məqsədi güdməmişəm, sadəcə barəmdə gedən mənfi yüklü materialların şəxsimə təsirini əyani şəkildə hiss etdirmək istəmişəm. Razıyam ki, emosional şəraitdə yazdığım statusun mətni kifayət qədər sərt olub və bu barədə də əlavə status yazaraq bunda özümü haqlı hesab etmədiyimi bildirmişəm.

Vəziyyətin belə bir şəkil alması, həmçinin işimin çoxluğu mənim Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyümdən istefa verməyimi zəruri edir və mən sizdən istefamın qəbul olunmasını xahiş edirəm. 

Azərbaycan Mətbuat Şurasına  ölkədə medianın inkişafı naminə fəaliyyətində  böyük uğurlar arzulayıram”. 

Xatırladaq ki, bundan öncə Ə.Amaşov açıqlama yayaraq bildirmişdi ki, bu gün səhər Cavanşir Feyziyevlə əlaqə saxlayıb: “Baş verənlər və onun Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyünüdən istefası məsələsini müzakirə etdik. Hazırda Cavanşir müəllim ölkədə yoxdur. Bir neçə günə gələcək. Onun özünün də iştirakı ilə İdarə Heyətinin iclasında məsələni bir daha müzakirə edəcəyik”.

Həmçinin oxuyun: Ən təhlükəli İtalyan mafiyaları haqqında bilinməyən faktlar