“Elə bir çıxılmaz məqam olur ki...”

ele-bir-cixilmaz-meqam-olur-ki
Oxunma sayı: 4721

“Televiziya sahəsində Oqtaydan çox şey öyrənmişəm. Əgər bu gün işlər yaxşı gedirsə, o deməkdir ki, Oqtay yaxşı müəllim olub. Mən də yaxşı tələbə olmuşam, bu gün də öyənirəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva “Xəzər axşamı” verilişində mərhum həyat yoldaşı, tanınmış prodüser Oqtay Əliyev haqda danışarkən deyib. 

Aktrisa onun gücünü özündə hiss etdiyini qeyd edib: “İnsan hətta işini bilməyəndən də nəsə öyrənir, başa düşür ki, nəyi etmək olmaz. Oqtay gücünü də mənə verib gedib. Onda “bu alınmır”, “olmaz”, “bilmirəm nə edim” kimi kəlmələr yox idi. Elə bir çıxılmaz məqam olur ki, onun gücü mənə gəlir və fikirləşirəm ki, Oqtay olsaydı, vəziyyətdən belə çıxacaqdı”. 

D. Əliyeva əlavə edib ki, O. Əliyevin ən güclü xarakteri insanlara dəstək olmaq idi: “O zənglər ki Oqtaya gələrdi, kömək istəyərdilər, indi də davam edir, ünvan dəyişməyib. Mən də heç kimə yox deyə bilmirəm, hamıya qulaq asıram, bacaranda kömək edirəm, bacarmayanda isə ürəyim yanır ki, yardım edə bilmədim”.

Qeyd edək ki, O. Əliyev ötən il martın 22-də avtomobil qəzasında dünyasını dəyişib. Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də həmin qəzada avtomobildə olublar. D.Əliyeva xəsarət almayıb, M.Zəki isə müalicədən sonra evə buraxılıb.