Dövlət məscid tikir ki, sən sökəsən? - Şərurlu İsfəndiyarın savadsızlığı

dovlet-mescid-tikir-ki-sen-sokesen
Oxunma sayı: 14798

Tarix boyu kasıblığın dibindən zənginliyin zirvəsinə yüksələn kifayət qədər şəxslərin adını eşitmişik, görmüşük, onlar barədə oxumuşuq. Bunlar arasında 3-4 nəsil zənginlik yaşayan ailələr də var.

Təbii ki, istisnalar olmaqla bir-bir onların adlarını sadalamaq, həmin şəxslər, ailələr barədə məlumat vermək fikrim yoxdur. Bununla bağlı açıq internet mənbələrində kifayət qədər məlumatlar var.

Amma bu şəxslərin heç biri yerində saymayıb, özünü inkişaf etdirib, təhsilini artırıb, əlavə dil öyrənib və s. Məsələn, Türkiyənin ən zəngin ailələrindən olan Sabancı ailəsinin üzvü Özdemir Sabancı milyardların içində “üzərkən” İsveçrədə oxuyub ixtisas sahibi olmuşdu.

Bu gün onun adına Türkiyədə təhsil ocaqları, gənclərin istifadə edə biləcəyi komplekslər var. Amma bu gün bizim Şərurlu İsfəndiyarın biznes üçün tikdiyi kompleksdən bir gənc istifadə edə bilməsi üçün, ömrünün 25 ilini daxili kredit şərtləri ilə xərcləməlidir... 

Bu 25 ildə də “Şərur MTK”da üzləşdiyi problemlərən cana gəlməli, çarə olaraq mətbuata üz tutmalıdır və s.

Qısası, dünyanın məşhur nəşrlərinin, “Forbes”in “Bloomberg”in üz qapağını İlon Mask,  Ceff Bozef zəbt etdiyi kimi, bizim də başa çatmaqda olan kasıb həftəmizin gündəm olan adamı Şərurlu İsfəndiyardır.

Ötən günlərdə alimlərin başına çobanlıq etməsi ilə öyünüb, sonda zəngin qəhqəhəsi çəkən İsfəndiyar bəy, bu gün deyib ki, imkanım olsaydı, məscidləri söküb yerində məktəb tikərdim.

Guya iş adamı öz aləmində məsələyə Mirzə Ələkbər Sabir satirası ilə yanaşıb. 

Amma əslində, elə deyil. Adamın elmi savadı bir kənara, siyasi savadı lap tikdiyi binaların təməlindən də aşağı imiş. Siyasi savadı olan adam başa düşməlidir ki, Azərbaycan dövləti xüsusən də ötən 5 il ərzində işğaldan azad olunmuş ərazilərimizdə erməni vandallığına məruz qalan neçə-neçə məscidimizi bərpa edib, yenilərinin minarəsini ucaldıb.

Adama deyərlər ki, dövlət məscid tikir ki, sən onu sökəsən?

İkincisi, adama deyərlər, məktəb tikmək üçün mütləq şəkildə məscid sökmək lazımdırmı? Nəyə lazımdır axı bu pafos? İndiyədək hansı məktəbi tikmisən ki, yenisinə də yer axtarırsan?

Tamam, tutaq ki, adam haqlıdır, Bakıda tikdiyin binaların əlindən boş yer qalmayıb. Bəs, Qarabağ? Məktəb, təhsil ocağı tikmək üçün kifayət qədər viran edilən, düzənlik yerlər var. Lap Qarabağ olmasın, Şabranın Qazbabalı kəndi -  həm Bakıdan, həm də təhsildən 130 km uzaqdadır. Bakıdan o kəndə ictimai əsaslarla dərs deməyə gedən Coşqun müəllim, kəndin uşaqlarına, hətta valideynlərinə bir evdə, bir otaqda dərs keçir. Sırf məktəb olmadığı üçün... 

Həə, işinizə gəlməyəndə deyə bilərsiniz ki, əşşi, mənə nə qalıb? Bu, dövlətin, nazirliyin problemidir. Bu düşüncədəsinizsə, o zaman susun! Darvin deyirdi ki, elm dinin düşməni deyil, amma cahillik hər ikisinin düşməni idi.

Bu gün sadə bir azərbaycanlının 4-5 aylıq maaşını siz efirdə cibxərcliyi kimi göstərə, “Lacoste” köynəyi geyinə bilərsiniz. Bunu əsla unutmayın ki, geyindiyiniz o “Lacoste” köynəyini sizdən sonra istifadə edən olmayacaq. Amma bu gün minarələri ucalan məscidlər, tikilən məktəblər və o təhsil ocaqlarından çıxan uşaqlar Azərbaycanın sərvəti olacaq...

Emin Səfərov