“Erməni məni azərbaycanca söydü...” - Qarabağlı sənətçilərdən sorğu

ermeni-meni-azerbaycanca-soydu-
Oxunma sayı: 10267

Əslən Qarabağdan olan Azərbaycanın incənət nümayəndləri cəbhədə yaşanan gərginliyə münasibət bildiriblər.

Xalq artisti Firəngiz Mütəllimova “Qafqazinfo”ya açıqlamasında prosesləri həyəcan içində izlədiyini söyləyib:

“Ayın 31-i (Soyqrım günü) və aprelin 2-i (Kəlbəcərin işğalı) “Qarabağnamə” tamaşını oynadıq. Həmin gün eşitdim ki, cəbhədə vəziyyət gərgindir. Bu tamaşanı çoxdandır oynayıram, ağlayan səhnəni elə ürəkdən ifa etdim ki, hər kəsin tükləri biz-biz oldu. Çox həyəcan içindəyəm, baxmayaraq ki, övladlarım yoxdur. Özüm Şuşada doğulmuşam.

Bütün baba və nənələrimin qəbirləri orada qalıb. Həyəcan içində qərarı gözləyirəm. Hər dəfə də atəşkəsi qarşı tərəf pozur. Hətta, instaqramda paylaşımlarıma ermənilərdə müdaxilə edir. Bir erməni qadın mənə Azərbaycan dilində söyüş yazmışdı. Mən də ona cavab yazmadım, gülməyim tutdu. Erməniyə bax, ana dilimdə mənə söyüş yazır”.

Zöhrə Abdullayeva neçə gündür ki, ağladığını qeyd edib:

“Əsgərlərimizlə qürur duyuram. Bu dəqiqə özüm müharibəyə gedərəm. Güllə ata bilməsəm də, əsgərlərimizə yemək bişirərəm. Vallah gedərəm. Şəhidlərimizə, boylu-buxunlu, yaraşıqlı balalarımıza neçə gündür ki, ağlayıram. Başa düşürəm ki, qurbansız torpaq alınmayacaq. Qurbanlarımız olacaq, Allah bizə səbir versin. Elə bilirəm ki, öz balalarımı itirmişəm”.

 

Müğənni Səyyad Əlizadə cəbhəyə getməyə hazır olduğunu bildirib:

“Torpaq düşmən tapdağı altındadır, azad olunmalıdır. Ölkə rəhbəri məsələni sülh yolu ilə həll etmək istəyirdi. Görünür ki, belə alınmır. Azərbaycanda 7-dən 77-ə olan hər kişi bir əsgərdir. Sabah lazım olarsa, mən də bu yolda hamı kimi torpağı azad etməyə hazıram. Əlbəttə, cəbhəyə getməyə hazıram”.

Müğənni Xuraman Şuşalı “Qafqazinfo”ya açıqlamasında deyib ki, cavan oğlanlar, ailə qurmayanların şəhid olmasını istəmir:

“Cəbhədəki gərginlikdən xəbərim var. Bizə təsir edən o idi ki, şəhid veririk, ancaq torpağı geri almırıq. Bu gün isə qürur duyuram, bir neçə məntəqələr geri alınıb. Şəhidlik ən böyük zirvədi, amma analar oğulsuz qalmasın. Cavan oğlanlar, ailə qurmayanlar şəhid olmasın.

Allah mənə, balalarıma, həyat yoldaşıma şəhidlik nəsib etsin. Vuruşmağı bacarmıram, amma cəbhəyə getmək istəyirəm. Mənim atasız böyüməyimin, uşaqlıq illərimin yox olmasının səbəbkarı ermənilərdir. Qisas qanımdadır. Görün, biz neçə ildir ki, biz susuruq, dözürük”.