Eyvaz Əlləzoğlunun əliçıraqlı balaları... - Reportaj

eyvaz-ellezoglunun-eliciraqli-balalari-reportaj-
Oxunma sayı: 2455



Mən lap çoxdan onların ailəsinə getmək istəyirdim. Açığı onlara ailə demək olarsa... Çünki ailə deyəndə ilk ağla gələn onun başçıları, yəni ata və ana olur. Bu ailənin isə nə atası var, nə də anası. Söhbət yazıçı Eyvaz Əlləzoğlunun ailəsindən gedir. Onun vaxtsız ölümü və həyat yoldaşı Ceyran xanımın bu itkiyə dözməyərək intihar etməsi. Bəlkə də elə ən çətin məqam bu idi... Haradan başlayacağımı bilmirdim. Onlarla həmsöhbət olmaq çox çətin idi. Əslində mən onlara qonaq idim. Bir otaqlı evdə, üç başsız övladla həmsöhbət olmaq necə olar bilər?

“5-10 manat qazanırdıq, həm kirayəmizi ödəyirdik, həm də qardaşımın təhsil haqqını”

İstəyirdik bir az keçmişə qayıdaq. Sözün düzü, keçmişin onlar üçün nədən ibarət olduğunu düşünmək belə ağır idi. Valideynləri ilə bərabər yaşadıqları həyat, yoxsa, onlarsız yaşadıqları. Nəhayət, Eyvaz Əlləzoğlunun kiçik övladı, atası kimi yazıçı Ayxan Eyvaz fasiləni pozaraq söhbətə başlayır: “Hazırda yaşadığımız evi dövlət atama 1993-cü ildə gənc mütəxəssis kimi sığınacaq üçün verib. Sonra isə biz Razinə (Bakıxanova) köçdük, orda kirayə qalırdıq. Çünki bu ev balaca idi, biz isə böyüdüyümüz üçün və 5 nəfərlik ailə üçün sıxıntı yaradırdı. Ailəmizdə faciə baş verəndən sonra isə yenidən bacı və qardaşımı da götürüb həmin bu birotaqlı yataqxanaya qayıtmalı oldum” .
Uşaqlar atalarının daima əziyyət çəkdiklərini hər sözlərində qeyd edirlər. Atamız özəl tərcümə mərkəzində işləyirdi, onunla 3 ay bərabər işlədiyini deyən Ayxan bunun çox əzablı bir iş olduğunu bildirir: “Sənədlər gəlirdi, biz də tərcümə edirdik, səyyar bir iş idi. Hər gün 5-10 manat qazanırdıq, bəzən çox olurdu. Beləliklə, həm kirayəmizi ödəyirdik, həm də qardaşımın təhsil haqqını” .

340 manatlıq həyat

Yeri gəlmişkən, mərhum yazıçı müsahibələrinin birində ən böyük arzularından birinin uşaqlarının təhsil alması ilə bağlı olduğunu deyərmiş. Hər iki oğlunun hazırda ali məktəbdə oxuduğunu nəzərə alsaq Eyvazın arzusuna çatdığını demək olar. Lakin, bu gün Eyvaz Əlləzoğlunun böyük oğlu Oğuz təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq saxlayıb. Oğuz Xəzər Universitetində Jurnalistika ixtisası üzrə təhsil alırmış, ödənişi ödəyə bilmədiyindən universitetdən xaric olunub. Valideynlərini itirdiyindən təhsil haqqının yarısından 3000 manatın 1500 manatından güzəşt olunsa da, hətta bu məbləği də ödəyə bilməyiblər. Valideynlərindən məhrum olan 22 yaşlı Oğuz 3 il təhsil aldığını universitetdən də elə imkansızıq üzündən məhrum olur. O, oxuya bilmədiyi üçün sadəcə təəssüflənir.
1500 manatı ödəyə bilməyən ailənin aylıq məvacibi ilə maraqlandıq. Məlum oldu ki, Dövlət Sosial Müdafiə Fondu uşaqlara 140 AZN, AYB “Gənc yazar” kimi Ayxan Ayvaza bir illik 200 AZN prezident təqaüdü verir. AYB-nin mükafatının 1 illik olduğunu və gələn ay başa çatacağını nəzərə alsaq ailənin gəlirinin yenidən 140 manata düşəcək.
Ayxan əvvəllər “Mərkəz”, “Ekspress” və kulis.az-da işlədiyini, hazırda işsiz olduğunu deyir. Hər iki qardaş əli çıraqlı iş axtardıqlarını bildirirlər. Ayxan yenə söhbətə qoşularaq onlara kömək edən hər kəsə bizim vasitəmizlə təşəkkür etmək istədiyini deyir: “Bakı Slavyan Universiteti, özəlliklə də Kamal Abdulla mənə çox dəstək oldu, təhsil haqqından azad etməsəydi, qardaşımın taleyi məni də gözləyirdi. Təbii ki, özümüz özümüzə kömək edirik. Atam həmişə deyirdi ki, çətinliyi sevən adamam. Bu arada AYB rəhbərliyinə də çox təşəkkür edirəm”.

Qorxurduq ki, bacımız da anamız kimi intihar edər

Onların hər sözündə, gözlərində o acını görmək, hiss etmək, o qədər də çətin deyil. Bir həftədə hər iki valideynini itirməyə kim tab gətirə bilər? Atan vaxtsız və qəfil gedə, üstündən heç bir neçə gün keçməmiş ananı gözünlə asılmış vəziyyətdə görəsən... Onlar özlərini dağılmış ailə adlandırırlar. Ona görə də onları fərqli həyat gözlədiklərini də bilirlər. Amma özlərini deyil, bu iki qardaş təkcə bacılarını düşünür: “Biz daha çox bacımızın xoşbəxt olmasını, onun darıxmamasını istəyirik. O, boşluğa, depressiyaya düşməsin. O, xoşbəxt olsun. Çünki bacımın çevrəsi də yoxdur ki, fikrini saxlasın. Bu səbəbdən də o tək qalır. Biz qorxurduq ki, bacımız depressiyaya düşər, birdən o da intihar edər” .

Oğuz üçün ən çətin söz intihar kəlməsidir. O, intihar edən anasını gözləri ilə görüb: “Səhər çağı idi. Atamın ölümünün 7-ci gününə hazırlaşırdıq. Bir də gördüm ki, evdə hay-küy qopdu. Bibilərim qışqırır, balkona tərəf qaçırlar. Başımı çevirəndə anamı asılmış vəziyyətdə gördüm... Sonra anamı ipdən açıb yerə uzatdım. Gözləmirdik, bir anlıq həyatımız dəyişdi. Bizim üçün çox acılı bir vəziyyət idi, bacım özünü çox itirdi, biz ağlayaraq ürəyimizi boşaltdıq, amma Ayxan ağlamadı” . Oğuz həmin hadisədən sonra 1 həftə yata bilmədiyini, gecələr dəfələrlə balkona yaxınlaşıb intihar etmək istədiyini deyir. Sonra da şeytanı günahlandırıb bu işdən vaz keçir: “Şeytan belə şeyləri sevdiyindən və orqanizm də zəif olanda bu baş verir. Mənim anam 6 gün depressiyada oldu və özünü asdı. O, asılan zaman xilas olunmaq istəyirdi, bəlkə də yemək yesəydi, halsız olmasaydı gücünü toplayıb özünü xilas edə bilərdi. Amma səsinə heç kəs gəlmədi”.

“Anamız ilk dəfə cəsarətsizlik elədi, həyatda mübarizə aparmaqdan, yaşamaqdan qorxdu”

İndi ikinci bir həyatı yaşayırlar. Mənim kimi bir çox həmyaşıdlarım həyatlarının ikinci mərhələsinin universitetə qəbul olandan sonra başladığını düşünürlər. Amma onlar həyatlarının ikinci dövrünü o gündən hesablayırlar. Ölüm dalğasının başladığı gündən. Birincini çox rahat yaşadıqlarını, məsuliyyətlərinin daha az olduğunu söyləyirlər: “Ümidimiz, arzumuz var idi. Ata, anamıza arxalanırdıq. Amma onlar öləndən sonra ikinci dövr başladı və aradan 1 il keçib, biz isə həyatla mübarizə aparırıq. Çətinliklə də olsa dolanırıq, vəziyyətimiz stabildir, şükür Allaha deyirik. Onlarsız çox çətindir, neynəsək də onlar qayıdan deyil. Bizim ən çox təəssüfləndiyimiz atamızın ölümüdür, bütün ölümlər onunla gəldi. Anamız, dayımız getdi...

Uşaqlar analarının əslində çox güclü biri olduğunu deyirlər: “Həyatında, bəlkə, ilk dəfə cəsarətsizlik elədi, həyatda mübarizə aparmaqdan, yaşamaqdan qorxdu”.

Qarda qovuşdular, qarda da ayrıldılar

Onların valideynlərinin sevgi tarixi də maraqlıdı. Uşaqların sözlərinə görə, onlar sevərək evlənməyiblər. 32 yaşlı Eyvaz nişanlı olduğu halda birdən nişanı qaytarırlar və bu zaman uzaq qohumu olan Ceyranı alırlar. Əslində Ceyran Rusiyadan elə Eyvazın toyuna görə gəlibmiş. Sevgisiz qurulan ailə böyük bir sevginin faciəsinə çevrilir... Hətta onların toy günü Gürcüstanda güclü qar yağır. O qar onlar ayrılanda, yəni dünyalarını dəyişən də yağıb. Ayxan deyir ki, anam atama 17 il dözdü və hətta onu o qədər sevdi ki, atamsız yaşamağı belə istəmədi. Düşündü ki, həyat ona atamsız daha maraqsız gələr. Atam istiqanlı adam deyildi, hər adamınkı onunla tutmurdu, tez-tez hirslənirdi” .

Anam ən çox atama görə, pis olurdu...

Bizi diqqətlə dinləyən, arada söhbətə müdaxilə edən ailənin qızı, Oğuz və Ayxanın isə hazırda həm anası, həm də bacısı olan Gülbəs hər dəfə valideynlərindən danışarkən kövrəlib, göz yaşlarını saxlaya bilmirdi. Bu acını sözlə ifadə edə bilmədiyini etiraf edir: “O anları yenidən yaşayıram... Bizim hər birimizi sonuncu gün 3 bibimə tapşırdı. Ən çox atama görə, pis olurdu ki, səsini eşitmirəm. Valideynlərimi itirəndən sonra iki ay Rusiyaya qohumların yanına getdim, sonra Gürcüstandakı kəndimizdə qaldım ki, buralardan uzaq olum. Qardaşlarıma görə, geri qayıtdım. Atam da rəssam olmağımı istəyirdi, gələn il hazırlaşıb rəssamlığımı davam etmək istəyirəm. Çox sıxılıram, darıxıram evdə. Hər anda yanımda olmalarını istəyirəm, qismət deyilmiş...”

Atası yazmasına qarşı olsa da, Ayxan hələ də yazır. O, “Mən necə Polad Alemdar oldum?” kitabının və bir sıra tərcümələrin müəllifidir. Fransua Mariakın “Quzu” romanını da tərcümə edən Ayxan pula görə yazmadığını bildirir: “İçimdə sıxıntı olub yazmışam. Mənim üçün yazmaq hobbi kimi bir şeydir. Mən özümü yazıçı kimi də görmürəm. Atasının yaradıcılığına gəlincə isə o bunları danışdı: “Atam nə müsahibə verməyi, nə də yazıçılıqdan danışmağı sevirdi. İş vaxtı da biz sənədləri tərcümə edirdik, o qıraqda oturub roman yazırdı. Bu 1 otaqlı evdə belə, o balkonda yer ayırmışdı, yazırdı. Ömrü boyu atam düz adam oldu, heç vaxt kimdənsə yardım istəmədi, yazıçılığını gözə soxmadı.

O atasının nədən mətbuatdan kənar olduğuna da aydınlıq gətirdi: “Atam son zamanlar 3-4 roman yazmışdı. Mən oxuyurdum və istəyirdim ki, bu əsərlər tanınsın, çünki yeni stildə yazılmış əsər idi. Atam heç vaxt çap olunmağın tərəfdarı deyildi və müsabiqələrə heç inanmırdı. Bu səbəbdən mən atamın “Odunçu geri qayıdır” romanını Milli Kitab Mükafatına göndərdim, sonra 20 liyə düşəndə atama xəbər verdim. O da dedi ki, 20-lik nədir? Siyahıdan heç xəbəri yox idi, sonra onluğa düşdü və mükafat da qazandı. Belə şeyləri xoşlayan deyildi, istəyirdi ki, sakit həyat yaşasın. O çoxluğu sevən deyildi, ikiliyi sevən adam idi”.

“Bakı darıxdırıcı şəhərdir və bizə heç nə vermədi...”

Bu balaca evin ziyarətçilərinin nə qədər olduğu ilə maraqlandıq. Onlar evlərinin qonaq-qaralı olmadığını deyirlər. Hətta Oğuz və Gülbəs Gürcüstana gedəndə, 3 ay Bakıda tək qalan Ayxan heç kəsin onunla maraqlanmadığını deyir: “Heç kim, qonşular belə 1 dəfə soruşub varlığımı yoxlamadılar. Mən də evə gəlmirdim, saat 4-ə qədər şəhəri gəzib gəlib yatırdım. Qohumlarımızın çoxu Gürcüstan və Rusiyada yaşadığı üçün burda daha çox uzaq qohumlarımız qalır” .

Gələcəklə bağlı planlarını soruşanda isə birinci evin böyük oğlu Oğuz cavab verdi: “Özüm çox işlərdə işləmişəm. Hazırda işsizəm. Ofisiant, fəhlə, hər işdə işləmişəm. Bunlar bir iş deyil, insan gərək peşəsi ilə məşğul olsun. Mətbuatda da futbolla bağlı məqalələr yazırdım, indi də arada esse, şeir cızmaqara edirəm. Əslində mən çox tənha insanam, həyatda həmişə səhv addımlar atmışam. Buna görə də, bəzən cəmiyyətdən qaçmaq istəmişəm, tənhalığa qapılmışam, bu da işimə yaramayıb. Ədəbiyyata son illər maraq göstərmişəm. Həmişə deyirəm ki, mən ədəbiyyatda obrazam, Ayxan da bu obrazı görür, yazır. Biz Ayxanla tənhalığa öyrəşmişik, amma bacım tənhalığı sevmir. Ona görə də, bundan sonra bacımız üçün yaşayacağıq...”
Ayrılanda uşaqlar Bakıdan küsdüklərini və Bakının onlara heç nə vermədiyini deyirlər: “Doğurdan da insan bu şəhərdə sıxılır, Bakı darıxdırıcı şəhərdir və bizə heç nə vermədi...”

Günel Əbilova